Ukraynanın bu günü Dünya

Ukraynanın bu günü

Sabahı necə olacaq hələ bilinmir

Cavid

Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, fevralın 18-dən bu günə qədər Kiyevdə baş verən toqquşmalar zamanı xəsarət alanların sayı 645 nəfərə çatıb. Ötən gün isə sutka ərzində aksiyalar zamanı xəsarət alan 42 nəfər xəstəxanaya müraciət edib. Onlardan 33 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxana qalıblar.
Nazirliyin açıqlamasında toqquşmalar zamanı həlak olanların sayının 82 nəfərə çatdığı bildirilir.
Yanukoviç hakimiyyətdən getsə də, prezident və parlament seçkilərinə hazırlıq görülsə də Ukraynada vəziyyət hələ ürəkaçan deyil.
Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı səfir Mixail Zurabovu bu ölkədə vəziyyətin gərginləşməsi ilə əlaqədar Moskvaya məsləHətləşmələrə çağırıb.
Nazirliyin yaydığı məlumatda qeyd olunur: "Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq və mürəkkəb situasiyanın hərtərəfli təhlili üçün Rusiya Federasiyasının Ukraynadakı səfiri M.Y.Zurabovun Moskvaya məsləhətləşmələrə çağırılması barədə qərar qəbul olunub".
NATO-nun baş katibi Anders Foq Rasmussen də Ukraynada baş verənlərə münasibətini bildirib. Rasmussen yazılı açıqlamasında bu ölkədə baş verənləri yaxından izlədiyini bildirib: "Beləcə tərəflər sülh, dialoq və vaxtından əvvəl seçki yoluyla demokratiya, stabillik və rifah yolu barədə düşünməyə başlaya bilərlər. Ukrayna xalqı öz müqəddəratını azadlıq və demokratiya çərçivəsində müəyyənləşdirməlidir".
Ukraynanın NATO-nun yaxın əməkdaşı, NATO-nun da Ukrayna xalqının dostu olduğunu vurğulayan Rasmussen bu ölkə ilə əməkdaşlığa davam etmək istədiklərini deyib.
Avropa Birliyinə üzv olan 7 ölkə isə yaxın günlərdə Ukrayanadakı mövcud vəziyyəti müzakirə edəcək. Toplantıda Vışeqrad kvarteti - Macarıstan, Çexiya, Polşa və Slovakiya, habelə Yunanıstan, Bolqarıstan və Rumıniyanın xarici işlər nazirləri iştirak edəcəklər.
Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov isə dövlət telekanalı ilə xalqa etdiyi müraciətdə, hakimiyyətdə olacağı müddətdəki əsas prioritetlərini açıqlayıb. Turçinov əsas səylərini iqtisadiyyatın xilas edilməsinə və ölkənin Avrointeqrasiya yoluna qaytarılmasına yönəldəcək. Ukraynanın parlament spikeri və əsas müxalifət fiqurlarından olan Turçinov parlamentin xüsusi sessiyasında keçmiş səsvermə ilə ölkənin müvəqqəti prezidenti seçilib. Seçkilərin may ayında keçiriləcəyi elan edilib.
O, ümid etdiyini bildirib ki, məhz Ukraynanın Avropa seçimi bu il mayın 25-də keçiriləcək prezident seçkilərində dəstəklənəcək: "Seçkilər azad, ədalətli və ən yüksək Avropa standartlarına uyğun keçiriləcək".
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays bildirib ki, Amerika Ukraynanın bölünməsində maraqlı deyil: "Ukraynanı bölünmüş görmək heç kimin maraqlarında deyil".
Onun sözlərinə görə, Rusiya həmçinin Ukraynanın hakimiyyət və müxalifət arasındakı sazişin həyata keçirilməsində maraqlı olmalıdır.
Avropa Birliyi (AB) isə defoltdan qaçmaq üçün Ukraynanın yeni hökumətinə 20 milyard avro ayırmağa hazır olduğunu bildirib.
Verilən məlumata görə, bunu Avroparlamentin xarici işlər komitəsini sədri Elmar Brok Ukraynanın "1+1" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, vəsait islahatların həyata keçirilməsinə yönəldilməlidir. AB rəsmisi təşkilatın yeni hökuməti dəstəklədiyini söyləyib və insanları defoltdan qorxmamağa çağırıb: "Bu, Ukraynanın assosiativ üzvlük sənədini imzalaması üçün daha məqbul iqtisadi şərtlərin yaradılmasını təmin edəcək".
Odessada da gərginlik hökm sürməkdədir. 2 minə qədər avrointeqrasiya əleyhdarları "Sobornıy" meydanına toplaşaraq əllərində Rusiyanın və SSRİ-nin bayraqlarını tutublar. unian.net xəbər verir ki, həmin vaxt bir kilometr uzaqlıqda avrointeqrasiya tərəfdarları mitinq keçiriblər.
Avrointeqrasiya əlayhdarları "Odessaya eşq olsun!", "Yeni Rusiya" kimi şüarlar səsləndirilib və Böyük Vətən Müharibəsinə həsr olunmuş marşlar oxunub.
Yürüş iştirakçıları "Şöhrət" Xiyabanında naməlum əsgər abidəsi önünə əklillər düzdükdən sonra mitinqə başlayıblar. "Gənclərin Birliyi" təşkillatının lideri Anton Davidenko hər kəsi birləşməyə və Avromaydana qarşı çıxmağa səsləyib. Davidenko deyib ki, gələcək planları müəyyənləşdirmək üçün hər axşam Kulikovo çölündə yığışmaq qərarı verilib.
Mitinqdə "Vətən" Partiyasından şəhər sovetinin deputatı Aleksanr Vasilyev də çıxış edib. O, partiyasının lideri İqor Markovun "millətçini döydüyünə görə" həbs edilməsini pisləyib və dərhal azadlığa buraxılması tələbi ilə çıxış edib.
Qeyd edək ki, Kerç şəhərində də vəziyyət gərginləşib. Belə ki, yürüş iştirakçıları meriyaya hücum edərək, Ukrayna bayrağını cırıb, Rusiya bayrağını asıblar.
Ukraynanın Regionlar Partiyası adından yayılan rəsmi bəyanatda isə bildirilib ki, qarşıdurmalarda həlak olan insanların günahı Viktor Yanukoviçin və onun yaxın ətrafının üzərindədir: "Ukrayna satılıb və insanlar qarşıdurmaya sövq edilib. Bütün bunların günahkarı isə Yanukoviç və onun yaxın ətrafıdır. Biz Yanukoviçin qaçmasını və iradəsizliyini, xəyanətini, əsgər və zabitlərə atəş açmaq əmrlərini qınayır, onu ittiham edirik".
Bəyanatda o da bildirilib ki, qanunsuz mühakimələr, insanları qorxutmaq, hədələmək kimi hadisələr demokratik cəmiyyətə zərbə vura bilər.
Maraqlıdır ki, Maydan hadisələrində yaxından iştirak edən müxalifətçi deputatlar Ukraynada formalaşacaq yeni hakimiyyətə qarşı müxalifət ola biləcəklərini bildirməkdə davam edirlər. unian.net xəbər verir ki, Ukrayna parlamentinin deputatı Yuriy Stsets bununla bağlı facebook səhifəsindəki statusunda yazıb: "Əgər Ali Radanın kuluarlarında vəzifələr uğrunda yenidən gizli sövdələşmələr və danışıqlar aparılacaqsa, mən müxalifətə keçəcəyəm və istənilən şəxsə qarşı aktiv ictimai hücumlar təşkil edəcək, bütün təsir imkanlarından istifadə edəcəyəm".
Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali komissarı Ketrin Eşton isə Ukraynada hər kəsi konstruktiv dialoqda iştirak etməyə, məsuliyyət nümayiş etdirməyə və qanunlara riayət etməyə çağırıb. Eşton bu barədə Böyük Britaniyada səfərdə olarkən jurnalistlərə müsahibəsində danışıb: "Avropa Birliyi Ukraynada siyasi vəziyyətin necə sürətlə dəyişdiyini hər dəqiqə izləyir. Mən bütün tərəfləri Ukrayna xalqının qanuni demokratik maraqlarını təmin etmək üçün konstruktiv dialoqda iştirak etməyə çağırıram. Avropa Birliyi inanır ki, Ukraynada hər kəs öz vahidliyini, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün məsuliyyət nümayiş etdirəcək. Ukraynada hər kəsi qanunun və Konstitusiyanın aliliyinə riayət etməyə çağırıram".
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də fevralın 23-də Ukrayna paytaxtına gəlib. Kiyevdə Maydanda çıxış edən Saakaşvili etirazçılara bir daha dəstək verib. Onun sözlərinə görə, ukraynalılar tarix yazıblar, dünyanı dəyişiblər, bütün dünyaya dərs veriblər: "Avropanın ürəyi nə Brüsseldə, nə də Berlindədir, Avropanın ürəyi Kiyevdə döyünür. Taleyi Ukraynda həll olunur".
Saakaşvilli əlavə edib ki, bu Maydan dünyanı heyrətləndirib: "İndi bir daha heyrətləndirmək lazımdır. Bizi bir daha heyrətləndirin, uğurlu və azad Ukrayna qurun. Həm də həmişəlik!"
Onu da qeyd edək ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin rəhbəri olduğu Regionlar Partiyası müxalifətə keçdiyi barədə bəyanat verib.
Ukrayna mediasının verdiyi məlumata görə, bunu Regionlar Partiyasının parlament fraksiyasının rəhbəri Aleksandr Yefremov deyib.
A.Yefremov deyib ki, hazırda V.Yanukoviçin rəqiblərinin parlamentdə çoxluq təşkil edərək, hökuməti formalaşdırmaq imkanı daha çoxdur. Bu baxımdan da Regionlar Partiyası müxalifətdə təmsil olunacaq.