“Sığortaolunanların fərdi uçota marağı artıb” Hadisə

“Sığortaolunanların fərdi uçota marağı artıb”

Elman Mehdiyev: "Vətəndaşlardan daxil olan müraciətlər azalıb"

Tərlan

Dövlət Sosial Müdafiə Fondunda sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesində fərdi uçota alınanların sayı cari ilin 6 ayı ərzində 122,5 min nəfər artaraq 01 iyul 2015-ci il tarixə 3 milyon 98 min nəfərə çatıb. Bu barədə KİV nümayəndələrinə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, "bu, Azərbaycan Prezidentinin ölkədəki yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın dayanıqlı inkişafı siyasətinin uğurlu nəticələrindəndir."
E.Mehdiyev cari ilin birinci yarısında sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesinin uğurla aparıldığını vurğulayaraq, Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidmətinin öz fəaliyyətini davam etdirdiyini bildirib: "Bu xidmət çərçivəsində hər bir sığortaolunan fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanına malikdir ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir."
Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci ilin birinci yarısında Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz azalıb.
Bunu Fondun sədri Elman Mehdiyev Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın Dövlət Sosial Müdafiə Fondunda icrası nəticələrini media nümayəndələrinə şərh edərkən bildirib. O, həmçinin qeyd edib ki, müraciətlərin 18,8 faizi bilavasitə pensiya və müavinətlərin hesablanması, 16,2 faizi pensiya və müavinətlərin təyinatı, 9,9 faizi pensiya və müavinətlərin ödənişi məsələləri ilə bağlı olub. Müraciətlərin 8,4 faizini məcburi dövlət sosial sığortasına, 2,5 faizini sosial sığorta şəhadətnaməsinin verilməsinə dair sorğular əhatə edib. Müraciətlərin 44,2 faizi isə digər məsələlərə aid olub. Hesabat dövründə vətəndaşlardan, hüquqi və fiziki şəxslərdən daxil olan sorğuların, ərizə və şikayətlərin vaxtında və operativ şəkildə cavablandırılması işləri davam etdirilib.