Ərdoğanın seçimi Hadisə

Ərdoğanın seçimi

Arzu Şirinova

Ermənilər qondarma soyqırımlarını bəzi dövlətlər istisna olmaqla, bütün dünyada qeyd elədilər. Olmayan bir "soyqırım"la bağlı ilk olaraq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan danışdı və ölən ermənilərin nəvələrinə baş sağlığı verdi. Ərdoğanın baş sağlığından və dediklərindən razı qalan Ermənistan prezidenti Serj Sarkisyandan cavab gəldi: "Türklər bizim düşmənimiz deyil". Sarkisyanın bu sözlərinin riyakarcasına dediyi çox çəkmədi. Praqada keçirilən "Şərq Tərəfdaşlığı" sammitində çıxışı zamanı Sakrisyan Türkiyənin ünvanına ittihamlar səsləndirdi.
Birmənalı olaraq deyə bilərəm ki, baş nazirin qondarma soyqırımla bağlı mövqeyi Türkiyənin, eləcə də bütün türk dünyasının arxasından sancılan xəlcəldir ki, hər an gözlənilən idi. Ancaq Ərdoğandan fərqli olaraq Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin yanında olduğunu öz mövqeyi ilə bir daha təsdiqlədi və elə həmin sammitdə Sarkisyanın cavabını verdi: "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən burdayam və sizə cavab verirəm"...
...Türkiyədə AKP hakimiyyətə gələndən bu ölkənin çərxi dəyişib-ordu milli qüvvələrdən təmizlənib, şəxsiyyətə pərəstiş son həddə çatıb, Atatürkün qoyduğu təməl prinsipləri laxladılır və yaxud yox edilir, hətta Türkiyənin qurucusunun şəkillərinin türk lirəsindən götürülməsini istəyib, onun qısqanclığı o həddə çatıb ki, bələdiyyə seçkilərində Atatürkün şəkillərinin meydanlarda qaldırılmasını pisləyib və yığışdırılmasını əmr edib.
Yüz minlərlə türkün qanını tökən, qocalara, uşaqlara aman vermədən qətlə yetirən, Türkiyəyə ərazi iddialarını ortaya qoyub parçalamaq planını gizlətməyən və bütün bu əməllərinə görə də ömürlük həbsə atılan Abdullah Öcəlanın, eləcə də onun kimi əməl sahiblərinin azad olunması üçün Ərdoğanın artıq hazırlıq işləri başlanması tapşırığı verdiyini türk mətbuatı bəyan edib...
... Ermənilərə sevgisi isə göz qabağındadır. Hakimiyyətə gələndən bəri Ərdoğan dəfələrlə fəxrlə deyib ki, Ermənistanla ticarət dövriyyəsi artırılıb, hava yolu ilə Ermənistanla əlaqələr qurulub və ermənilərin rahatlıqla Türkiyədə fəaliyyət göstərmələri, yaşamalırı üçün hər cür şərait yaradılıb. Ərdoğan Türkiyə türklərinin və Azərbaycan türklərinin təpkisini görməsəydi Ermənistanla sərhədləri də açardı. Ancaq hələlik buna cürət eləmir. Güman ki, ermənilər qondarma soyqırımlarının 100 illiyin qeyd edən ərəfədə bu addımını atmaqla onları sevindirəcək...
...Ərdoğanın bu cür addımlarının nəyə hesablandığı bəllidir-Türkiyədə avqust ayında prezident seçkiləri keçiriləcək və baş nazir prezident kürsüsünə iddialıdır. Prezident seçkiləri isə xalqın seçimi ilə olacaq. Aparılan siyasət ona hesablanıb ki, bu seçkilərdə Ərdoğan kürd separatçılarına və ermənilərə sevgisinin və dəstəyinin qarşılığını görəcək. Sual oluna bilər ki, sözügedənlər Türkiyədə azlıq təşkil edirlər, onların dəstəyinə ehtiyac varmı? Bu dəstəyi kürd separatçılarını və erməniləri müdafiə edən böyük dövlətlər verəcəklər. O da şərtlə-qarşılığını almaqla. Yəni Ərdoğanın qondarma soyqımın 100 illiyində Türkiyəni aşağılayan bəyanatla çıxış eləməsi-artıq bunun təməli bu ildən qoyuldu-Ermənistanla sərhədlərin açılması və terrorçu Öcalanın əfv olunması müqabilində...