
Ermənilər vurulan pilotlarını "dəfn" ediblər
Cavid
Ermənilər yeni tamaşa hazırlayıblar. Belə ki, İrəvanda Azərbaycan ərazilərində vurulmuş Ermənistan hərbi helikopterinin ölən pilotları ilə "vida" mərasimi keçirilib. Ermənistan mətbuatı xəbər verir ki, Surb Sarkis Nor Nork kilsəsindəki mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan, Dağlıq Qarabağdakı erməni silahlı dəstələrinin komandiri Movses Akopyan iştirak edib.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır: "Düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirə biləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildiririk ki, bu ancaq erməni xalqını aldatmaq niyyətilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər".
Müdafiə Nazirliyi bildirib ki, ermənilər helikopterin düşdüyü ərazidə daim vəziyyəti gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər. Həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət altındadır.
Bundan öncə isə ermənilər Ağdamda vurulmuş helkopterin pilotlarının meyitinin qalıqlarını çıxardıqlarını idda ediblər. Hətta bununla bağlı sosial şəbəkələrdə video da paylaşılıb. Lakin sonradan Ermənistan ordusunun yaydığı videoda xəbərin yalan olduğu açıqca görünüb. Erməni bloger Ani Marqayan tərəfindən yayılmış videoda guya pilotun ərazidən çıxarılmış cəsədinin görüntüləri yer alır. Amma videoya diqqətlə nəzər yetirdikdə üzü pərdə ilə bağlanmış pilotun ya sağ adam, ya da pambıqla doldurmuş müqəvva olduğunu anlamaq çətin deyil. Müqəvvaya geydirilmiş paltarın üzərində heç bir yanıq izi görünmür. Həmçinin videoda göstərilən və guya pilota aid olduğu iddia edilən tamamilə bütöv olan paraşütdə heç bir yanıq izi aşkarlanmır. Halbuki, helikopter alçaq məsafədən uçarkən qəfil vurulan zaman partlayaraq yanmışdı və oradan pilotların paraşütlə tullanmaq imkanı sıfır idi. Ani Marqaryanın nümayiş etdirdiyi videoda əməliyyat görüntülərinin olmaması da Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərin yalan olduğunu sübut edir.
Hərbi ekspert Azad İsazadənin fikrincə, "rəsmi dəfnlə" bağlı yayılan kadrlar da yalandır və erməni xalqını aldatmaq cəhdidir: "Sarkisyan rejimi bu oyunu oynamalı idi. Çünki 12 noyabrda cəbhə xəttində erməni döyüş helikopteri vurulandan sonra İrəvanda vəziyyət qarışmışdı. Ölənlərin valideynləri, qohum-əqrabası, ictimaiyyət hakimiyyəti qınağa tutmuşdu. Onlar hakimiyyəti meyitləri götürə bilməməkdə və acizlikdə günahlandırırdı. Həmçinin ermənilər bildirirdilər ki, əgər atəşkəs şəraitində helikopter məhv edilirsə, müharibə baş versə Ermənistan hakimiyyəti nə edəcək? Ona görə, də Sarkisyan saxta dəfn mərasimi düzəltdi. Hətta bəzi məlumatlara görə, kilsədəki tabutların içindəkilər 1-2 avqustda ölənlərin cəsədləri olub. Hətta görüntülərin köhnə kadrlar olduğu xəbərləri də yayılıb. Bu ermənilərin növbəti provakasiyasıdır və erməni xalqını aldatmağa yönəlib. Çünki əvvəlcədən hazırlanmış plana əsasən saytlar xəbər yayıb ki, cəsədlərin parçaları tanınmaz haldadır, ancaq tikələri toplanıb".
Azad İsazadənin bildirdiyinə görə, bu hadisənin Azərbaycan üçün heç bir fərqi yoxdur və ermənilərin bu oyununun bizə qətiyyən aidiyyatı yoxdur: "Bu saxta dəfnin bizim üçün elə bir fərqi yoxdur. Nə fərqi var ki, o meyitlər onsuz da ölüdür. Ya torpağın üstündə qaldı, ya da altında. Ona görə də Sarkisyan rejimi ölkə daxilində narazı kütləni sakitləşdirmək üçün bu addımı atıb. Bir daha xatırladıram ki, Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, ermənilər pilotların cəsədini çıxara bilməyib".
Yeri gəlmişkən, Moskva Korneqi Mərkəzinin eksperti, politoloq Aleksey Malaşenko erməni mətbuatına müsahibəsində noyabrın 12-də münaqişə zonasında vəziyyətin kəskinləşməsi və digər mühüm məsələlər barədə maraqlı açıqlama verərkən bildirib ki, Ermənistanda öz hərbi bazasının olmasına baxmayaraq, Rusiya Federasiyası bu müharibəyə qoşulacaq.
"Qarabağ münaqişəsi zonasında gərginliyin növbəti dalğası Qərb, yoxsa Rusiya üçün əlverişlidir və ümumiyyətlə, gələcəkdə danışıqlardan hansı nəticəni gözləmək olar" sualına cavabında o deyib: "Düşünürəm ki, hərbi hərəkətlər nə münaqişə edən tərəfə, nə də beynəlxalq ictimaiyyətə əlverişli deyil. Anlamaq lazımdır ki, Qarabağ münaqişəsi yaxın gələcəkdə nizama salınmasa, belə epizodlar, hadisələr təkrarlanacaq. Mən təlaş üçün heç bir əsas görmürəm."
Politoloq ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq söyləyib ki, bu proses Qarabağ münaqişəsi ətrafında ticarət üçün müəyyən əsasdır. Münaqişənin həllində Laçın dəhlizi, Qarabağın statusu, Azərbaycan əraziləri məsələsi və digər önəmli suallar cavabını tapmalıdır. Gec-tez bu məsələlər ətrafında kifayət qədər ciddi danışıqlar olacaq.
A.Malaşenko erməni jurnalistin "Ermənistanın təminatçısı rolunda çıxış edən Rusiyanın mövqeyi məlum deyil, Rusiyanın təhlükəsizlik barədə zəmanətləri özünü doğrultmur və Moskva yalnız Minsk qrupunun həmsədr ölkəsi kimi çıxış edir" gileyinə aydınlıq gətirib: "Mən zəmanət məsələsindən bir az şübhələnirəm, belə ki, əgər biz müharibənin başlaması kontekstində təhlükəsizlik haqqında danışarıqsa, onda düşünmürəm ki, Ermənistanda öz hərbi bazasının olmasına baxmayaraq, Rusiya Federasiyası bu müharibəyə qoşulacaq. Rusiya bacardığı hər şeyi edəcək ki, müharibə başlamasın. Ona görə, milli maraqları nəzərə alaraq məsələlərə bu gün diplomatik səviyyədə yanaşır."
Ekspert vurğulayıb ki, o qətiyyən Ermənistanla Azərbaycan arasında Rusiya hərbi qulluqçularının iştirakı ilə müharibə olacağına inanmıram. Belə olduqda, hamı aydın bilir ki, bu, Rusiya-Türkiyə müharibəsi ilə nəticələnəcək. Ona görə də, bu, inandırıcı görünmür və daha çox danışıqlara üstünlük veriləcək.