Mərkəzi Bankın İdarə Heyətinə yeni namizədlər irəli sürülüb Hadisə

Mərkəzi Bankın İdarə Heyətinə yeni namizədlər irəli sürülüb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
Komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələləri təqdim edib. İlk olaraq Alim Səlim oğlu Quliyevin, Vadim Ələddin oğlu Xubanovun, Aftandil Qasım oğlu Babayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi barədə məsələyə baxılıb. Bu sənədlə əlaqədar Ziyad Səmədzadə, Ağalar Vəliyev, Şəmsəddin Hacıyev, Xanhüseyn Kazımlı, Əli Məsimli, Mahir Abbaszadə, Aydın Hüseynov, İlham Əliyev, Rüfət Quliyev, Cavid Qurbanov çıxış edərək hər üç şəxsin bank sektorunda uzun illik səmərəli fəaliyyətindən, ölkənin pul-kredit və maliyyə sistemində həm nəzəri, həm praktik bacarıqlarından söz açıblar.

Sonra Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və "Dövlət satınalmaları haqqında" qanuna dəyişikliklər edilməsi barədə Ədliyyə Nazirliyinin nümayəndəsi Elçin Nəsibov məlumat verib.
İclasda Vergi Məcəlləsinə və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanun layihəsinə edilən texniki dəyişikliklərə də baxılıb. Komitədə müzakirə olunan bütün sənədlərin Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim edilməsi qərara alınıb.