“Müharibə Ermənistanın iflası ilə bitəcək” Hadisə

“Müharibə Ermənistanın iflası ilə bitəcək”

Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri: " "Sərhədlər açılarsa, Ermənistandan Azərbaycana qaçqın axını Avropaya qaçqın axını kimi olacaq""


"Mənim məqsədim Azərbaycan mediasının gözü ilə dünya ictimaiyyətinin, erməni diasporunun diqqətini Sarkisyanın cinayətkar rejiminə çəkməkdir".
Bunu Azərbaycandan sığınacaq istəyən Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistanda Azərbaycan haqqında saxta düşmənçilik görüntüsü yaradılır: "Azərbaycandan sığınacaq istəməklə bağlı müraciətimdən sonra Azərbaycanda məni dostcasına, qonaqpərvərliklə qəbul etdilər".
O, Ermənistanda təqiblərə və təzyiqlərə məruz qalmasından da danışıb: "Mənim Ermənistanda təqib olunmağıma səbəb ictimai və hüquq müdafiəçisi kimi fəaliyyətlə məşğul olmağım olub. Məsələnin pik həddə çatması isə bu il avqustun 14-də Sarkisyanın yaxın dostunun mənə öz evimdə hücum etməsi oldu, ailəmin və yaşlı anamın qarşısında döyüldüm. Həyat yoldaşım döyülərək uşağımızı itirdi. Anama təzyiqlələr başladı. Müxtəlif tibbi idarələrin əli ilə bizim döyülməməyimiz barədə saxta sənədlər hazırlandı".
Martirosyan Dağlıq Qarabağda cinayətkar qrupların fəaliyyət göstərdiyini bildirib.
Erməni hüquq müdafiəçisi qeyd edib ki, dəfələrlə Dağlıq Qarabağda olub:
"Həqiqətən də orada terrorizmlə məşğul olan, müxtəlif kriminal hadisələrdə iştirak etmiş qruplaşmalar fəaliyyət göstərir. Həmin qruplar əsasən İraq və Suriyadan gələnlərdir".
Vaan Martirosyanını spzlərinə görə, hazırda Ermənistanda korrupsiya o qədər geniş yayılıb ki, bir neçə yüz dollara avtomat almaq mümkündür: "Müdafiə Nazirliyi başdan ayağa korrupsiyaya bulaşıb: "Onu da deyim ki, Dağlıq Qarabağda narkotrafik böyük həcmdədir. Hətta orada böyük narkotik plantasiyaları salınıb. Təsəvvür edilmədiyi qədər Dağlıq Qarabağda narkotik yetişdirilir, həm də tarnzit kimi istifadə olunur".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, Vaan Martirosyanın Azərbaycana keçməsi bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan nə qədər tolerant ölkədir.
O bildirib ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq, bu ailəyə qapılarını açıb: "Gürcüstandan yaxın dostlarım olan hüquq müdafiəçiləri mənə müraciət etdilər ki, Vaan Martirosyanın ailəsi pis vəziyyətə düşüb, Serj Sarkisyanın adamları onun ailəsini döyüb, həyat yoldaşı Karina övladını itirib. Onlar Azərbaycandan daimi yaşayış hüququ istəyirlər. Bu çağırışa tək cavab verə bilməzdim. Milli Məclisin deputatı Azay Quliyevlə görüşdüm. Onun səyi nəticəsində müsbət cavab aldıq".
Vaan Martirosyan Ermənistanda heç kəsin müharibənin təzədən başlanmasını istəmədiyini deyib.
O bildirib ki, yaşlı nəsil bunu heç istəmir: "Çünki onlar iki ölkənin bir vaxtlar necə dost olduğunu yaxşı xatırlayırlar. Müharibə iki ölkə üçün də böyük faciəyə səbəb olar. Ermənistan Ordusunun gücü hazırda hər hansı orduya cavab verəcək səviyyədə deyil. Orduda xidmət edənlərdə vətənpərvərlik yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək".
Vaan Martirosyan qeyd edib ki, əgər Ermənistanla sərhədlər açılarsa, Azərbaycana qaçqın axını Avropaya qaçqın axını kimi olacaq".
O bildirib ki, ermənilər Azərbaycan və Bakı haqqında az məlumata malikdir: "Lakin yaşlı nəsil buranı yaxşı tanıyır. Onlar burada gəziblər, istirahət ediblər".
Martirosyan bir neçə il Azərbaycanda yaşayan, daha sonra Ermənistana qayıtdıqdan sonra Azərbaycan haqqında yanlış məlumatlar verən Gevorkyan ailəsi ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, bu, Milli Təhlükəsizlik Şurasının işdir: "Bakıda keçirilən Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn idmançılar üstlərində erməni bayrağı olan geyimlərlə Bakıda gəzirdilər. Lakin Ermənistana qayıtdıqda dedilər ki, qorxumuzdan çölə çıxa bilmirdik. Bütün bunlar Milli Təhlükəsizlik Şurasının əməlidir".
Martirosyan Azərbaycanda qalıb-qalmayacağının müzakirələrdən sonra bəlli olacağını deyib.
Vaan Martirosyanın qənaətinə görə, Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycana birləşmək üçün səs verəcək: "Əlbəttə ki, Bako Saakyan və Serj Sarkisyan müdaxilə etməsə".
O bildirib ki, Şuşa şəhərinə milyonlarla dollar xərclənsə də, şəhərdə adam yoxdur: "Qalanlar da yalnız yaşlılardır. Gənc yoxdur. Xankəndində axşam gəzsəniz, görərsiniz ki, yaşayış binasında bir işıq yanır. Bu münaqişə Sarkisyan hakimiyyətinin marağındadır. Onlar erməni deyil. Onlar erməniləri sevmirlər".
Martirosyan erməni xalqının indi yaşadığı kimi yaşamasını istəmədiyini söyləyib: "Mən vətənimi sevirəm. Azərbaycan mediasından başqa heç kəs Sarkisyanın cinayətkar hakimiyyətinin elədiklərini dünyaya çatdıra bilməz. Ermənistanda insanlar hansısa Afrika ölkəsindən daha pis yaşayır. Yalnız İrəvanın mərkəzi küçəsində görüntü naminə ofislər var, iş gedir, otellər mövcuddur. Bir kilometr kənarlaşdıqda isə görürsən ki, insanlar acdılar. Dağılmış binalar var. Ən kasıblar isə Dağlıq Qarabağ müharibəsi veteranlarıdır. Ermənistanda iş tapanda buna möcüzə kimi baxırlar. 80 dollar pensiya verilir və bununla cəmi iki dəfə marketə girmək olar. Mənim nənəm vəzifədə işləyib, 100 dollar pensiya alır. Ona oliqarx kimi baxırlar. Kiməsə yardım yoxdursa, o, yaşaya bilməz. Hər yerdə korrupsiya, rüşvət hökm sürür".
Vaan Martirosyan Azərbaycandakı BMT və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin ofislərinə müraciət etdiyini söyləyib: "Xahiş edirəm ki, Ermənistanla hansısa formada əlaqə saxlasınlar. Mənim anam orada qalıb. Həyat yoldaşımın ailəsi var. Bilmirəm, hakimiyyət onlarla necə rəftar edəcək. Onların vəziyyətinin yoxlanılmasını istəyirəm".
Qeyd edək ki, Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. Vaan Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.