Ahıl Jurnalistlər Məclisi yeni layihəyə start verdi Hadisə

Ahıl Jurnalistlər Məclisi yeni layihəyə start verdi

Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi "Həyat işığında" layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan jurnalistikasının inkişafanda xidmətləri olmuş, ömrünü-gününü peşəsinə sərf etmiş qayğıya ehtiyaclı qələm sahiblərinə baş çəkmək, onlarla maraqlanmaq nəzərdə tutulur. Layihənin məqsədlərinə eyni zamanda jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yaradıcılıq gecələrinin, dünyasını dəyişmiş qələm sahibləri ilə bağlı anım mərasimlərinin təşkili də daxildir.
Dünən MŞ sədri Əflatun Amaşov, Şuranın İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, həmçinin Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvləri qocaman jurnalist Kazım Ələkbərova baş çəkiblər. Qeyd edək ki, hazırda ömrünün 88-ci ilini yaşayan Kazım Hacıhüseyn oğlu Ələkbərov uzun illər Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da, "Xalq qəzeti"ndə, "Bakı"-"Baku" qəzetlərində və digər tanınmış mətbu orqanlarda məsul vəzifələr tutub. Neçə-neçə jurnalist nəslinin yetişməsində xidmətləri olub. Kazım Ələkbərov idarəçilik sistemində də çalışıb. Dövlət idarələrində ana dilinin tətbiqi işinə də yaxından kömək göstərib.
Görüş zamanı MŞ sədri Əflatun Amaşov Kazım Ələkbərova rəhbərlik etdiyi qurumun təşəbbüsü barədə məlumat verib. Bildirib ki, Şura qayğıya ehtiyacı olan jurnalistləri yaddan çıxarmayacaq, onların keçdiyi ömür yolunun təqdim edilməsi üçün tədbirlərini gücləndirəcək. Qocaman jurnalist Kazım Ələkbərov həyat fəaliyyətindən söz açıb, jurnalist fəaliyyətinin spesifik məqamları ilə bağlı fikirlərini bölüşüb. MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Kazım Ələkbərov kimi dəyərli qələm sahiblərinin həyat yolunun örnək məqamlarının gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb. Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, jurnalistlər Məzahir Süleymanzadə və Mehman Fərzullayev Kazım Ələkbərovun xarakterik iş xüsusiyyətlərindən bəhs edib, xatirələrini bölüşüblər.

XC