
Beynəlxalq Demokratlar Birliyinin (UID) təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının 151-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə UID-in Azərbaycan nümayəndəliyinin sədr müavini Ramazan Karaşahin, Türkiyə səfirinin mətbuat müşaviri Cihangir İşbilir, TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Sefa Burak Bozyel və digər şəxslər iştirak edib.
Tədbirdə süfrə arxasında müzakirələr aparılıb. Azərbaycan mətbuatının keçdiyi yol, Türkiyə-Azərbaycan əlaqələri və türk dünyasının birliyi istiqamətində mətbuatın rolunun əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Beynəlxalq Demokratlar Birliyi (UID) 2004-cü ildə Almaniyanın Köln şəhərində yaradılıb.
Bu gün UID dünyanın ən böyük türk diasporu qeyri-hökumət təşkilatlarından biri kimi 32 ölkədə, 60-dan çox regional təşkilatı, 300-ə yaxın şöbəsi və 35 minə yaxın üzvü ilə fəaliyyət göstərir.
UID türk diasporunun və türksoylu xalqların birlik və həmrəyliyinin möhkəmləndirilməsini, milli-mənəvi dəyərlərin yaşadılmasını, Türkiyənin və Türk dünyasının beynəlxalq aləmdə düzgün təmsil olunmasına töhfə verməyi qarşısına məqsəd qoyub.
UID Azərbaycan “Bir millət, iki dövlət” prinsipi əsasında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün sosial, mədəni, akademik və ictimai diplomatiya sahələrində fəaliyyətini davam etdirir.
İl ərzində konfranslar, panellər, anım proqramları, gənclər və qadınlarla bağlı layihələr, iş adamlarının görüşləri, təhsil proqramları, mədəni tədbirlər və sosial məsuliyyət layihələri təşkil olunur.
Eyni zamanda, dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər, media nümayəndələri və iş dünyası ilə əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirilir.
UID media və ictimai diplomatiya fəaliyyətlərinə də xüsusi önəm verir. Xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyinin Avropa ictimaiyyətinə düzgün çatdırılması məqsədilə bir çox ölkədə mətbuat konfransları, məlumatlandırma görüşləri, panel və konfranslar təşkil olunub, beynəlxalq mediada doğru informasiyanın yayılmasına töhfə verilib.
Bu prosesdə dezinformasiyaya qarşı mübarizə aparılıb, Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilib.
UID Azərbaycanın nəzdində fəaliyyət göstərən Tanıtım, Media və İnformasiya Texnologiyaları Bölməsi Azərbaycanın gündəmini yaxından izləyərək jurnalistlər və media qurumları ilə daim sıx əlaqədə çalışır.
Bölmə korporativ xəbərlərin hazırlanması, mətbuat bülletenlərinin yayımlanması, rəqəmsal media məzmununun hazırlanması, sosial media idarəetməsi və ictimaiyyətin düzgün məlumatlandırılmasına yönəlmiş fəaliyyətlər həyata keçirir.
Bununla yanaşı, Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən birgə layihələrin, mədəni tədbirlərin və qardaşlıq ruhunu əks etdirən təşəbbüslərin milli və beynəlxalq ictimaiyyətə effektiv şəkildə çatdırılmasına töhfə verir.
UID Azərbaycan ortaq tariximizdən aldığı güclə qardaşlıq bağlarını daha da möhkəmləndirmək və Türk dünyasının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirir.