
Vasili Papava: “Diplomatik xətt dalana dirənib”
ABŞ-də aralıq seçkilərdə demokratların qələbəsindən sonra ölkə prezidenti Trampın İrana qarşı hərbi əməliyyatlara ara verəcəyi ehtimal edildi. Lakin Trampın açqlamaları onun heç də bu mövqedə olmadığını deməyə əsas verir. Tramp “Röyters” agentliyinə verdiyi müsahibədə deyib ki, ABŞ lazım gələrsə, İrana hücumları bərpa etməyə hazırdır. Ağ Ev rəhbəri eyni zamanda bildirib ki, Qətər və Səudiyyə Ərəbistanı münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz onların (İran – red.) işini bitirə bilərdik. Ardınca o, CNN-ə müsahibəsində deyib ki, hədəfimizdə 38 körpü var və biz onları sözün əsl mənasında bir saatın içində dağıda bilərik. Hamısı yerlə-yeksan olar.
“İranın infrastrukturunu məhv etmək niyyətində deyilik. Çünki bərpası 10 il vaxt aparar. Mən körpüləri dağıtmağı sevmirəm. Üstəlik, ən çətin tikilən şey körpüdür. Bu, illərlə vaxt alır, özüm də yaxşı inşaatçıyam. Müharibə ərzində İranın raket və PUA istehsal etmək imkanları ciddi şəkildə zəifləyib. Onların bacardıqları iş cəmi 10% səviyyəsindədir: bir neçə raket və PUA düzəltmək. PUA-lar üzrə bu göstərici təxminən 15%-dir, çünki zavodlarının çoxu artıq yox olub”, - o bildirib.
Prezident hətta öz sosial şəbəkəsində paylaşım edib ki, İrana qarşı həyata keçirilən “Dəmir Qapı” (Iron Gate) əməliyyatı tam qüvvədədir.
“İran İslam Respublikasına qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir. Tarixin ən böyük dəniz blokadası nəticəsində İrana çox az nəsə daxil olur və ölkədən çox az nəsə çıxır”, – deyə Tramp vurğulayıb.
Bu arada ABŞ dövlət katibi Marko Rubio G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Parisə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb və tərəflər razılaşmaya yaxın deyillər.
“İranla danışıqlarda irəliləyişlə bağlı sizə deyə biləcəyim heç nə yoxdur. Düşünürəm ki, bu istiqamətdə nələrin baş verdiyini özünüz də görürsünüz. Bir sıra ölkələr İranla əlaqələri davam etdirərək müxtəlif təkliflər irəli sürürlər. Lakin mən deyə bilmərəm ki, biz hansısa ciddi dönüş nöqtəsinin astanasındayıq”, – Rubio qeyd edib.
ABŞ dövlət katibi danışıqların nəticəsiz qalmasının əsas səbəblərindən biri kimi Tehranın irəli sürdüyü tələbləri göstərib.
“Hazırda danışıqlar o qədər də məhsuldar deyil. Çünki İranın tələbləri sadəcə qəbuledilməz deyil, bəzi hallarda hədsiz, absurd və tamamilə qeyri-realdır”, – o vurğulayıb.
Bununla belə, Rubio ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla qarşıdurmanı diplomatik yollarla həll etməyə üstünlük verdiyini bildirib.
“Prezident bu və digər bütün problemlərin diplomatik vasitələrlə həllinə üstünlük verir. Təəssüf ki, bu, hər zaman mümkün olmur. Lakin belə bir imkan varsa, biz onu nəzərdən keçirəcəyik”, – dövlət katibi əlavə edib.
Rubio İranla razılaşmanın əldə olunması üçün vasitəçi ölkələrin səylərinin davam etdiyini, lakin hazırkı mərhələdə diplomatik prosesdə ciddi dönüş gözləmədiyini diqqətə çatdırıb.
O, həmçinin bildirib ki, İrana qarşı mövcud vəziyyət dəyişməz qalmayacaq və iqtisadi təzyiqlər daha da artacaq. Rubionun sözlərinə görə, sanksiyaların təsiri zaman keçdikcə daha da ağırlaşacaq.
O qeyd edib ki, İranın dənizdə satış üçün az miqdarda neft ehtiyatı qalıb və bu ehtiyatlar tükəndikdən sonra ölkənin neft gəlirlərinin demək olar ki, hamısı kəsiləcək
İran tərəfi də Trampın bəyanat və hədələrini cavabsız qoymur. İranın xarici işlər naziri Abbas Əraqçi isə deyib ki, indi seçim etmək növbəsi Ağ Evindir.
O, ABŞ-də keçirilən aralıq seçkilərdən sonra Vaşinqtona xəbərdarlıq edərək, Tehranın müharibəyə son qoymaq üçün təqdim etdiyi “iki günlük təklif” planının hələ də masada olduğunu bildirib.
Xarici siyasət idarəsinin rəhbəri Ağ Ev administrasiyasını diplomatik həll yolunu seçməyə çağırıb: “Amerika seçiciləri öz seçimini etdi. İndi seçim etmək növbəsi Ağ Evindir. Bizim “iki günlük təklifimiz” masadadır.
Müharibənin bütün cəbhələrdə dayandırılması da daxil olmaqla, tələblərimizi qəbul edin və nəticəsini görün. Ya da müharibəni seçin və ayıq, döyüş təcrübəsi olan döyüşçülərimizin sizə necə cəhənnəm atəşi yağdıracağına şahid olun”.
Hətta“Middle East Eye” nəşrinə açıqlamasında Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın deyib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai gələn həftə Qətərin paytaxtı Dohada görüşəcəklər.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Qətərdə görüşünün planlaşdırıldığına dair yayılan məlumatlar təkzib olunub.
“Tasnim” agentliyinin məlumatına görə, bunu İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi bildirib.
Onun sözlərinə görə, Tehranın ABŞ ilə danışıqlara dair siyasətində və planlarında heç bir dəyişiklik baş verməyib.
“ABŞ tərəfi yeddi şərt çərçivəsində əməli addımlar atmayana qədər Amerika nümayəndələri ilə danışıqlar aparmaq planlaşdırılmır”, – rəsmi şəxs vurğulayıb.
Yaxın Şərq üzrə ekspert Vasili Papava qəzetimizə açıqlamasında deyib ki, "Dəmir qapı" qrupunun yaradılması real hərbi müdaxilədən daha çox, informasiya-kəşfiyyat xarakterli bir addımdır. CENTCOM İranın quru sərhədlərinin və Xəzər dənizinin monitorinqini gücləndirmək üçün təxminən 20 mütəxəssis toplayıb.
ABŞ silah, texnologiya tədarükü və qanunsuz maliyyə axını kanallarını kəsməyə çalışır. Bu addım Vaşinqtonun bəyanatlarına görə, Tehranı artıq on milyardlarla dollar neft gəlirindən məhrum etmiş dəniz blokadasını tamamlayır. Bununla belə, şimal marşrutlarını və Xəzər dənizini sırf kəşfiyyat və sanksiyalar vasitəsilə fiziki olaraq tam bağlamaq olduqca çətindir. Ona görə də bunun effekti İran üçün logistikanın tamamilə dayanması deyil, daha çox bahalaşması olacaq.
Papavanın fikrincə, İranın qarşı reaksiyası isə ABŞ-dakı aralıq seçkilərdən sonra güclü mövqedən çıxış etmək cəhdi kimi görünür: "Əraqçiınin ultimatumlu və "cəhənnəm" ritorikalı bəyanatları açıq şəkildə daxili auditoriyaya və dözümlülük nümayişinə hesablanıb. Tehranda "Dəmir qapı"nın yaradılmasını Ağ Evin diqqəti seçki problemlərindən yayındırmaq cəhdi kimi qiymətləndirirlər. Eyni zamanda, İran hələ də proksiləri və regional infrastruktura yönəlik təhdidləri vasitəsilə asimmetrik təzyiq rıçaqlarını qoruyub saxlayır, buna görə də atəşkəs təmin olunmadan və blokada qaldırılmadan güzəştə getmək niyyətində deyil".
Ekspert onu da vurğulayıb ki, diplomatik xətt isə dalana dirənib. Marko Rubio heç bir irəliləyişin olmadığını açıq şəkildə bildirir və İranın tələblərini reallıqdan uzaq adlandırır. Tramp isə nüvə məsələsi və Hörmüz boğazı ilə bağlı irəliləyiş şərtilə, genişmiqyaslı zərbələri bərpa etmək istəmədiyini qeyd edərək saziş üçün pəncərə saxlayır: "Tərəflər prinsipial bir çıxılmaz vəziyyətdədirlər: Tehran ilk növbədə təzyiqlərin dayandırılmasını və atəşkəsi tələb edir, Vaşinqton isə hər hansı bir güzəştdən əvvəl təhlükəsizlik zəmanətləri gözləyir.
Yaxın bir neçə həftə ərzində qarşıdurmanın zəif templə davam etməsi ssenarisi ən çox ehtimal olunandır. ABŞ birbaşa eskalasiyadan qaçaraq, yeni mexanizmlər və Qətər kimi vasitəçilər vasitəsilə iqtisadi təzyiqi artırmağa davam edəcək. Trampa hazırda regional səviyyədə olsa belə, aralıq bir siyasi qələbəni qeydə almaq sərfəlidir. Lakin tərəflər qapalı danışıqlarda payları artırmaq üçün kəskin ritorika mübadiləsi apardıqca, təsadüfi insidentlərin və münaqişənin yeni mərhələsinin alovlanması riski yüksək olaraq qalır".
Yeri gəlmişkən, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ABŞ-ni İranın irəli sürdüyü yeddi şərti qəbul etməyə çağırıb.
O, bununla bağlı “X” hesabında paylaşım edib.
Rezayi İranla müharibənin ABŞ hökumətinə ağır zərbə vurduğunu iddia edərək Vaşinqtona “Təslim olun!” çağırışını ünvanlayıb.
“Uydurma danışıqlar barədə saxta xəbərlər yaymağa son qoyun. Qərbi Asiyada yeni düzəni inkar etməyi dayandırın. İranın dəfələrlə irəli sürdüyü yeddi şərti qəbul etməyin vaxtıdır”, – o yazıb.
Paylaşımda həmin şərtlərin təfərrüatları açıqlanmayıb.
Cavid