Zabratda əlillər üçün sosial reabilitasiya mərkəzləri açılıb Hadisə

Zabratda əlillər üçün sosial reabilitasiya mərkəzləri açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunmuş yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin açılışı olub.
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılışda iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verib.
Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan prezidenti, xanımı və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış olublar. Mərkəzdə 12 çarpayılıq 4 palata, camaşırxana, metodika və stolüstü oyunlar otaqları da yaradılıb. Kompleksin 2800 kvadratmetrə yaxın tədris korpusunda okulist, terapevt, oftalmoloq, psixoloji təhlil, masaj, ayaq hissiyyatının artırılması və əl ağacından istifadəyə dair təlim, görmə imkanı məhdud şəxslərin vizual təsəvvürünün və yaddaşının inkişafı üçün təlim otaqları, həmçinin yeməkxana yaradılıb.
Sonra prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaqda yaradılan şəraitlə tanış olublar. Ümumi sahəsi 2011 kvadratmetr olan üçmərtəbəli binada həkim otağı, tibbi müayinə, qəbul-qeydiyyat şöbəsi, yeməkxana və mətbəx, camaşırxana, təmiz inventar otaqları yaradılıb.
Dövlət başçısı və xanımı yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzində yaradılan şəraitlə tanış olublar.