İranda bir gündə koronavirusdan 229 nəfər ölüb Dünya

İranda bir gündə koronavirusdan 229 nəfər ölüb

İranda koronavirusa yoluxaranların və ölənlərin sayında yenə də artım müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında verib. O, bildirib ki, son sutka ərzində 2 min 625 nəfər virusa yoluxub, 229 nəfər isə həyatını itirib. Bununla da İranda yoluxanların ümumi sayı 278 min 827 nəfər, ölənlərin sayı isə 14 min 634-ə çatıb. Eyni zamanda 242 min 351 nəfər xüsusi xəstəxanalarda müalicə alaraq sağalıb və evə buraxılıb. Müxtəlif xəstəxanalarda müalicəsini davam etdirən 3 min 589 nəfərin vəziyyəti isə ağır olaraq qalır.

İranda koronavirus daha da geniş yayılmasının qarşısını almaq məqsədilə tibbi maskadan istifadə məcburi xarakter alıb. Əhalini təmin etmək üçün İranda tibbi maska istehsalı gündəlik 11 milyona çatdırılıb.

Mətbuat katibinin sözlərinə görə regionlarda da vəziyyət dəyişməyib. Belə ki, Şərqi və Qərbi Azərbaycan, Rezavi Xorasan, Əlborz, Elam, Xuzistan, Mazandaran, Fars, Zəncan, Kirman, Gülüstan və Lorestan vilayətlərində vəziyyət ağırdır. Bu vilayətlər qırmızı zonadan hələ də çıxmayıblar.