Bakı Avtovağzalının qarşısında sürüşmə Hadisə

Bakı Avtovağzalının qarşısında sürüşmə

Bakı-Sumqayıt yolunda sürüşmə baş verib. Sürüşmə hadisəsi şəhər istiqamətində, Bakı Avtovağzal kompleksinin qarşısında qeydə alınıb.
Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasından faktı təsdiqləyiblər. Bildirilib ki, sürüşmə nəticəsində yolun Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Bakı-Sumqayıt yolunda baş verən sürüşmə nəticəsində böyük çat yarandığını, çökmə müşahidə edildiyini bildirib: "Vəziyyət təhlükəli hesab olunur. Yolun dayanacaq hissəsində yol 30-40 sm çöküb, istinad divarı 15 sm aralanıb, avtovağzal tərəfə əyilib".
Əliheydər Piriyev bildirib ki, təhlükəli olduğundan artıq ərazidə avtobusların hərəkəti məhdudlaşdırılıb: "İlkin müşahidələrdən sonra səbəbin atmosfer çöküntüləri, suvarmalarla əlaqədar olduğunu düşünürük. Ola bilər ki, lay suları da təsir etsin. Lakin bu, ilkin rəydir, dəqiq səbəbi müəyyən etmək üçün araşdırma aparmaq lazımdır. Artıq ərazidə avtobusların hərəkəti məhdudlaşdırılıb. Bakı-Sumqayıt yolunda heç bir məhdudiyyət yoxdur, sadəcə sürüşmə baş verən dayanacağa giriş məhdudlaşıb. Çünki çat böyükdür, hər an daha da böyüyə bilər. Çatın genişlənməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir".
Fövqəladə Hallar Nazirliyi də Bakı-Sumqayıt yolunda baş verən sürüşmə barəsində məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, FHN Tikinti Təhlükəsizlik Dövlət agentliyinin iki institutu - Elmi Tədqiqat və Layihə Konstruktor və Azərbaycan Dövlət Layihə İnstitutlarının ekspertləri əraziyə baxış keçirib.
Yolun konstruksiyasını yoxlayıblar, sabah yolda aqreqatlar işləyəcək. Yolun vəziyyəti ilə bağlı yekun akt bu gün tərtib olunacaq.