Nakoman qadınlar... Hadisə

Nakoman qadınlar...

Onları müalicə etmək çox mürəkkəb məsələdir, çünki qadınlar narkotikadan asılılığa tez düşürlər, ona daha çox bağlanırlar

Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyevin fikrincə, narkotikdən asılılığı olan qadınların ölkədəki göstərilən statistikası reallığı əks etdirmir: "Azərbaycan Avropaya inteqrasiya edir. Digər submədəniyyətlərlə yanaşı, qadınlarımız arasında tütün və narkotik istifadəçiləri də əmələ gəlib. Bu gün rəsmi qeydiyyatda 500 narkoman qadın var. Bu rəqəm reallığı əks etdirmir. Rəsmi məlumatlar real mənzərənin 10-15 faizini əks etdirir".
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin yaydığı illik hesabatda Azərbaycanda ötən il ərzində respublikanın narkoloji xidməti tərəfindən qeydiyyata alınan narkotiklərə düçar olanların ümumi sayı 27 910 nəfər olub. Anonim qeydiyyata alınanların sayı isə 567 nəfər təşkil edib ki, bu da ondan əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Qeydiyyata alınan narkomanlardan 528 nəfərini qadınlar təşkil edir. Bu əvvəlki illə müqayisədə 17 nəfər çoxdur. Yaş qruplarına gəldikdə, daha çox say - 11088 nəfər 40-59 yaş arasında olanlara aiddir.
Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin 2007-ci il Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası adlı hesabatına görə, Azərbaycan əsas narkotranzit ölkələrdən biridir. 90-cı illərdə keçmiş Yuqoslaviya ərazisində müharibə getdiyindən "Balkan marşrutu" bağlanıb ve beləliklə, Azərbaycan əsas tranzit marşrutuna çevrilib. Hesabatda bildirilir ki, Azərbaycanda 180-200 min narkoman var və onların 30-35 faizi tələbələrdir. Lakin Azerbaycan hökumətinin rəsmi statistikasında bu rəqəm 18 min göstərilir. Qeyd edək ki, narkotik maddə istifadəçilərinin çoxu əsas şəhərlərdə və İranla sərhəddə yerləşən Lənkəran rayonunda (64,6 faiz) yaşayır. Hətta gənc qadınlar arasında da narkotik maddələrdən istifadə halları çoxalıb. Lənkərandan sonra həmin sırada Bakı və Gəncə durur.
Həkimlərin dediyinə görə, Azərbaycanda ən təhlükəli narkotika "heroindir". Ondan bir-iki dəfə istifadə etdikdən sonra xəstəlik formalaşır. Ümumiyyətlə, ölkədə ən çox istifadə olunan narkotik maddələr "opiat" qrupuna aid olanlardır ki, buraya "heroin", "həşiş" və s. maddələr daxildir. Sovet dövründə həmin qrupa aid olan "morfinq", "promidol" və başqaları preparat olaraq, ağrıkəsici kimi istifadə edilirdi. Onları isə xəstəxanada tapmaq çətin idi. Həkimlərin bildirdiyinə görə, Sovet dönəmində, əsasən, "kanabionit" qrupuna aid olan "anaşa", "marixuana" və sair bu kimi narkotik maddələrdən istifadə olunurdu. Bunlar yüngül qrupa aiddir. Birinci qrupa aid olanlar qısa bir müddətdə güclü asılılıq yaradır. Hər maddədən istifadə edən şəxs narkoman olmur. Harkomaniyanın ilkin əlamətləri psixi və fiziki asılılıqdır. Digər əlamət dəyişilmiş registativ sindromdur. Yəni insan narkotik qəbul edəndə, ilkin olaraq, özünü çox pis hiss edir, ürək bulanma, qusma başlayır. Çünki birinci dəfə, normal insan olduğundan, orqanizmin toksik maddəyə reaksiyası olur. Bir neçə dəfədən sonra artıq vərdiş edir və asılılığa düşür. Ancaq maddəni qəbul edəndən sonra özünü normal insan kimi hiss etməyə başlayır. Yəni reaktivliyi dəyişir. Sadalanan əlamətlərdən bilinir ki, şəxs narkomandır, yoxsa yox.
Həkimlər bildirir ki, narkotik toksin maddə olduğundan, şəxsin bütün daxili orqanlarına mənfi təsir edir. Ürək-damar sistemindən tutmuş, nevroloji sferaya qədər təsir edərək xarakterini dəyişir. Onlar həmin maddəni qəbul edəndə normal adam olur, lakin vaxtı qurtaran kimi onun üçün nə ana, nə ata, nə də ailə olur. Xəstə narkotik qəbul edənə qədər özünü idarə edə bilmir. Bu zaman ona nə desən razı ola bilər, təki istədiyiylə təmin oluna bilsin. Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Çünki qəbul etdikcə, təsiri hiss etmək üçün dərəcəni artırmalıdır. Son olaraq, elə bir həddə çatır ki, 20 normal adamı öldürə biləcək bir dərəcəni birdəfəyə qəbul edir. Yəni 80-90 milliqram narkotik normal adamı öldürür. Onlar isə sutkada 3000-4000 milliqram dərəcəsində narkotikdən istifadə edirlər. Bu, bir müddət davam edə bilər. Bir anda toksik maddə beyində tənəffüs mərkəzinə gedir və nəfəs yerindəcə kəsilir. Azərbaycanda bir narkoman xəstənin müalicəsinə ilkin mərhələdə 60-100 manat sərf olunur: "Qanunla narkomanların müalicəsi pulsuzdur. Lakin xəstələr dərmanlara xərc çəkir. İlkin mərhələ - bir həftəlik müalicə 60-100 manat arası başa gəlir. Müalicə iki aylıq olur, bəzən olur ki, illərlə gedir. Söhbət tək fiziki deyil, həm də psixoloji terapiyadan gedir. Sağalmaq insanın öz iradəsindən, xarakterindən asılıdır.
Bakı şəhərinin baş narkoloqu Lyudmila Cəfərovanın sözlərinə görə, Azərbaycanda qadın-narkomanların sayı çoxdur. Belə ki, ona müraciət edən on narkomandan ikisi qadındır: "Onlar əsasən seks sənayesinin işçiləridir, amma elə də olur ki, qadının əri, sevgilisi və ya uşaqları onu "iynəyə otuzdurur".
Narkoloqun sözlərinə görə, qadın narkomanları müalicə etmək onların təbiəti və psixikası etibariylə çox mürəkkəbdir, çünki qadınlar asılılığa tez düşürlər, daha çox bağlanırlar və daha çox emosional olurlar. Narkoman qadınların yaşı 18-dən başlayaraq 35-40 arasında tərəddüd edir, amma hərdən 16-17 yaşlı qızlarda da rast gəlinir.
Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova deyir ki, digərlərilə müqayisədə əsasən varlı gənc qızlar narkomanlığa məruz qalırlar. Çünki bu üsulla varlılardan pul qopartmaq asandır. Onun bildirdiyinə görə, kişilər öz arzularına görə narkoman olurlarsa, qadınları, əksinə, buna "otuzdururlar": "Əsas səbəb isə odur ki, qadın istənilən halda narkotikin pulunu ödəyə biləcək. Pulu olmasa belə, fahişəliklə məşğul olub birtəhər narkotikin pulunu çıxaracaq. Ən böyük bəla burasındadır ki, cənubda, Lənkəran və Masallıda, mentalitetə fikir verən və cəmiyyətin adamlara nəzarət etdiyi bir yerdə də çoxlu qadın-narkomanlar var. Məsələ burasındadır ki, orda qadınların köməyindən daha çox narkotiklərin idxalında yararlanırlar".
"Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova narkoman qadınların etirafları ilə bağlı video çarx hazırlayıb. Onun bildirdiyinə görə, narkobizneslə məşğul olanların hədəfi artıq dəyişib: "Daha çox müştəri yığmaq və qazanc əldə etmək üçün narkobizneslə məşğul olan şəxslər artıq bir neçə ildir ki, hədəf olaraq qadınları və uşaqları seçirlər. Hər kəs bilir ki, xarici və eləcə də bizim ölkədə narkotik vasitələrdən küllü miqdarda pul götürülür. Bu biznesdən qazanc əldə etmək üçün insanları narkomaniyaya cəlb edərək asılılıq yaratmaq lazımdır. Qadınların bəziləri isə öz istəkləri ilə bu yola düşürlər. Onları bu bəlaya düşməsinin səbibi təklik, çətin vəziyyət, depressiya, hər hansı bir formada ətrafdan, yaxınlardan dəstək almamaq, zorakılıq kimi hadisələrdir. Belə olan təqdirdə cinayətkarlar onları asan yolla qurbanlarına çevirirlər". Mehriban Zeynalovanın sözlərinə görə, bəzi qadınlar öz həyat yoldaşları tərəfindən narkotikə alışdırılırlar. Çox qəribə bir haldır ki, zərif cinsin nümayəndələri özlərinə doğma, yaxın bildikləri həyat yoldaşları və sevgililəri tərəfindən belə pis yola cəlb edilirlər: "Belə hallar daha çox Gürcüstanda geniş vüsət alsa da son illər Azərbaycanda da rast gəlinir. Narkotikə vərdiş edən qadının pulu yoxdursa, narkotik satan şəxs onu fahişəliyə təhrik edir. Bu yolla qadınlara pul qazandırırlar ki, daha sonra gəlib onlardan narkotik ala bilsinlər".
Mehriban xanımın bildirdiyinə görə, belə xanımlar normal həyat tərzinə qayıtmaları üçün istənilən halda reabilitasiya proqramları keçməlidilər. Mehriban xanımın bildirdiyinə görə, narkotikdən asılı olan qadının özünü realizə edə bilməsi üçün yeni mühit yaradılmalıdır ki, həmin çevrədən çıxa, özünü təsdiq edə bilsin. Əgər şəxsin iradəsi olsa, həmçinin ona mütəxəssislər yardım edərsə, vəziyyətdən çıxmaq mümkündür: "Ən çətini isə budur ki, müalicə olunan insanlarda keçmiş vərdişlərinə qayıtmaq arzuları üzə çıxır. Son bir neçə ildə narkotikdən istifadə edən qadınlar və azyaşlılar arasında narkomaniyadan qurtulmaq üçün bizə müraciət edənlərin sayı çoxalıb. Bu o deməkdir ki, narkotik alveri ilə məşğul olan insanların qurbanları gündən günə artır. Maraqlı məqamlardan biri isə imkanlı ailələrin övladlarının bu yola sürüklənməsidir. Bu cür insanlar iki halda narkotikə qurşanır. Birincisi, sadəcə narkotikdən istifadə etmək istəyirlər. Yəni, imkanlı uşaqdır, həyatda hər bir şeyin dadını görüb, başqa heç nədə özünü tapmır. Nəticədə isə çalışır ki, narkotikdən daha çox həzz alsın".
Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir. Çünki narkodillerlər - narkotikləri satan insanlar daima yeni alıcı axtarışında olur. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Abstinensiya halı çox əziyyətli olduğuna görə narkotikdən istifadə edən gənc yeni doza əldə etmək üçün əlindən gələni edir. Narkotikdən istifadə edənlərin əksəriyyəti gənc ikən ölür - onlar cinsi yolla yoluxan infeksiyalara, o cümlədən HİV-lə və ya hepatit S-yə yoluxur, bəziləri isə uzun müddət müalicə alaraq ailəsi və cəmiyyət üçün bir yükə çevrilir.
Məsələ ilə bağlı fikir bildirən Azadqadın.az informasiya portalının rəhbəri Aynur Qurbanqızının sözlərinə görə, narkoman qadınların sayının artması bir neçə amillə bağlı ola bilər: "Bunlardan biri qadınların bəzi mental dəyərlər sayəsində kölə halına salındığı bir cəmiyyətdə özlərini bədbəxt hiss etməsidir. Narkotik qəbul edərkən insanda xoş, sevinc hissləri yaranır və bir çoxları öz dərdlərini unutmaq üçün, müvəqqəti də olsa, süni şəkildə özlərində xoşbəxtlik hormonları yaratmaq istəyir. Bu, depresiya halında çoxlarının ağlından keçən bir şeydir. O anda ətrafında narkoman kimsə varsa və həmin insan da zəif xarakterə malikdirsə, sözsüz ki, o, tora düşəcək. Düşünürəm ki, bunun üçün ciddi maarifləndirmə işləri aparılmalıdır və hər kəs bilməlidir ki, müvəqqəti xoşbəxtlik vərdiş halına keçdikdə daimi bədbəxtliyə gətirir. Mən çox xanım tanıyıram ki, bunu dərk etdiyi üçün bu fikirdən vaz keçib, bəziləri isə özünü inandırır ki, 1-2 dəfə istifadə ilə heç nə olmaz. Əslində hər şey elə ilk istifadədən başlayır..."

Ülviyyə Tahirqızı