Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi Hadisə

Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi

Hazırda Abşeron yarımadasının bir hissəsinin şollar suyu ilə təmin olunması təkcə 100 il bundan öncə üçün deyil, indiki dövr üçün də önəmli faktordur. 100 il bundan əvvəl həyata keçirilən bu layihə nəhəngliyi ilə yanaşı, eyni zamanda, əhəmiyyəti ilə də fərqlənib. Bu su kəmərinin çəkilməsi ilə Bakı şəhəri suya tələbatını ödəməklə yanaşı, həm də keyfiyyətli su ilə təmin olunub ki, bununla da o dövrdə su qıtlığından əziyyət çəkən şəhər sakinlərinə rahatlıq bəxş edilib. O zaman Bakıda yaranan su qıtlığı, quyuların suyunun şoranlaşması əhali arasında xəstəliklərin də artmasına səbəb olurdu. Şollar bu problemin də aradan qaldırılmasında həlledici rol oynadı.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin saytında yer alan məlumatda bildirilir ki, "Şollar" Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Birinci Bakı Su Kəməri adı ilə tarixə düşən bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür. İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında çəkilən su kəmərinin tikintisi 20-ci əsrin əvvəllərinə təsadüf edir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ilə yaxındır ki, Bakı əhalisinin su ilə təminatında əhəmiyyətli rol oynayır.
Mənbəyini Bakıdan 187 kilometr məsafədən götürən "Şollar" su kəmərinin tikintisinə 1911-ci ildə başlanıb. Lakin kəmərin tikintisində fasilələr yarandığından "Şollar" suyu Bakı əhalisinə 6 ildən sonra 1917-ci ildə çatdırılıb...1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib.

Tarixi faktlar, ziddiyyətli iddialar

Tarixçi Elmar Həsənov bildirdi ki, həmin dönəm Azərbaycanda üç quyu kəmər sistemi mövcud olub. Onun fikrincə, bu da əhalinin içməli su ilə təmin etməkdə çətinlik yaradirdi: "Bu problemləri aradan qaldırmaq üçün yeni su kəmərinin çəkilməsinə ehtiyac vardı. 1879 -cu ildə Bakı şəhər dümasının üzvü, neft milyonçusu Hacı Zeynəlabdin Tağıyev tərəfindən su kəmərləri komissiyası yaradılır. Su mənbələrinin axtarışı üçün Tağıyev tərəfindən 1000 rubl vəsait ayrılır. Almaniya və Fransanın su və kanalizasiya sistemi ilə yaxından tanış olan Tağıyev Avropanın ən yaxşı su mühəndisi sayılan Ser Vilyam Harleyn Lindleyi Bakıya dəvət edir.1899 -cu ildə Bakıya gələn Lindley vaxt itirmədən işə başlayir Tağıyev bunun üçün ilkin 25000 manat məğləğinda pul ayırır və müqavilə bağlanır.1901- ci il iyun ayinin 23-də Bakı şəhər duması həmin müqaviləni təsdiq edir".
Tarixçi əlavə etdi ki, tikinti tenderində ilk olaraq İngiltərəinin "Qriffits"` şirkəti qalib gəlir. Tikinti işləri ləng getdiyinə, həm də borular zay hesab edildiyinə görə bu şirkətlə bağlanan müqavilə ləğv olunur. 1911-ci ildə isə Bakı Şollar Su kəməri layihəsinin reallaşdırılmasına başlanılır. 1916-cı ildə tikinti başa açtır. 1917-ci ildə yanvar ayının 22-də 187 kilometr məsafədən Şollar suyunun ilk şırnağı 63 saatdan sonra Bakiya çatır. 1917-ci il martin 1-də Kəmərin istismarına başlanılır".
Qeyd edək ki, son zamanlar bu kəmərin çəkilməsi ilə bağlı mətbuatda bəzi iddialar da yer alırdı. Bildirilirdi ki, əslində kəmər Azərbaycan Xalq Cümhuriyyətinin İsveçrə bankından götürdüyü kredit hesabına çəkilib.
Bu iddiaya da münasibət bildirən E.Həsənov əlavə etdi ki, Şollar su kəmərinin rəsmi isifadəyə verilmə tarixi 1917- ci ildir: "Bu ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edilməmişdi. AXC 1918-ci il mayın 28-də elan edildiyinə görə, bu iddiaların tarixi əsası yoxdur".
Tarixçi həmçinin vurğuladı ki, o zaman Şollar suyunun yüz vedrəsinə 75 qəpik istifadə haqqı müəyyən edilmişdi: "Lindleyin layihəsi Şollar su kəmərinin 3-cü və 4-cü növbələrinin də tikintisini nəzərdə tuturdu. Bakı əhalisinin gələcək artımını nəzərə alaraq, su kəmərinin gücünün gün ərzində 3 milyondan 12 milyon vedrəyədək artırılması planlaşdırılmışdı. Bu layihə yalnız Sovet hakimiyyəti illərində reallaşdırıldı. Su kəmərinin gücü gün ərzində 28 milyon vedrə suyadək artırıldı.
Cənab Lindleyin hədsiz xidmətləri müqabilində minnətdarlıq əlaməti olaraq, Duma ser Vilyam Harleyn Lindleyi Bakının fəxri vətəndaşı seçib. Eyni zamanda Birja küçəsinin adının dəyişdirilərək Lindley küçəsi adlandırılması barədə sərəncam vermişdi. Bakıda Şollar suyunun istismara verilməsindən 9 ay sonra ser Vilyam Harleyn Lindley Londonda ürək xəstəliyindən vəfat etdi".
Azərbaycan Su İstehsalçılar Birliyinin sədri Dövlət Məmmədov isə bildirdi ki, şollar suyunun çəkilməsi dönəmində Baki böyüyürdü: "Bundan başqa sənaye inkişaf edirdi. Əhali də çoxalırdı. Buna görə də suya təlabat günü-gündən artırdı. Quyuların suyu şoranlaşırdı. Bu isə xəstəliklərin artmasına səbəb olurdu. Bir sözlə, içməli su az idi. Ona görə də Bakını su ilə təmin etmək üçün yeni və böyük layihəyə ehtiyac yaranmışdı". D.Məmmədov əlavə etdi ki, 1879-cu ildə yaranan Şəhər duması su məsələsini həll etməyə çalışırdı: "Müxtəlif dağ mühəndislərini Abşeronda su axtarmağa dəvət edirlər. Amma nətiçəsi olmur. Qərara gəlirlər ki, Kürdən, "Samur"dan su çəksinlər. 1899-cu ildə layihə üçün Lindleyi dəvət edirlər. O bulaq sularını görəndən sonra "Şollardan çəkmək lazımdir", - deyə bildirir".
O əlavə etdi ki, 1892-ci ilə qədər əsasən quyu sularından istifadə edilirdi: "Suvarmaq məqsədilə bir çox quyulardan istifadə edilsə də içmək üçün yalnız 61 quyunun suyuna şəhər sanitar idarəsi tərəfindən icazə verilmişdi. Qeydiyyatdan keçmiş 121 nəfər su satan var idi ki, onlar da dövlətin vergisini ödəyirdilər. Xolera xəstəliyi meydana gələndən sonra bir çox quyular bağlandı. Varlı təbəqə içməli suyu bulaqlardan da çəkirdi. Qala divarları çəkiləndən sonra su üç qapı tərəfdən çəkilib şəhərə verilmişdi. Kəmərin çəkilməsinə qədər isə su təmizləyici qurğular vasitəsilə dəniz suyu təmizlənirdi və şəhərə gündə 30 min vedrə su verilirdi. Həmin su isti və paslı halda gəldiyindən içmək üçün istifadə edilmirdi. Ümumiyyətlə, şəhərin müsəlman əhalisi içməli suyu quyulardan götürüdü. Qeyd edək ki, şəhərə su həm də Adamov qardaşları tərəfindən gəmi ilə Volqadan və Kürdən gətirilirdi. Bu su da çox zamandəniz suyuna qarışmış halda olurdu. Amma əhali və neft sənayesi bu suyu istifadə etməyə məcbur idi...".

Keyfiyyət dərəcəsi nə yerdədir?

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, Abşeron yarımadasının su təchizatının 53 faizi Ceyranbatan su təmizləyici qurğularının, 23 faizi Oğuz-Qəbələ-Bakı Su Kəmərinin, 14 faizi Şollar və İkinci Bakı Su Kəmərinin, 10 faizi isə Kür suyunun hesabına təmin olunur. O, həmçinin əlavə etdi ki, şollar suyunun keyfiyyəti o dövrdə olduğu kimi indi də eyni standartda olub: "Bu kəmər 100 ildir işləyir və bu müddət ərzində şolların keyfiyyətində heç bir dəyişiklik yoxdur. Çünki kəmərin mənbəyi meşə zolağında yerləşir. Orada kənar təsirlər olmadığına görə, çirklənmə yoxdur. Ona görə də standartlara tam cavab verir. Codluğu, bulanıqlığı, elektirik keçiriliciyi və tərkibindəki menarallar, ümumiyyətlə əsas fiziki, kimyəvi, bioloji göstəricilərin hamısı standartlar çərçivəsindədir. Bu su Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər öz axarı ilə gəlir. Orada isə su xlorlanır və Bakıya ötürülür. Stansiya Sumqayıt, Tağıyev qəsəbəsi, və yolboyu bəzi yaşayış məntəqələri tamamilə şollar suyu ilə təmin olunur. Sumqayıt şəhəri isə Ceyranbatan su anbarından qidalanır".

"Standartlara cavab verir"

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, ümumiyyətlı şollar suyu da "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmizlənir, standartlara uyğun hala salınır: "Ötən ilin ortalarında mən, "Azərsu"da monitorinq apardım. Dünya Su Konqresinin iştirakçısı olaraq Fransada bu barədə bir çox məsələləri öyrənmişdim. Apardığım monitorinq zamanı məlum oldu ki, "Azərsu" Bakı və Abşeron yarımadasının digər yerlərinə verilən bu suyu ən müasir qurğularla yüksək səviyyədə təmizləyir". E.Hüseynov əlavə etdi ki, keyfiyyət məsələsində suyun ilkin mənbəsinin də böyük rolu var: "Şollar suyunun özəlliyi onun dağlardan gələn bir su olmasıdır. Ən keyfiyyətli su dağların yüksəkliyində olan qarların hopması nəticəsində yarana sulardır. Düşünürəm ki, Şollar suyu standartlara cavab verir, normaldır və digər tədbirlər də "Azərsu" tərəfindən həyata keçirilir.
Onu da nəzərinizə çatdırım ki, xalq arasında səhv bir fikir yaranıb. Hesab edirlər ki, bulaq suyunun təmizlənməsinə ehtiyac yoxdur. Amma əslində belə deyil. Bulağın gözündən su içən insanlar da səhvə yol verirlər. Bulaq suyu və yaxud dağdan gələn hər hansı bir su elə minerallar arasından keçə bilər ki, həmin mineralların suya qarışması insanları çox ağır xəstəliyə düçar edə bilər. Əlbəttə, bu baxımdan bütün suların təmizlənməsinə ehtiyac var. Amma baxır nədən təmizlənməsinə. Su ağır metallardan və pis komponentlərdən təmizlənməlidir".

İstehlakçılar nə düşünürlər?

Qeyd edək ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi də tam olaraq şollar suyu ilə təchiz olunub. Qəsəbə sakinləri bizimlə söhbətində bu amili digər yaşayış məntəqələri ilə müqayisədə üstünlük kimi qəbul etdiklini bildirdilər.
Qəsəbə sakimi Vaqif Əbiyev bildirdi ki, 30 ildən artıqdır ki, burada yaşayır: "Bu müddət ərzində daimi olaraq Şollar suyu ilə təmin olunmuşuq. Şollar suyu təmiz və keyfiyyətli sudur. Kənd yerlərində olduğu kimi istədiyimiz vaxt krantdan su içə bilirik, özü də buz kimi. Onu da nəzərinizə çatdırım ki, burada nadir hallarda su kəsilir".
Digər qəsəbə sakini Güldəstə İsrafilova isə diqqətə çatdırdı ki, qəsəbə şəhərdən kənarda olsa da bunun üstün tərəfləri də var: "Ən yaxşı cəhəti isə Şollar suyu ilə təmin olunmasıdır. Bu nəyə desən dəyər. Uzun illərdir ki, burada yaşayırıq. Amma heç zaman şəhərin mərkəzini arzulamamışam. Təqaüdçüyəm. Mənə nə lazımdır? Daimi və təmiz suyum olsun, sonra da ki, qazla işıq. Şükür olsun ki, bunların hamısı var. Ona görə də buranın palçığına batmağa dəyər".
Digər sakin Tahir Abdullayev də şollar suyunun qəsəbəyə üstünlük qazandırdığını önə çəkdi: "Suyun təmiz olması çox önəmlidir. Çünki insan ən çox sudan istifadə edir. Ona görə də təmiz su sağlam həyat deməkdir. Buna görə də, şollar suyu ilə təmin olunması qəsəbənin xüsusi cəhətdidir. Bakıda işləyirəm, 3 marşrut dəyişirəm. Hərdən fikirləşirəm ki, Baklıda yaşasaq daha yaxşıdır. Amma eyni zamanda anlayıram ki, daimi və təmiz suyumuz digər çatışmayan cəhətlərin əvəzini verir...".

Əli Zülfqaroğlu

Yazı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.