Gürcüstan Rusiyadan əlini üzüb Dünya

Gürcüstan Rusiyadan əlini üzüb

XİN rəhbəri: "Rusiya ilə ticarət məsələlərinə dair dialoq mənasızdır"
Gürcüstan müvəqqəti olaraq Rusiya ilə olan ticarət məsələləri ilə bağlı danışıqları dayandırıb.
APA-nın "Radio Svoboda"ya istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili bildirib.
Onun sözlərinə görə, indiki mərhələdə danışıqları davam etdirmək mənasızdır: "Rusiya ilə ticarət məsələlərinə dair dialoqu dayandırmışıq, çünki bunun mənası yoxdur. Rusiya istənilən an embarqonu işə sala bilər".
T. Beruçaşvili qeyd edib ki, əsas siyasi məsələlərdə Rusiya destruktiv addımlar atmaqda davam edir. Onun sözlərinə görə, bu, Moskvanın Suxumi rejimi ilə imzaladığı strateji tərəfdaşlıq sazişində öz əksini tapıb.
Gürcüstan XİN başçısı onu da əlavə edib ki, Rusiya Abxaziyadakı hərbi kontingentini gücləndirib.
"Bu ərazilərdə rusiyalı hərbçilərin sayı 11,5 minə çatıb. Növbəti addım Cənubi Osetiya olacaq. Çünki Krım ssenarisinin burada da təkrarlanmasının və Cənubi Osetiyanın Rusiyaya ilhaq edilməsinin əlamətləri görünür", – deyə T. Beruçaşvili vurğulayıb.