Putinin Ukrayna üçün Yeni il planları Dünya

Putinin Ukrayna üçün Yeni il planları

"Sağ sektor" təşkilatı Silahlı Qüvvələrdə xidmət etməkdən imtina edib

Cavid

Yeni ilin ilk günləri Ukrayna üçün düşərli olmayıb. Ukraynada atəş səslərinin eşidilməsi, rus separatçılarının ölkənin şərqində vəziyyəti gərginləşdirməsi, Rusiyanın əlavə hərbi texnikasının Ukrayna ərazisinə daxil olması rəsmi Kiyev üçün bu il də müsbət heç nə vəd etmir. Müxtəlif fikirlər və açıqlamalar Ukraynada vəziyyətin hələ də gərgin olaraq qalmasındax xəbər verir.
Rusiya politoloqu və publisisti Andrey Piontkovski bildirib ki, prezident Vladimir Putin Donbas hövzəsində münaqişənin gərginləşdirilməsinə getməyəcək. Ancaq eyni zamanda regionda qeyri-sabitliyi dəstəkləyəcək.
"Putin anlayır ki, hərbi eskalasiyanın səviyyəsini yüksəltmək bir sıra səbəblərdən mümkün deyil. Bu, hər şeydən əvvəl sıfırdan yaradılan Ukrayna ordusunun müqavimətidir. İstənilən ciddi hərbi addım, məsələn, Krıma quru dəhlizinin yaradılması cəhdi minlərlə rusiyalının cəsədinin Rusiyaya geri dönməsi ilə nəticələnəcək. Rusiyanın bir çox şəhərlərinə "Yük-200" gəlir. Putin anlayır ki, qurbanların axınını dayandırmalı olacaq. Bundan başqa, Qərb sanksiyaları gücləndirəcək. Bu isə Rusiyanı ən dərin böhranla hədələyir. Ona görə də hərbi addımlar istisna edilir", - politoloq qeyd edib.
Rusiyalı politoloq həmçinin bildirib ki, Moskva Ukraynanın ərazi bütövlüyü haqqında riyakarlıqla danışaraq Donbas hövzəsini hərbçilərindən təmizləmək istəmir. Andrey Piontkovskinin sözlərinə görə, Moskva sərhədlər üzərində nəzarəti itirməmək üçün hərbçilərini Donbasda saxlayır.
Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk isə "Facebook" səhifəsində yazıb ki, Luqansk vilayətinə yerləşdirilən "kazak" hərbi qruplaşmalarından birinin artilleriya bölməsi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin daxili qoşun dəstəsinə atəş açıb.
Hərbi ekspert ruslar arasında ölən və yaralıların olduğunu bildirib. D.Tımçukun məlumatına görə, Antrasit və Luqansk şəhərlərində yerli döyüşçülər və "kazaklar" arasında hakimiyyət uğrunda silahlı qarşıdurmalar davam edir.
O həmçinin Alçevsk-Staxanov xəttində hərəkət edən quldur dəstələrinin "daimi döyüş hazırlığına" gətirildiyini əlavə edib.
Bu arada məlumat yayılıb ki, Ukraynanın radikal "Sağ sektor" təşkilatı müqavilə əsasında ölkə Silahlı Qüvvələrində xidmət etməkdən imtina edib.
Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Pyotr Poroşenkonun müşaviri Yuriya Biryukova bəyan edib.
"Mən şəxsən "Sağ sektor"a tam leqallaşma sxemini təklif etdim. "Sağ sektor"a müqavilə əsasında xidməti nəzərdə tutan bir neçə variant təklif olunub. Lakin onlar bundan imtina ediblər", — deyə Biryukov bəyan edib.
Prezidentin köməkçinin sözlərinə görə, "Sağ sektor"un hərbçiləri heç kimə tabe olmaq istəmirlər.
Dünən isə Ukraynanın Donbass bölgəsində 12 əsgər yol qəzasında həlak olduğu bildirilib.
Bu haqda məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumatda deyilir ki, yük maşını "KRaZ"la "Boqdan" avtobusunun toqquşması nəticəsində 18 nəfər də ciddi xəsarət alıb.
Yaralılar Artemovsk şəhər xəstəxanasına aparılıb.
"Hazırda yaralıların dərmanla təzhizatı və Xarkov xəstəxanasına evakuasiya edilməsi üçün işlər görülür", - deyə Ukrayna Daxili İşlər Nazirliyi bildirib.
Rusiya müxalifətçisi Boris Nemtsov "Facebook" səhifəsində yazıb ki, Krım zəbt edilərkən sabiq prezident Viktor Yanukoviç hələ Kiyevdə idi və prezident vəzifələrini icra edirdi.
"İddia olunur ki, Krımın zəbt edilməsi Yanukoviçin devrilməsi üçün qisasdır. Təşviqatın bu versiyası növbəti yalandır. Krımın zəbti əməliyyatı Olimpiada zamanı başlanmışdı", - Nemtsov yazıb.
Xatırladaq ki, XXII Qış Olimpiya oyunları 2014-cü ilinə 7-23 fevral tarixlərində keçirilib. Prezident Viktor Yanukoviç isə beynəlxalq idman yarışının başa çatmasından bir gün əvvəl – 22 fevralda Kiyevdən qaçıb. Krımda müstəqillik referendum martın 16-da keçirilib və iki gün sonra muxtar respublika Rusiyaya birləşdirilib. Amma yarımada ərazisində fərqləndirici nişanları olmayan rus hərbçilərinin yerləşdirilməsi prosesi xeyli əvvəl başlayıb. Çox güman ki, Nemtsov də məhz bu məqamı nəzərdə tutur.
"Mənim fikrimcə, bu, Olimpiya Oyunlarının gedişatında ərazilərin ilk tutulması hadisəsidir. Belə bir hadisəni bəşəriyyət xatırlamır", - rusiyalı siyasətçi əlavə edib.
"Kreml nə düşünürsə, Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinoskvi onu deyir".
Bunu isə Krım-tatar xalqının Məclisinin sədri Refat Çubarov özünün Facebook səhifəsində yazıb: "Əlbəttə, orda hər yeni "hərəkatlar"ın rəhbərləri ad dəyişirlər. İndi də Krımın adını təcili olaraq "Tavrida birliyi" qoymaq istəyirlər".
Qeyd edək ki, Vladimir Jirinovski Krımın Tavrida adına dəyişdirilməsi təklifiylə çıxış edib.
Onun sözlərinə görə, yarımadanın hazırkı adı təmiz krım-tatar sözündən götürülüb, ancaq onun ilk adı yunan dilindədir.
Xatırladaq ki, Krım rəhbərliyi ötən ilin iyulunda Çubarovun Krıma gəlişinə qadağa qoyub.
Ukraynanın "Batkvşina" Partiyasının lideri Yuliya Timoşenko isə Rusiyada istintaq təcridxanasında saxlanılan ukraynalı pilot və parlament üzvü Nadya Savçenkodan başladığı aclıq aksiyasına son verməyi xahiş edib.
Timoşenko bildirib ki, Savçenko artıq 22 gündür ki, aclıq aksiyası keçirir: "Buna görə də sənə yalvarıram, bu aksiyaya son ver. Düşmən bizi zəiflətmək istəyir. Lakin Ukrayna, əlbəttə, qələbə əldə edəcək və sən öz xalqınla bu qələbəni bölüşməlisən".
Qeyd edək ki, 33 yaşlı Nadya Savçenko Şərqi Ukraynadakı Luqansk şəhərində rusiyapərəst separatçılara qarşı könüllü batalyonda döyüşürdü. Ötən ilin yayında separatçılar tərəfindən əsir götürülən Savçenkonu Rusiya hüquq-mühafizə orqanları Luqanskda rusiyalı jurnalistlərin qətlində ittiham edir.
"Aland adaları arxipelaqında yerləşən hətta iki adanın ələ keçirilməsi Rusiyaya Baltika Avropasının bütün ərazisinə nəzarət etməyə imkan verəcək".
Bu barədə isə İtaliyanın "Corriere della Sera" qəzetində dərc edilən məqalədə deyilir.
Məqalə müəllifinin fikrincə, Rusiya prezidenti Vladimir Putin strateji Aland adalarını "yemək" niyyətindədir.
"Əgər Vladimir Putin Aland adaları arxipelaqında yerləşən adalardan cəmi ikisini tutarsa, o, Baltika Avropasının bütün hava məkanına nəzarət edəcək. Bunu Finlandiyanın Xarici İşləri İnstitutunun aparıcı strateq-analitiklərindən biri də təsdiq edir. Onu adı Çarli Salonius-Pasternakdır. Aland adaları Finlandiyanın muxtar regionudur. Təxminən 25 min sakini olan adalar İsveç sahilindən 50, Finlandiya sahilindən 70, Rusiyadan isə 1141 kilometr uzaqlıqda yerləşir. Aland adaları çar dövründə Rusiyaya məxsus olub, Stalin dövründə isə qırıcılar üçün bir saatlıq uçuş məsafəsində idi", - məqalənin müəllifi yazır.