Çin koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertlərinin ölkəyə girişini yubadır Dünya

Çin koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertlərinin ölkəyə girişini yubadır

Yeni növ koronavirusun (COVID-19) mənşəyini araşdırmaq üçün bu ay Çinə səfəri planlaşdırılan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 10 nəfərlik heyəti ölkəyə giriş icazəsi gözləyir.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, tədqiqatçılardan ibarət heyətin COVID-19-un ilk qeydə alındığı Uhan şəhərinə gedərək araşdırma aparması gözlənilirdi.

ÜST səfərin gecikməsinin viza problemi ilə bağlı olduğunu bəyan edib.

Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus ötən gün keçirilən mətbuat konfransında deyib ki, bu məsələ ilə bağlı yüksək səviyyəli Çin rəsmiləri ilə yaxın təmasdadır. Baş direktor viza verilməsi prosesinin sürətləndiriləcəyi ilə bağlı əminliyini ifadə edib.

“France 24” kanalının verdiyi xəbərə görə isə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq jurnalistlərə açıqlamasında səfərin yubanmasının yalnız viza ilə bağlı olmadığını qeyd edib: “Tərəflər arasında ekspert qrupunun səfərinin konkret tarixi və konkret tənzimlənməsi mövzusunda danışıqlar davam edir. Virusun mənşəyinin araşdırılması inanılmaz dərəcədə mürəkkəbdir. Çinə gələcək beynəlxalq ekspert qrupunun işinin rəvan getməsini təmin etmək üçün lazımi prosedurları və müvafiq tənzimləmələri aparmalıyıq. Çinə gələcək beynəlxalq ekspert qrupuna yaxşı şərait yaratmaq üçün əlimizdən gələni edirik”.