
"İrəvan iğtişaşı hər şeyi müəyyənləşdirəcək"
Cavid
Ermənistanda elektrik enerjisinin qiymətlərinin artmasına etiraz etmək üçün Azadlıq meydanını dolduran və Prezident sarayına gedən yolları bağlayan təxminən 15 min adam yenidən aksiyalara başlayıb. Bu haqda məlumatı CİHAN agentliyi yayıb. Məlumata görə, dünən səhər saatlarında polis müdaxilə edərək 237 nümayişçini saxlayıb. Gecə saatlarında isə yenidən prospektlərə axışan nümayişçilər nəzarətə alınanların hamısının azadlığa buraxılmasını və elektrik qiymətlərinin aşağı salınmasını tələb edib. Prezident Sarayına doğru irəliləyən izdihamın qarşısını Baqramyan küçəsində kəsən polis, nümayişçilərin Saraya çatmasına imkan verməyib. Ermənistan Prezidenti Serj Sarkisyanın nümayişçilərdən bir qrupu ilə görüşmək istədiyi, ancaq nümayişçilərin bunu rədd etdiyi bildirilir. Rus mətbuatında yer alan xəbərlərdə nümayişçilər özlərini "Yeni Meydan", ya da "Electromaidan" olaraq adlandırırlar. Onların Twitter-də də bu adla dünya gündəminə daxil olduqları bildirilir. Ukrayna mətbuatı isə yazır ki, ermənilər "Rusiyanın işğalına" görə meydanlara axışıb. Ermənistanın siyasi eksperti Hrant Məlik-Şahnazaryan vurğulayır ki, aksiyalarda "rəngli inqilab" ruhu var: "Bəzi siyasi qüvvələr nəticədə başqa planlar həyata keçirə bilər. Bütün bunların arxasında kimin olduğunu demək çox çətindir. Ukrayna rəsmiləri isə aksiyanı öz mənafelərinə görə istifadə edirlər".
Digər bir erməni siyasətçisi Andrey Araşev də Lenta.ru-ya verdiyi açıqlamada aksiyaların sosial-iqtisadi tələblərin ödənməməsindən qaynaqlandığını deyir. Araşev xəbərdarlıq edib ki, aksiyalarda Rusiya əleyhinə çıxışların önə çıxması Ukrayna və digər oxşar ssenarilərin baş verməsilə nəticələnə bilər. Erməni saytlarının verdiyi digər məlumata görə, İrəvanda elektrik qiymətlərinin artırılmasına etiraz edən şəhər sakinlərinin mitinqi Maştots prospektində davam edir. "Epress" saytı yazıb ki, polis etirazçılara hər hansı bir addım atmamaq xəbərdarlığını edib. Səhər saat 7-dək etirazçılar ərazidə olan zibilləri yığışdırıblar. Gücləndirici səs vasitəsilə mitinqçilərə elan ediblər ki, kim bütün gecə boyu oturaq aksiyası keçiribsə, o, əvəzlənə bilər. Aksiya iştirakçılarına yemək və su gətirilir. Onlar liderlərinin olmadığını da etiraf ediblər. Dünən axşam isə onlara bir çox deputatlar, aktyorlar və şou-biznesin nümayəndələri qoşulublar. Aktyor Ovanes Azoyan təklif edib ki, etirazçılar Azadlıq Meydanına qayıtmalıdırlar. Təklif isə qəbul edilməyib. Bildirilib ki, Baqramyan prospektində mitinq etmək onlar üçün sərfəlidir. Nəticədə etirazçılar polisə müraciət ediblər ki, heç kəsi onların yanına göndərməsinlər. Gecə bir qrup insan prezident Serj Sarkisyanla görüşmək istəyib. Ancaq bu istək də çoxları tərəfindən bəyənilməyib. Ərazidə şəhər sakinləri zibil qutularından barrikada qurublar. Oturaq aksiyası keçirənlər "Serjik get" şüarını səsləndiriblər. Onlar aksiyaların tələbləri yerinə yetənədək davam edəcəyini bəyan ediblər. TASS informasiya agentliyi isə yazır ki, İrəvanda aksiya iştirakçılarının sayı 3000 nəfərdən bir neçə yüz nəfərə qədər azalıb. Agentliyin məlumatına görə, aksiya iştirakçıları baş nazir və spikerdən açıqlama gözləyirlər. Hökumətə təqdim edilən sənədin hazırlanmasında müxtəlif ekspertlərin iştirak etdiyi bildirilib.
Bu arada Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün Feysbuk səhifəsində İrəvandakı etirazçılara müraciət edib. Milliyətcə erməni olan Avakov: "Mənim əziz Ermənistanım! Gün var idi bizi Kiyevin Krepost küçəsində döydülər, qovdular, barrikadalarımızı dağıtdılar, elə bildilər ki, ümidlərimizi əzdilər. Gücsüzlükdən nəsə boğazımızda ilişib qalmışdı. Qış idi, qar yağırdı. Biz 8 nəfər donmuş, döyülmüş vəziyyətdə Ukrayna bayrağı ilə Maydana qayıdırdıq. Biz xüsusi təyinatlılar tərəfindən dağıdılmış ön barrikada yeganə olaraq böyük hərbi termosu götürmüşdük. Ayaqlarımız ağrıyırdı. Qarşıdurma zamanı əlcəklərimiz itdiyindən əllərimiz donurdu, amma biz bu ağır 20 litrlik hərbi termosda Maydandakılara soyumuş çay aparırdıq. Heç bir qızıl dəri bizim Maydana apardığımız termosla müqayisə oluna bilməz. Biz ora çay aparmırdıq, bir düşərgəyə bərkimiş azadlıq iradəsini aparırdıq".
"Ermənistandakı aksiyalarla Maydanı eyniləşdirmək olmaz". Bu sözləri rusiyalı politoloq Konstantin Kalaçev söyləyib. Onun sözlərinə görə, bu situasiyanın müxalifət tərəfindən necə dəyərləndiriləcəyini zaman göstərəcək: "Burada sosial və siyasi etirazları ayırmaq lazımdır. İrəvandakı sosial etirazın nümunəsidir. Demək olar ki, 400 nəfərin tutulması Sərkisyanın populyarlığına zərbə vurmayacaq. Bu hadisələr və Maydan ayrı nöqtələrdə yerləşir. Ermənistan cəmiyyətinin elektrik enerjisinin qiymətinin qaldırılmasına sərt reaksiyası başadüşüləndir. İqtisadi böhran hər zaman sosial böhrana səbəb olub. Lakin sosial böhran heç də həmişə siyasi böhrana şərait yaratmır. İstənilən konflikt situasiyasında hər şeyi öz maraqlarınca istifadə etməyə çalışan siyasi qüvvələr meydana gəlir. Lakin bu artıq başqa məsələdir. Bu imkanı erməni müxalifətinin necə dəyərləndirəcəyi yaxın zamanlarda özünü göstərəcək. Rusiya Ermənistanın elektrik şəbəkələrini əlində saxlayır. Hələlik Rusiya KİV-i işin içində ABŞ fırıldağının axtarılması ilə məşğuldur. Bu, həqiqətən də problemdir. Etiraz aksiyalarında iştirak edib, iqtisadi tələb irəli sürənlərə situasiyanın siyasiləşdirilməsi xoş olmayacaq. Bu mənə görə, ciddi səhvdir. Rusiya hökumət, müxalifət və ictimai fikirlə işləməyi bacarmalıdır. Əgər Rusiya hər şeyin sonunda ABŞ-ın əlini axtarsa, bu, iki xalqın münasibətləri üçün kədərli ağ-qara filmə dönəcək".
Qeyd edək ki, Ermənistanın İrəvan və Gümrü şəhərlərində elektrik enerjisinin qiymətinin qaldırılmasına qarşı etiraz aksiyası keçirilib. Aksiya polis tərəfindən amansızlıqla dağıdılıb. Ermənistandakı elektrik şəbəkəsi isə Rusiyanın "İnter RAO" holdinqinə məxsusdur.