“Elm haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq Hadisə

“Elm haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Magistrlərə və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi nəzərdə tutulur

"Elm haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. APA-nın xəbərinə görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, qanun layihəsi keçən ilin payız sessiyasından hazırdır.
Hazırda bəzi xərc tutumlu maddələrin müzakirəsinin aparıldığını deyən Ş.Hacıyev qeyd edib ki, qanun layihəsi ilə bağlı bütün rəylər, təkliflər, iradlar, tövsiyələr nəzərə alınıb: "Yalnız xərc tutumlu maddələrin müzakirəsi gedir. Bu işlər tamamlanandan sonra "Elm haqqında" qanun layihəsi Mili Məclisin plenar iclasının müzakirəsinə çıxarıla bilər".
Komitə sədri qeyd edib ki, magistr və doktoranturada təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinə dair maddə qanun layihəsində öz əksini tapıb: "Bəzən ictimaiyyətdə belə fikir formalaşır ki, magistr və doktoranturada oxuyanlar hərbi xidmətə getməyəcək. Amma burada söhbət yalnız möhlət hüququndan gedir. Təhsil Boloniya prosesinə əsasən 3 pilləlidir: bakalavriat, magistratura və doktorantura. Biz hər 3 pillədə oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinin tərəfdarıyıq. Bu məsələ Elm haqqında qanun layihəsində öz əksini tapıb. Biz çalışacağıq ki, layihə bu sessiya başa çatana kimi müzakirəyə çıxarılsın".
Möhlətin hansı formada veriləcəyinə gəlincə, komitə sədri qeyd edib ki, oğlan tələbələr bakalvriatı başa çatdırıb magistraturaya qəbul olunacaqsa, həmin şəxslər-magistrlər hərbi xidmətdən möhlət hüququ almaq hüququna malik olacaq. Onun sözlərinə görə, bu eyni zamanda magistraturadan doktoranturaya keçənlərə də şamil olunacaq.