Sumqayıtda gecələr üfunət iyi gəlir Hadisə

Sumqayıtda gecələr üfunət iyi gəlir

Sumqayıtın çıxışında yerləşən poliqonda tullantıların yandırılması şəhər sakinlərinin narazılığına səbəb olur. Dəfərlərlə bununla bağlı rəsmi qurumlara şikayət edən sakinlər yandırılan zibilin üfunətli iyindən evdən bayıra çıxa bilmədiklərini deyirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev sakinlərin şikayəti ilə bağlı bildirib ki, həmin ərazidə tullantıların yandırılmasına görə, dəfələrlə orada fəaliyyət göstərən cəmiyyət və fiziki şəxslər cərimə olunub.
Sektor müdiri sonuncu dəfə bir nəfərin 500 manat cərimə olunduğunu deyib: "Sumqayıt şəhər İcra Hakimiyyətinə məktub göndərmişik ki, bununla bağlı tədbirlər görsünlər. Hazırda həmin ərazidə yandırılma faktı yoxdur".
Nazirlik rəsmisi qeyd edib ki, ötən gün Sumqayıtda müşahidə olunan xoşagəlməz qoxu şəhərin "İnşaatçılar" qəsəbəsində yerləşən qamışlıq ərazinin yandırılması ilə bağlıdır.

"Şəhər rəhbərliyi və işçilərimiz həmin ərazidə olublar. Hazırda orada pis qoxu müşahidə olunur. Biz bu məsələ ilə bağlı akt yazıb, təqsirkarın müəyyənləşdirilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə məktub göndərmişik".
R.Mirzəyev vurğulayıb ki, Sumqayıtda zibil poliqonu 1990-cı illərdə yaradılıb və müasir tələblərə cavab vermir: "Həmin poliqona görə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunub ki, zəruri tədbirlər görülsün. Çünki ora Abşerondan gələn tullantılar da daşınır. Gələcəkdə poliqonun ləğv edilməsi və orada emaledici qurğunun tikilməsi Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir".