“Prezident bu məsələyə xüsusi diqqət yetirir” Hadisə

“Prezident bu məsələyə xüsusi diqqət yetirir”

Hazırda bu sistem vasitəsilə hər bir icra hakimiyyəti orqanına daxil olan vətəndaş müraciətləri dərhal qeydiyyata alınır, onların qeydiyyatı, dövriyyəsi, baxılmasının nəticələri operativ surətdə həyata keçirilir. Artıq tətbiq olunan informasiya sistemində qısa vaxt ərzində 25 mindən artıq vətəndaş müraciəti qeydiyyata alınıb və onlara baxılması nəticələri bu sistemdə öz əksini tapıb. Axar.az xəbər verir ki, bu sözləri Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AzərTac-a geniş müsahibəsində deyib. PA rəsmisi vahid elektron informasiya sistemi yaradılmasının əhəmiyyətindən danışıb: "Bu informasiya sisteminin imkanları çox genişdir. Həm vətəndaşların müraciətlərinə vaxtında baxılıb cavab verilməsini, onların icra müddətlərinə əməl olunmasını, müraciətlər əsasında geniş təhlillər aparılmasını təmin edir, eyni zamanda, Prezident Administrasiyasında qurulmuş mərkəzi server vasitəsilə istənilən şəhər və rayon icra hakimiyyətinə daxil olan təklif, ərizə və şikayətlər üzrə bütün məlumatları öyrənməyə və lazımi araşdırmalar aparmağa imkan verir. Artıq bu, vətəndaş müraciətlərinə baxılmasında tam şəffaflığı təmin edən bir vasitəyə çevrilib". S.İsmayılov qeyd edib ki, vətəndaş müraciətləri, vətəndaşın qayğıları və problemləri ölkə Prezidenti İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdən biridir: "Biz məmurlar da cənab Prezidentdən bu sahədə nümunə götürməli, onun tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirməliyik. Bu sistem yerli icra hakimiyyəti orqanlarında çalışan məmurların məsuliyyətini də xeyli artırır, həm onların özünə, həm də bizə imkan verir ki, vətəndaşları narahat edən hər bir problemi vaxtında aşkara çıxarıb onun yaranma səbəblərini aradan qaldıraq".
Qeyd edək ki, Prezident İlham Əliyevin "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında" 2015-ci il 29 aprel tarixli Fərmanı var.