“Yunuslar antimilli cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayırlar” Hadisə

“Yunuslar antimilli cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayırlar”

Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barədə çıxarılan məhkəmə hökmü bir sıra maraqlı dairələri "narazı" salıb. Öz məkrli niyyətlərini həyata keçirmək üçün geninə-boluna istifadə etdikləri Yunusların cəzalarına çatması antiAzərbaycan qüvvələrinin yuxusunu ərşə çəkib. Artıq bu qüvvələr hərəkətə keçərək Yunusların məhkəmə prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğuldur.
Milli Məclisin üzvü Hüseynbala Mirələmov qeyd edib ki, Yunuslar antimilli, anti-Azərbaycançı ermənipərəst əməllərinin və fəaliyyətlərinin acı nəticələrini yaşayırlar: "Onların 1988-ci ildən bu yana 27 il ərzində həyata keçirdikləri fəaliyyətlərin, qanunsuz və cinayətkar əməllərin axırı məhz bu cür məntiqi sonluqla yekunlaşmalıydı, onlar bir gün öz əməllərinə cavab verməliydilər və verdilər də". Onun sözlərinə görə, Azərbaycan məhkəməsinin də Yunuslar barəsindəki bu günlərdəki qərarı ədalətli, qanuni, bir daha hər kəsin qanun qarşısında məsuliyyət daşımasının və daşımalı olduğunun təsdiqi idi: "Məhkəmənin ədalətli hökmünü indi kimsənin şübhə altına alması üçün də heç bir əsas və səbəb yoxdur. Yunuslar antimilli cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayırlar və tam qanunauyğun şəkildə cəzalandırılıblar. Yunuslar Azərbaycana xəyanətdə, dövlətin əleyhinə digər ölkələrin xüsusi-xidmət orqanları ilə əməkdaşlıqda, eyni zamanda, maliyyə fırıldaqçılığında ittiham ediliblər. Bu ittihamların da heç bir əsassız və havadan götürülmüş ittihamlar deyildi, hamısı əsaslı və sübutlu idi. Həmin ittihamlarda səsləndirilənlər Yunusların özlərinə də yaxşı bəlliydi, elə Azərbaycan cəmiyyətinə də. Azərbaycan cəmiyyəti də onları yaxşı tanıyırdı. Onların antiAzərbaycançı ermənipərəst əməlləri, fəaliyyətləri çoxdan hər kəsə bəlliydi və bir gün bunların da hesabı sorulmaydı və soruldu da. Onlara qarşı irəli sürülən ittihamların hamısı məhkəmədə təsdiqləndi, öz təsdiqini tapdı. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlarla layiqli cəzalarını aldılar". Millət vəkili əlavə edib ki, həm əvvəldən, həm də məhkəmə hökmündən sonra müəyyən xarici dairələr, xüsusilə, Yunusların havadarları olan ermənipərəst antiAzərbaycançı qüvvələr onları müdafiə etməyə və "vicdan məhbusları" kimi qələmə verməyə çalışırlar. Həmin məkrli qüvvələr və dairələr məhkəmədə élan olunan ittihamların mahiyyətinə toxunmadan hər iki şəxsi müəyyən yollarla cəzadan qurtarmağa çalışırlar: "Heç də təsadüfi deyil ki, hələ Leyla Yunusa ittiham irəli sürülməmişdən əvvəl- istintaqa çağırılan zaman o istintaq orqanına getməkdən imtina edirdi. Sonra isə Azərbaycandan qaçmağa çalışdı. Hesab edirəm ki, bu tip insanlara istinad edən, onlar vasitəsilə Azərbaycanda "5-ci kolon" yaratmağa, eyni zamanda, Azərbaycandan başqa ölkələrə kəşfiyyat xarakterli məlumatlar ötürməyə çalışan şəxslərin siyasəti bundan sonra da birmənalı şəkildə məğlubiyyətə uğrayacaq, fiaskoya məhkum olacaq. Onlar indiyə qədər olduğu kimi, bundan sonra da heç nəyə nail ola bilməyəcək, məkrli niyyətləri gözlərində qalacaq. Çünki bugünki Azərbaycan artıq 80-cı illərin sonları-90-cı illərin əvvəllərinin gücsüz, zəif Azərbaycanı, onların görmək istədikləri və arzuladıqları Azərbaycan deyil. Bu gün dünyada güclü, nüfuzlu, inkişaf etmiş, qüdrətli, müstəqil siyasət yerdən, hesablaşılan bir Azərbaycan adlı dövlət var". H. Mirələmov eyni zamanda bildirib ki, Yunuslar, xüsusilə də, L.Yunus həbsini ilk növbədə özünün siyasi fəaliyyəti ilə bağlamağa çalışsa da, nədənsə Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığına, xaricdən ünvanına milyonlarla dollar vəsaitin axmasına və bunu istədiyi kimi istifadə etməsinə aydınlıq gətirmək istəmədi: "Çünki bu, heç bir halda ona sərf etmirdi, onun bu məsələlərlə bağlı deyəcək sözü yox idi. Azərbaycan qanunvericiliyinə görə Azərbaycan vətəndaşları gəlirlərindən mütləq vergi verməlidirlər. Leyla Yunus Azərbaycan vətəndaşının bütün hüquqlarından istifadə etsə də, onun gəlirlərindən vergi vermək fikri yox idi. Bununla bağlı hər hansı addım da atmayıb. Bundan başqa, Leyla Yunus xaricdən aldığı qrantlar barəsində mütləq Ədliyyə Nazirliyinə məlumat verməli idi. O, bunlardan daim boyun qaçırırdı, özünü hər şeydən, qanunlardan belə üstün sayırdı. Bu mənada məhkəmə qərarı Azərbaycanın özünün dövlət müstəqilliyini, qanunların üstünlüyünü qorumaq əzmində olduğunu, bu məsələdə heç kəsə güzəştə getməyəcəyini və getmədiyini göstərdi".