Obama Ukraynaya hərbi yardımı artırır Dünya

Obama Ukraynaya hərbi yardımı artırır

Rusiyanın Baltikyanı ölkələrinə təhlükəsi mövcuddur

Cavid

ABŞ "Humvee" markalı hərbi maşınlar da daxil olmaqla Ukraynaya qeyri-döyüş xarakterli hərbi yardımını artırmaq qərarına gəlib. Vaşinqtondan verilən xəbərlərdə deyilir ki, ABŞ bu mərhələdə Ukraynaya döyüş xarakterli hərbi ləvazimat və silah verməyəcək.
Ölkənin şərqində Rusiyaya meylli separatçılara qarşı mübarizə aparan Ukraynaya Birləşmiş Ştatların hərbi köməyinin artırılacağı barədə məlumatı Kiyevə səfəri zamanı vise-prezident Con Bayden elan etməli idi.
Adının çəkilməsini istəməyən rəsmilərdən biri "Reuters" agentliyinə bildirib ki, bu, ABŞ-ın Ukraynaya hərbi yardımının keyfiyyətcə daha yüksək mərhələyə qalxmasıdır, lakin münaqişədəki balansı əhəmiyyətli dərəcədə dəyişdirəcəyi düşünülmür.
Təhlilçilər bildirirlər ki, bu yardım heç də Ukrayna prezidenti Petro Poroşenkonun sentyabr ayında Vaşinqtona səfəri zamanı istədiyi səviyyədə deyil.
Poroşenko ABŞ-dan döyüş xarakterli yardımın göstərilməsini xahiş etmişdi. ABŞ-ın bir sıra konqresmenləri də Rusiyanın Ukraynanın şərqinə hərbi texnika, silah-sursat və canlı qüvvə yeritdiyi bir şəraitdə məhz belə bir yardımın göstərilməsini istəyirdilər. Obama administrasiyasının rəsmiləri bidliriblər ki, Kiyev hazırda lazımi qədər döyüş xarakterli hərbi yardım alır və Ukraynanın istədiyi silahlar indiki şəraitdə yalnız cüzi əhəmiyyətə malik ola bilərdi. Rəsmilər həmçinin münaqişənin həllində hələ də diplomatik çözümə ümid bağladıqlarını bildiriblər.
Bununla belə, ABŞ vise-prezidentinin Kiyevə təqdim etdiyi hərbi yardım paketinə "Humvee" zirehli nəqliyyat maşınları və düşmən artilleriyasının yerini aşkarlayan radarlar daxildir. Vaşinqton göstərilən yardımın maliyyə dəyəri barədə açıqlama vermir.
Vaşinqtonun Kiyevə bundan əvvəl göstərdiyi 53 milyon dollarlıq hərbi yardım paketinə artilleriya qurğularının aşkarlanması sistemləri, can zirehləri, binokllar, kiçik qayıqlar və Ukrayna təhlükəsizlik və sərhəd xidmətlərinin ehtiyacları üçün ləvazimat daxil idi.
Prezident Obama Ukraynaya göstərilən hərbi yardımın əhəmiyyətini daim vurğulasa da, bunun Rusiyanı qıcıqlandıracağı və təcavüzünü daha da artıracağı qənaətindədir.
Obamanın milli təhlükəsizlik müşaviri Tony Blinken bildirib ki, Ukraynaya döyüş ləvazimatı və silah-sursatın verilməsi təklifi "masanın üstündədir".
Blinkenin bəyanatına cavab olaraq, Con Baydenin Kiyevə gəlişi ərəfəsində Kreml Vaşinqtona Ukraynanı silahlandırmamaq barədə çağırış edib.
ABŞ senatoru Con Makkeyn Ukraynaya son yardımdan razı qalmadığını bildirib və deyib ki, Kiyev döyüş silahlarına qarşı vuruşur və ona məhz bu silahlarla kömək edilməlidir.
Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Rostov vilayətində canlı qüvvə və hərbi texnikanın cəmləşməsi barədə informasiyalar son günlər artıb.
Donbas hövzəsində müharibə üçün Rostov vilayətində yaradılan hərbi düşərgədə Rusiya hərbçiləri və separatçılar məşqini əks etdirən fotolar yayılıb.
Sosial şəbəkələrdə yayılan şəkillər Rostov vilayətində döyüşçülərin hazırlığı mərkəzlərinin mövcudluğunu təsdiq edir. Düşərgənin ətrafında növbətçi postları yerləşdirilib. Təlim düşərgəsi yanğınsöndürmə vasitələri ilə təchiz edilib.
Düşərgədə bütün lazımı vasitələrlə təchiz edilmiş poliqon var. Daha əvvəl Ukrayna Milli Təhlükəsizlik Xidməti bildirmişdi ki, "Domino" planı çərçivəsində Rostov vilayətindəki poliqonu Donetskə köçürülür. Məqsəd isə separatçılara hərbi sirləri bilavasitə Ukraynanın ərazisində öyrətməkdir.
Latviyanın müdafiə naziri Reymond Veyonis Baltikyanı ölkələrin sərhədlərində yaranmış vəziyyəti şərh edərkən deyib ki, son proseslər Baltikyanı ölkələrinə Rusiya təhlükəsinin olması barədə iddiaları haqlı çıxardı. Rusiya hərbi təyyarələri və gəmilərinin fəallığı artır. Baltikyanı ölkələr hərbi təhlükəyə qarşı durmaq üçün ciddi hazırlaşır.
O, əmin edib ki, ölkə şərqdən ediləcək mümkün hərbi müdaxiləyə hazırdır. Noyabrın əvvəlində Rusiyanın hərbi gəmisi Latviyanın xüsusi iqtisadi zonasına daxil olub. Ümumilikdə bir il ərzində Rusiya hərbi gəmiləri 50 dəfə Latviyanın ərazi sularına yaxınlaşırdı. Baltikyanı dövlətin hava sərhədləri yaxınlığında isə Rusiyanın hərbi təyyarələri 200 dəfə görünüb.
"Bizdə xüsusi iş planları var. Daxili İşlər Nazirliyi ilə müxtəlif ssenariləri orduya və polisə öyrədərək təlimlər keçiririk. Amma, əlbəttə ki, qonşularımızla, həmçinin NATO-dakı müttəfiqlərimizlə əməkdaşlığı genişləndirmək lazımdır", - deyə Latviyanın müdafiə naziri bildirib.
Litvada isə Rusiyanın mümkün müdaxiləsinə cavab vermək üçün yüksək hazırlıqlı döyüş gücləri yaradılıb. Döyüş güclərinin tərkibinə 1600 hərbi qulluqçu daxildir.
Litva prezidenti Dalya Qribiuskayteni hesab edir ki, Rusiya əgər Ukraynada dayandırmasa, təcavüz bütün Avropaya yayıla bilər.
Bu arada Almaniya kansleri Angela Merkel deyib ki, Moskvanın Balkanlarda imperiya ambisiyası var.
Merkel Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları dəstəkləməyə borclu olduğunu bildirib. Bu məqsədlə ABŞ, AB, Almaniya və Azərbaycandan Cənubi Avropaya qaz nəqlinin sürətləndirildiyini qeyd edən Merkel Balkanların Rusiya təhlükəsindən qorunmasının vacibliyini vurğulayıb.
Merkel Serbiya və Çernoqoriyada Putinin kifayət qədər məşhur olmasının və burdakı xalqın rus liderə simpatiyasını Belqradın asılılığı kimi qiymətləndirib.
Rusiya silahlı qüvvələrinn Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti, Ukrayna separatçılarının keçmiş rəhbəri İqor Strelkovdan isə şok bir açıqlama gəlib.
Rusiya mediasının verdiyi məlumata görə, Strelkov Donbas hövzəsindəki müharibə üçün özünün məsuliyyət daşıdığını bildirib.
İ.Strelkov qeyd edib ki, münaqişənin əvvəlində Ukrayna sərhədini keçən dəstəsi Donbasda hərbi əməliyyatların başlanmasına görə günahkardır.
"Müharibənin tətiyini mən çəkdim. Əgər bizim dəstəmiz sərhədi keçməsəydi, nəticədə hər şey Xarkov və Odessada olduğu kimi başa çatardı. Bir neçə on nəfər öldürülə, yandırıla və həbs edilmiş olardı. Biz masadakı bütün kartları qarışdırdıq", - deyə avqustun ortasında Donbas hövzəsini tərk edən rusiyalı zabit bildirib.
O, həmçinin etiraf edib ki, 5 iyula qədər separatçılar çətin vəziyyətdə olublar. Strelkov daha sonra Rusiya hərbçilərinin gəldiyini vurğulayb.