
Parisdə keçirilən “Könüllülər Koalisiyası” (Coalition of the Willing) sammitində Ukraynaya hərbi dəstəyin genişləndirilməsi, Avropanın raketdən müdafiə imkanlarının artırılması və Rusiyaya qarşı yeni təzyiq mexanizmləri müzakirə olunub. Sammit Avropanın təhlükəsizlik siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Bəs sözügedən sammit Avropanın Ukrayna siyasətində hansı yeni mərhələdən xəbər verir?, müharibənin gedişinə və Rusiya-Qərb münasibətlərinə real təsir göstərə bilər?
Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, bu gün Ukrayna-Rusiya cəbhəsində müharibə yeni bir mərhələyə daxil olub: “Tərəflər qarşılıqlı hücumlarını daha da artırıblar və hər iki tərəf davamlı olaraq bir-birinin infrastrukturuna müxtəlif zərbələr həyata keçirir. Bu yöndə atılan addımların xüsusi diqqət çəkdiyini qeyd edib. Artıq Ukraynaya daha çox dəstək olunur, daha çox yardım edilir. Qeyd etmək lazımdır ki, son vaxtlar Qərbin Ukraynaya dəstəyi nəticəsində Ukrayna özünün imkanlarını daha da genişləndirir, daha çox hücum etməyə başlayıb”.
“Avropa Ukraynaya dəstəyi daha da artıracaq”
C.Məmmədov hesab edir ki, Parisdə keçirilən görüş önəmlidir: “Bu gün Ukraynanın hərb cəbhəsində Rusiya üzərində üstünlüyü hiss olunur və bunu Qərb də bilir. Qərb bu məsələyə Avropa-Rusiya müharibəsi kimi yanaşır və bu yöndə Ukraynaya daha çox dəstəyin göstərilməsi məsələsi əksini tapır. Hesab edirəm ki, növbəti günlərdə Avropa dövlətləri Ukraynaya dəstəyi daha da artıracaq. Həm iqtisadi sanksiyalar artır, həm də Ukraynanın müdafiə qabiliyyəti, eləcə də hücum qabiliyyəti artırılır. Düşünürəm ki, bu da növbəti günlərdə Qərbin Ukraynaya daha çox dəstək, yardım göstərdiyinin, bu istiqamətdə addımlar atdığının şahidi olacağıq”.
“Sosial-iqtisadi böhran dərinləşir”
Politoloq Elçin Xalibəyli söyləyib ki, hazırda Qərb platformalarında keçirilən istənilən tədbir Rusiya-Ukrayna müharibəsinə birbaşa və yaxud dolayısı ilə təsir göstərir, o cümlədən Parisdə keçirilmiş “Könüllülər koalisiyası”nın sammiti də istisna deyil: “Təbii ki, Qərb dünyasında hazırda prioritet Ukraynaya dəstəyin gücləndirilməsi, Rusiyanın isə zəiflədilməsi üçün Kremlə qarşı təzyiqlərin artırılmasından ibarətdir. Əslində, son aylarda həm Ukrayna, həm də Qərb bu hədəfə böyük ölçüdə nail olmağa başlayıb. Belə ki, Ukrayna Rusiyanın dərinliklərinə sarsıdıcı zərbələr endirir və Rusiyanın enerji infrastrukturu böyük sürətlə dağılmağa başlayıb. Bəzi məlumatlara görə, Rusiya enerji infrastrukturunun təxminən 40 faizə qədərini itirib və hazırda benzin idxalına başlamaq məcburiyyətində qalıb. Bu proses Rusiyanın daxilində sosial-iqtisadi böhranı da dərinləşdirir. Sosial-iqtisadi böhran da öz növbəsində siyasi böhrana doğru yaxınlaşma prosesini sürətləndirir. Yəni bütün bunları nəzərə alanda Qərbin Ukraynaya dəstək istiqamətində atdığı istənilən addım Rusiya üçün böyük zərbə xarakteri daşıyır. Bütün bunlar da onu göstərir ki, Rusiya üçün daha ağır dövr hələ irəlidədir”.
Rusiya üçün gələcək fəlakətlərin başlanğıcı
O əlavə edib ki Qərbdə artıq belə bir qənaətə gəliblər ki, Rusiyanın müharibə qələbəsi mümkün olmaya bilər: “Çünki Rusiyanın müdafiə qabiliyyəti olduqca zəifləyib. Bundan sonra Rusiyaya nə qədər intensiv və sarsıdıcı zərbələr endirilərsə, bu, Rusiyanın savaş potensialının daha da zəifləməsinə imkan verə bilər. Ona görə də böyük ehtimalla bundan sonrakı proseslərdə Ukraynanın hərbi texnika və silah-sursatla təminatının, təchizatının genişləndiriləcəyi gözlənilir. Bu da öz növbəsində Rusiyanın əlavə dağıdıcı zərbələrə məruz qalması deməkdir. Buna paralel olaraq da Qərb Rusiyaya qarşı sanksiyaları artırmaq niyyətində olduğunu gizlətmir. Burada əsas məsələlərdən biri ondan ibarətdir ki, Kremlin Kollektiv Qərbi parçalamaq strategiyası artıq iflasa uğramaq üzrədir. Çünki ABŞ yenidən Kollektiv Qərblə ortaq şəkildə hərəkət etməyə başlayıb və bu da Rusiya üçün gələcək fəlakətlərin başlanğıcı anlamına gəlir. Bu baxımdan hazırda Rusiyanın gələcək taleyi məhz Ukrayna savaşı ətrafında yaranmış mövcud situasiyadan böyük ölçüdə asılıdır”.
Röya İsrafilova