“Azərbaycanlılarla çox oxşarıq” Hadisə

“Azərbaycanlılarla çox oxşarıq”

İyulun 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü, israilli alim Brenda Şaffer, Hayfa Universitetinin professoru Avina Am İdan və məşhur israilli jurnalist Yaron Londonla görüşüb. ADU-da İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini deyən Kamal Abdulla Azərbaycan və yəhudi xalqlarının münasibətlərinin zəngin tarixə malik olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda yaşayan yəhudi xalqının nümayəndələri arasında ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Milli Qəhrəman adına layiq görülmüş şəxslər var. İbri dili kimi Azərbaycan dilinin də özündə qədim tarixi və mədəniyyəti əks etdirdiyini deyən Kamal Abdulla buna "Kitabi-Dədə Qorqud" dastanını misal çəkib. Kamal Abdulla nümayəndə heyətinə Azərbaycan multikulturalizmi fenomeni barədə də danışıb.
Yaron London Azərbaycana ilk dəfə gəldiklərini söyləyib. O, azərbaycanlıların və yəhudilərin öz mədəniyyətləri ilə tanınan xalqlar olduğunu bildirib: "Mən belə hiss edirəm ki, azərbaycanlılarla biz öz mədəniyyətimizi qorumaq baxımından çox oxşarıq. Azərbaycan elə bir ölkədir ki, biz burada özümüzü evimizdəki kimi hiss edirik".
Yaron London ADU-nun israilşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə "İbri dilinin dirçəlməsi" mövzusunda oxuduğu mühazirədə deyib: "Biz bilməliyik ki, dil mədəniyyətin göstəricisidir. Dünyada mövcud olan bütün xalqların dili və əlifbası tarixi proseslər zamanı dəyişikliklərə məruz qalıb. Azərbaycan və İsrail xalqları qədim tarixi köklərə söykənən dil mədəniyyətinə sahibdir. Hər iki xalq öz dilini müxtəlif istilalar zamanı qoruyub saxlamağa müvəffəq olub". O, İsrail xalqının qədim dil tarixinə malik olduğunu və müxtəlif dövrlərdə məruz qaldığı istilalar nəticəsində bu xalqın dilində də müəyyən dəyişikliklərin baş verdiyini söyləyib.
Yaron London Sami dil ailəsinə daxil olan, eyni zamanda, İsrail dövlətinin rəsmi dövlət dili olan İbri dilinin yaranması və tarixi inkişaf mərhələləri haqqında, eləcə də ibri əlifbası barədə tələbələrə ətraflı məlumat verib, onların suallarını cavablandırıb
Sonda Yaron London ADU-nun İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinə müəllifi olduğu "Canlıların karnavalı" kitabını hədiyyə edib.