“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik" İdman

“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik"

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”a qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında iştirak edib.

İngiltərəli mütəxəssis Azərbaycan təmsilçisinin güclü tərəflərini bildiklərini deyib.

“Sabah”dan nə gözlədiyi ilə bağlı suala cavab verən Karrik rəqibin yaxşı məşqçi tərəfindən hazırlandığını vurğulayıb:

“Onlar çox yaxşı məşqçi tərəfindən çalışdırılan komandadır. Çox oyunlarda qalib gəliblər və özlərinə inamlıdırlar. Komanda şəklində yaxşı pressinq edirlər. Buna görə də hansı rəqiblə qarşılaşacağımızı bilirik”.

Karrik Çempionlar Liqasında böyük hədəflərinin olduğunu, lakin realist yanaşmağın vacibliyini bildirib:

“Turnirdə irəli getmək üçün növbəti addımı atmaq özümüzdən asılıdır. Təvazökar və realist olmalıyıq. Biz həqiqətən böyük işlər görməyə qadirik. İstənilən rəqiblə qarşılaşıb qalib gələ bilərik”.

“Mançester Yunayted”in son illərdə Avropa turnirlərindəki nəticələrinə də toxunan Karrik komandasının inkişaf etməli olduğunu söyləyib:

“Yaxın keçmişdə hansı nəticələrimizin olduğunu anlayacaq qədər təvazökar olmalıyıq. Bu, uğur qazanmaq istəyimizi azaltmır. Amma realist olmaq lazımdır. Bu mərhələyə hazır olan komandamız var. Öyrənməyə və inkişaf etməyə davam etməliyik”.

Baş məşqçi “Sabah”la oyunda rotasiyanın mümkün olduğunu da qeyd edib:

“Əsas məsələ heyəti düzgün idarə etmək və futbolçularımıza güvənməkdir. Oynamağa hazır olan hər kəs meydana çıxa bilər”.

Sıx təqvim və qarşıdakı Mançester derbisi ilə bağlı danışan Karrik bunun onu narahat etmədiyini deyib:

“İdeal vəziyyət deyil, amma bununla bağlı edə biləcəyimiz çox şey yoxdur. Bizə düşən vəziyyətə uyğun hərəkət etməliyik”.

Karrik Çempionlar Liqasında mümkün qədər irəli getmək istədiklərini vurğulayıb:

“Əsas çağırış budur – Çempionlar Liqasında qalmağa davam etmək. Bura gəlmək üçün yaxşı iş görmüşük, amma irəliləmək istəyirik. Bizdə nəyəsə nail ola biləcəyimizə dair gözlənti, ümid və inam olmalıdır. Cavab həmişə qələbə qazanmaqdır. Nə qədər çox oyun qazansaq, turnirdə daha irəli getmək şansımız da bir o qədər çox olar”.

İngiltərəli mütəxəssis Çempionlar Liqasını xüsusi turnir adlandırıb:

“Bu, sehrli turnirdir. Biz məhz burada olmaq istəyirik. Bu fürsətdən maksimum yararlanmaq niyyətindəyik. Ən yaxşılarla qarşılaşaraq özünü sınamaq üçün ən yaxşı yarışdır. Burada olduğumuz üçün çox şadıq, amma bura sadəcə bu anın dadını çıxarmaq üçün gəlməmişik. Biz bura işimizi görməyə gəlmişik”.

Karrik futbolçu kimi Çempionlar Liqasını qazanmasını karyerasının ən böyük uğuru hesab etdiyini də bildirib:

“Bəli, şübhəsiz, futbolçu kimi yaşadığım ən gözəl hiss idi. Uzun illər yüksək səviyyədə oynamaq insana məmnunluq verir, amma Çempionlar Liqasını qazanmaq yaşadığım ən gözəl hissdir. Bunu yenidən yaşamaq çox gözəl olardı”.

Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” oyunu sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.