Lənkəranski niyə qətlə yetirildi? Hadisə

Lənkəranski niyə qətlə yetirildi?

Türkiyədə Rusiyanın kriminal aləminin "general"ı sayılan azərbaycanlı Rövşən Lənkəranskiyə sui-qəsd edilib. Hadisə nəticəsində ağır yaralanan Lənkəranski həkimlərin səyinə baxmayaraq, bir neçə saatdan sonra dünyasını dəyişib.
"Rosbalt" agentliyinə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Rövşən Lənkəranski "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovun həbsindən sonra baş verən kriminal münaqişənin qurbanı olub.
Cari ilin iyul ayında Zaxari Kalaşov həbs edildikdən sonra onun rəqibləri Merab Suxumski (Canqveladze) və Rövşən Lənkaranski xeyli fəallaşmışdı.
"Onlar Şakro Molodoyun Aslan Usoyan (Ded Xasan) və Tariyel Oniani (Taro) arasında olan münaqişə ilə əlaqədar "qanuni oğru" tituluna qoyduğu qadağını ləğv ediblər. Rövşən Lənkəranski məhz bu fəallığın qurbanı olub" - deyə mənbə bildirib.
Hələlik Lənkəranskinin kimin sifarişi ilə qətlə yetirilməsi dəqiq bilinmir. Qətldə "Şakro Molodoy"un əlinin olduğu ehtimal olunur. Çox güman ki, Aslan Usoyanın intiqamını almaq üçün bu qətl törədilib.
Məlumat üçün bildirək ki, Rövşən Lənkəranski Aslan Usoyanın qətlinin sifarişçisi hesab olunurdu. Usoyanın öldürülməsindən sonra qruplaşmalar arasında bir neçə dəfə qanlı toqquşmalar baş vermişdi. Bundan öncə də Lənkəranskiyə bir neçə dəfə sui-qəsd cəhdi edilmişdi.
Xatırladaq ki, bir müddət əvvəl İrəvanda keçirilən "qanuni oğrular"ın "sxodka"sında Lənkəranskinin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul olunması barədə məlumat yayılmışdı. Həmin "sxodka"da onu 2013-cü ildə Ded Xasanın ölümündə günahkar biliblər.