Heydər Əliyev Fondundan növbəti humanist addım Hadisə

Heydər Əliyev Fondundan növbəti humanist addım

Mehriban Əliyeva valideyn himayəsindən məhrum olan gənclər üçün tikilmiş binanın açılışında iştirak edib
Abşeron rayonunun Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclərin yerləşdirilməsi üçün 120 mənzildən ibarət daha bir binanın açılışı olub.
Mərasimdə iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 120 mənzillik başqa bir binanın da təməlini qoyub.
Birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, iki blokdan ibarət binadakı mənzillərin hamısı yüksək səviyyədə təmir olunub, mebel və digər inventarla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada körpələr evi, mərasim və digər tədbirlər üçün zallar yaradılıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsib.
Ötən illərdə paytaxtın müxtəlif yerlərində Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən bu cür mənzillər Azərbaycan vətəndaşına, onun problemlərinin həllinə yönələn möhtəşəm layihə olmaqla yanaşı, həm də birinci xanımın sosial müdafiəyə daha çox ehtiyacı olan insanlara, xüsusilə də uşaq evlərindən çıxmış gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Mehriban Əliyeva yeni mənzilin sahibləri olan qızlarla görüşüb. Qızlar Azərbaycanın birinci xanımına gördüyü işlərə, hər zaman onlara dəstək verdiyinə görə təşəkkür ediblər, bu mənzillərin onlar üçün Yeni il ərəfəsində ən gözəl hədiyyə olduğunu deyiblər. Mehriban Əliyeva da onları yeni mənzillərə görə və qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ərazidə sayca üçüncü 120 mənzilli, 13 mərtəbəli binanın təməlini qoyub. İnşa olunacaq binanın birinci mərtəbəsində uşaq bağçasının yerləşdirilməsi nəzərdə tutulub.