“Balaca oğlum qapılarda qalıb” Hadisə

“Balaca oğlum qapılarda qalıb”

Gülər Əhmədova: "Nəyə görə Binəqədinin prokuroru şərti iş alır, lakin bu mənə şamil edilmir?"

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi dünən davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkilləri bir neçə vəsatət veriblər, lakin onların heç biri təmin edilməyib.
Sonra Gülər Əhmədova məhkəmədə ifadə verib. Bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sevinc Babayevanın onun başına açdığı oyunları qismən danışıb: "Çünki ölmüş adamın arxasınca danışmağı düzgün hesab eləmirəm. Video ilə bağlı deyə bilərəm ki, onlar montajdır, ekspertlərin çıxışları da bunu təsdiq elədi. Həmin videolarda xeyli qüsur var. Elşadın dediklərinə gəlincə, əgər onun məndə pulu olsaydı, bu qədər vaxt susmazdı. 7 il ərzində mənim iş yerimə, hər gün efirdə olan qardaşıma, həyat yoldaşıma gəlib deyə bilərdi. Bu adam sonuncu müsahibəsini də ANS-ə verib, sonra Fransaya gedib. Arzu Kazımovun və digərlərinin işində pulun alınıb-verilməsi təsdiq olunub. Arzu Kazımov 3 il müddətinə həbs olunub, Binəqədinin prokuroru isə şərti cəza alıb. Lakin mənim işimdə bu sübutlar olmaya-olmaya 3 il həbs veriblər. Mətbuatda bu işləri inqubator cücələri kimi eyniləşdirirlər. Amma elə deyil. Mən Azərbaycan dövlətinə xidmət etmiş adamam, anayam, qadınam, bu gün də dövlətçiliyə xidmət edirəm. Heç vaxt bu yoldan dönən deyiləm. Nəyə görə Binəqədinin prokuroru şərti iş alır, lakin bu mənə şamil edilmir?
Mən üç dəfə seçkidən keçmişəm. Mənim müxtəlif təbəqələrdən olan adamlara ehtiyacım olurdu. Sevinc mənimlə bağlı heç vaxt rəsmi vəzifə tutmayıb, mənim rəfiqəm olmayıb. Mən bir millət vəkili kimi çox insana kömək etmişəm.
Bilirsiniz ki, yıxılana balta çalan çox olar. Məni Azərbaycanın bir nömrəli pis adamı kimi təqdim etməyə çalışırlar. Həmişə reklamlardan uzaq olmağa çalışmışam".
Gülər Əhmədova daha sonra ailəsinin dramatik vəziyyətdə olduğunu deyib: "Anam xəstədir, yoldaşım xəstədir, balaca oğlum qapılarda qalıb. Məni Heydər Əliyev siyasətə gətirib. Mən hər zaman bu yolda olacağam. YAP-da olub-olmamın heç bir fərqi yoxdur. Kimsə YAP-dan çıxan kimi mövqeyini dəyişirsə, mən onu etməyəcəyəm. Məni heç kimlə səhv salmasınlar.
Düzdür, prokurorluq mənə çox əziyyət edib. Amma incikliyim yoxdur. Bura Azərbaycandır. Mən öz ölkəmdən heç yerə şikayət edən deyiləm. Güllələnmə versələr belə, fikrimi dəyişməyəcəyəm".
Dövlət ittihamçısı G. Əhmədovanın çıxışına etiraz edərək onu mahiyyəti üzrə ifadə verməyə dəvət edib.
Daha sonra G. Əhmədova sualları cavablandırıb.
O bildirib ki, Qazaxa gedəndə ona ölkədən çıxmasına qadağa qoyulduğunu bilirmiş: "Qazaxın prokuroru və polis şöbəsinin rəis müavinini gəlib dedilər ki, axtarış aparmalıdırlar. Hər şeyə baxdılar, hətta qadına məxsus şeylərə. Xahiş elədim ki, heç olmasa, məni maşının yanına aparmayın, hamı məni tanıyır. Dedilər ki, mümkün deyil. Mənə dedilər ki, disk, ya da yaddaş kartı axtarırlar. Guya məndə kiminsə barəsində məlumat olan disk var. Bunu mənim əleyhimə olan adamlar mətbuatda yaymışdılar. Sonra Bakıya gətirdilər. Gecə saat 10-da dedilər yazın ki, Elşadın pulun qaytaracağam. Mən də gülüb dedim ki, nə istəsəniz yazacağam, amma öz bildiyimi də yazacağam. Razılaşdıq. Yazdım ki, Elşaddan pul almamışam, heç kimə pul verməmişəm. Soruşdum ki, nə qədər pul qaytarmalıyam? Dedilər, bir milyon manat. Cavab verdim ki, məndə bu qədər pul heç vaxt olmayıb, mümkün deyil. Müstəntiq isə dedi, yaz ki, evimi satıb hissə-hissə qaytaracağam. Yatsam, heç yuxuma da girməzdi ki, mənə belə münasibət olar. Bakı Şəhər Prokurorluğunda yazmışam ki, işgüzar nüfuzuma xələl gəlməməsi üçün pulu qaytararam, özüm çadırda yaşayaram. Məni həbs elədilər, amma Elşadın qardaşı hələ də oturub prokurorluqda..."
G.Əhmədova suallara cavab olaraq özünü qətiyyən təqsirli bilmədiyini vurğulayıb. Dövlət ittihamçısı Rəsul Abbasov çıxış edərək Gülər Əhmədovanın təqsirinin öz təsdiqini tapdığını, onun çıxışının özünü müdafiə xarakteri daşıdığını deyib.
Prokuror məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını və hökmün qüvvədə saxlanmasını istəyib.
Qeyd edək ki, günün birinci yarısında məhkəmədə Gülər Əhmədova ifadə verib. Daha sonra prosesdə istintaqın tamamlanması barədə müzakirələr aparılıb.
G. Əhmədova və vəkilləri istintaqın tamamlanmasına etiraz ediblər. Lakin məhkəmə istintaqın tamamlanması barədə qərar qəbul edib.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.