Şeyx və komitə sədri Şəkidə dini icma rəhbərləri ilə görüşüblər Hadisə

Şeyx və komitə sədri  Şəkidə dini icma rəhbərləri ilə görüşüblər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şəki şəhərində dini icma rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüşüblər.
Qafqaz Müsəlmanları İdarəsinin, Dövlət Komitəsinin və Şəki Rayon İcra Hakimiyyətinin nümayəndələri əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə görüşdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, hazırda dünyada olan münaqişələrin böyük hissəsi təəssüf ki, müsəlman dünyasına aiddir və bu, hər birimizi narahat edir. Komitə sədri islam dünyasında belə hadisələrin baş verməməsi üçün əməli tədbirlərin həyata keçirilməsinin vacibliyini önə çəkib.
Vurğulanıb ki, müstəqilliyimizin bərpasından sonra ölkəmizdə bütün sahələr üzrə dövlətin siyasəti müəyyən edilib, istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın uğurları göz önündədir və bu uğurlar bölgələrin timsalında da aydın hiss olunur.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, müfti Salman Musayev çıxış edərək, dövlətin dindarlar üçün hər cür şərait yaratdığını bildirib, din adamlarına bunu layiqincə qiymətləndirmələrini tövsiyə edib.
Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bölgəyə budəfəki səfərinin məqsədi bu rayonlarda mənəvi həyatın necə inkişaf etdiyini görmək, din xadimlərinin insanlara necə xidmət etmələri, müqəddəs "Qurani-Kərim"i xalqa necə çatdırmaları ilə əyani tanış olmaqdır.
Sovet dövründə dini təhsil verən ali məktəblərin açılmasının çətin olduğunu diqqətə çatdıran QMİ sədri, bu baxımdan Azərbaycanın rayonları içərisində Şəkidə fəaliyyət göstərən İslam Mədrəsəsinin çox böyük əhəmiyyət daşıdığını bildirib. Allahşükür Paşazadə savadlı din xadimlərinə böyük ehtiyac duyulduğunu vurğulayıb.
Şeyxülislam və onu müşayiət edən şəxslər daha sonra Şəki şəhər Cümə Məscidinə gəlib, cümə namazı qılıb, dualar ediblər. Həmçinin şəhidlərin ruhuna qiyabi cənazə namazı qılınıb.
Qeyd edək ki, bu gün QMİ sədri Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Qax şəhərində dini icma rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüş keçirəcək.