Milli Mətbuatımızın 140 illiyi Qəbələdə qeyd olundu Hadisə

Milli Mətbuatımızın 140 illiyi Qəbələdə qeyd olundu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun olaraq dünən Qəbələdə mətbuat nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə regional konfrans keçirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev və digər mətbuat nümayəndələri öncə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Qəblə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans işə başlayıb.
Konfransı giriş sözü ilə açan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə respublikanın müxtəlif bölgələrində milli mətbuatımızın yubiley tədbirlərinin davam etdirildiyini söyləyib. Ə. Mehdiyev bu gün yubiley tədbirinin Qəbələ rayonunda təşkil olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra çıxış üçün söz rayon icra başçısı Səbuhi Abdullayevə verilib. Qonaqları və konfrans iştirakçılarını salamlayan Səbuhi Abdullayev milli mətbuatın yubiley tədbirlərindən birinin məhz Qəbələ rayonunda keçirilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Son illər Qəbələ rayonunda aparılan abadlıq-quruculuq işlərindən söz açan icra başçısı Qəbələnin beynəlxalq yarışların keçirildiyi məkana çevrildiyini diqqətə çatdırıb. Qəbələ rayonunda aparılan quruculuq işlərinin mətbuatın diqqətindən də kənarda qalmadığını vurğulayan Səbuhi Abdullayev son illər mətbuatın inkişafı istiqamətində tədbirlərin də nəzərdən qaçmadığını söylədi.
İcra başçısının nitqindən sonra Ərəstun Mehdiyev milli mətbuatın keçdiyi şərəfli yoldan söz açdı. Son illər mətbuata dövlət qayğısının həyata keçirildiyinə toxunan Ərəstun Mehdiyev bu gün KİVDF vasitəsilə bu işlərin davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Yəqin ki, çoxlarınız xatırlayırsınız, 2003-cü ildə maddi texniki çətinliklərlə bağlı mətbuat orqanlarının üzləşdiyi problem Azərbaycan Nəşriyyatına yaranmış borclar həmin dövrdə ulu öndər Heydər Əliyev tərəfindən donduruldu. . Ərəstun Mehdiyev xaricdəki bəzi dairələrin Azərbaycana hücumlarına da toxunaraq, Bakıda Avropa Oyunları keçirilərkən Azərbaycan mətbuatının həm bu hücumlara effektiv cavab verdiyini, həm də oyunları yüksək səviyyədə işıqlandırdığını vurğulayıb. Prezident Administrasiyasının təmsilçisi qeyd edib ki, ölkədə regional media da inkişaf edir. Onun sözlərinə görə, regional medianın inkişafı əsas məqsədlərdən biridir.
Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən "Əkinçi" qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə medianın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən bəhs edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, cəmi 56 nömrəsi çıxan "Əkinçi" dövrünün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı olub, ziyalıları azərbaycançılıq məfkurəsi ətrafında bir araya gətirib.
Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru tədbir iştirakçılarını salamladıqdan sonra mətbuatın 140 illik yubiley tədbirlərinin regionlarda davam etdirildiyini, Qəbələdə keçirilən tədbirin sayca üçüncü konfrans olduğunu diqqətə çatdırıb. Milli mətbuatın uğurlu və şərəfli yol keçdiyini söyləyən Vüqar Səfərli bu dövrün 4 yerə bölündüyünü söyləyib. Son dövrdə, müstəqillik əldə olunduqdan sonra mətbuatın vəziyyətindən söz açan Vüqar Səfərli bu dövrdə mətbuata dövlət qayğısından söz açıb. Fondunun icraçı direktoru Vuqar Səfərli Azərbaycanda jurnalistlərə yaradılan şəraitdən danışaraq deyib ki, dünyanın heç bir yerində mətbuat işçiləri dövlət tərəfindən evlə təmin edilmir. Azərbaycanda isə 2013-cü ildə jurnalistlərə hər bir şəraitlə təmin edilən evlərin verildiyini bildirən Vüqar Səfərli gələn il yeni tikilən binanın da mətbuat işçilərinə təqdim ediləcəyini xatırladıb. Vüqar Səfərli bu gün KİVDF-nin jurnalistlərin peşəkarlığının artırılması yönündə işlər aparıldığını, fərdi yazı müsabiqələrinin təşkil olunduğunu bildirib. Region mətbuatının da bu müsabiqələrdə fəal olmasının vacibliyinə toxunan Vüqar Səfərli onlar üçün xüsusi güzəştlərin olduğunu da bildirib: "Baxmayaraq ki, biz bu müsabiqələrin təşkilində region mətbuatına xüsusi yer ayırmışıq, bununla belə regiona mətbuatı müsabiqələrdə zəif iştirak edir. Mən burdan səslənərək, sizi bu müsabiqələrdə fəal olmağa çağırıram. Siz bu yolla Fondun layihələrindən bəhrələnə bilərsiniz. Çünki, siz KİV-lər üçün keçirilən layihələrdə iştirak edə bilmirsiz. Çünki, Fondun əsasnaməsində qeyd olunub ki, təsisçisi dövlət orqanları olan mətbu orqanlar həmin layihələrdə iştirak edə bilməz. Amma siz jurnalist müsabiqələrində iştirak edərək bəhrələnə bilərsiz".
Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında Azərbaycan mediasının inkişaf yolundan bəhs edib. O, mətbuatda neqativ halların qarşısının alınması üçün Şura tərəfindən ciddi işlər görüldüyünü və bunun müsbət nəticələr verdiyini diqqətə çatdırıb. Əflatun Amaşov region mediasına diqqətin daha da artırılmasının zəruriliyini vurğulayıb.Əflatun Amaşov Azərbaycan mətbuatının ölkənin ictimai-siyasi şüurunun inkişafında müstəsna xidmətlərinin olduğunu, bu səbəbdən də milli mətbuatımızın yubiley tədbirlərinin keçirilməsinin vacib olduğunu söylədi. Əflatun Amaşov bildirdi ki, Azərbaycan mətbuatı Azərbaycan xalqının inkişaf yolunu müəyyənləşdirib. Konfrans yerli media orqanlarının nümayəndələrinin çıxışları ilə davam etdi.