
Rusiya-Ukrayna masasında son vəziyyət
Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində diplomatik aktivlik artsa da, tərəflərin fundamental məsələlərdə — xüsusilə ərazi bütövlüyü və təhlükəsizlik zəmanətləri mövzusunda mövqelərinin üst-üstə düşməməsi yekun sülhün əldə olunmasını sual altına alır. ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlar və masaya gətirilən təşəbbüslər müharibənin taleyini necə dəyişə bilər? Ərazi güzəşti həqiqətənmi regiona davamlı sülh gətirəcək, yoxsa bu, tərəflər arasında yeni ziddiyyətlərin başlangıcıdır?
Onu da nəzərə alaq ki, Əbu-Dabidəki görüş də ciddi nəticələrlə yadda qalmadı.
“Ukrayna ərazi güzəştinə getməyəcək”
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən politoloq Əli Mustafa açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda yaxın zamanda əsas məsələlər üzrə razılığın əldə olunması ehtimalı aşağıdır.
Onun sözlərinə görə, danışıqlar gün ərzində davam etsə də, xüsusilə mürəkkəb humanitar məsələlərdə belə, dörd saat ərzində razılığa gəlmək çətindir. Bu səbəbdən müzakirələrin sabah da davam edəcəyi gözlənilir.
Politoloq qeyd edib ki, Ukraynanın ərazi məsələlərində güzəştə getməsi real görünmür: “Ukrayna prinsip etibarilə öz ərazilərindən imtina etmir. NATO-nun 5-ci maddəsinə bərabər təhlükəsizlik zəmanətinin verilməsi belə, Kiyevin mövqeyini dəyişmir. Donald Trampın prosesi sürətləndirərək tez bir zamanda həll etmək istədiyi məsələlər isə Ukraynanın maraqlarına uyğun deyil.
Üstəlik, ABŞ-da siyasi vəziyyət də dəyişir. Demokratların seçkilərdə qələbə qazanması Ukraynanın mövqeyini gücləndirir. Bildiyim qədərilə, Ukrayna 15 milyard dollarlıq yardım paketi də hazırlayır”.
Ə.Mustafanın fikrincə, ABŞ və Rusiyanın danışıqlardan gözlədikləri nəticəni əldə etməsi ehtimalı yüksək deyil: “Müəyyən kiçik məsələlərdə, xüsusilə humanitar sahədə anlaşma əldə oluna bilər, lakin fundamental məsələlər üzrə razılıq gözlənilmir”.
Politoloq İran məsələsinin də danışıqların gedişinə təsir edə biləcəyini vurğulayıb.
O bildirib ki, əgər ABŞ Rusiyanı İran məsələsində özündən ayırmaq istəyirsə, bunun müqabilində Ukrayna məsələsində müəyyən güzəştlərə getməli ola bilər. Lakin Ukrayna belə bir ssenarinin reallaşmasına imkan vermək istəmir və hesab edir ki, ABŞ və Rusiyaya bu fürsəti verməməlidir.
Ərazi güzəşti sülh gətirəcəkmi?
Politoloq Elman Telmanoğlu söyləyib ki, Rusiya və Ukrayna arasında ərazi məsələsində mümkün kompromisə hazır olmağın özü diplomatik proses baxımından müsbət siqnal sayılsa da, bunu hələ sülh razılaşmasına doğru həlledici irəliləyiş kimi qiymətləndirmək tezdir: Tərəflərin ərazi məsələsinə yanaşmaları yalnız hərbi-strateji maraqlarla deyil, həm də suverenlik, ərazi bütövlüyü və daxili siyasi legitimlik amilləri ilə müəyyən olunur.
Politoloq qeyd edib ki, danışıqlarda nümayiş etdirilən çeviklik daha çox mövqelərin yoxlanılması və mümkün kompromis çərçivəsinin müəyyənləşdirilməsi kimi qiymətləndirilməlidir: “Real nəticənin əldə olunması üçün əsas məsələ tərəflərin hansı güzəştlərə hazır olmasından daha çox, bu güzəştlərin siyasi və hüquqi baxımdan necə rəsmiləşdiriləcəyidir. Xüsusilə Ukrayna üçün ərazi məsələsində güzəşt ciddi daxili siyasi və konstitusion məhdudiyyətlərlə üzləşir. Buna görə də Əbu-Dabi danışıqlarında müəyyən yaxınlaşma müşahidə olunsa belə, bu, hələlik yekun sülh razılaşmasından daha çox, atəşkəsə və danışıqların davam etdirilməsinə zəmin yarada biləcək diplomatik fürsət kimi dəyərləndirilməlidir”.
E.Telmanoğlu Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsinə də münasibət bildirib.
O vurğulayıb ki, belə təminatlar mümkün kompromis üçün mühüm mexanizm ola bilər. Bu, Ukraynaya NATO-ya üzv olmadan Qərbin təhlükəsizlik təminatlarından yararlanmaq imkanı verər.
Politoloqun fikrincə, belə zəmanətlərin verilməsi Rusiyanın bütün tələblərindən geri çəkilməsinə səbəb olmayacaq, lakin danışıqlarda manevr imkanlarını genişləndirə bilər: “Bunun üçün təminatlar real hərbi və siyasi öhdəliklərlə dəstəklənməli, eyni zamanda tərəflərin təhlükəsizlik maraqlarını nəzərə alan mexanizm formalaşdırılmalıdır”.
“Danışıqlarda sülhə doğru irəliləyiş var”
Politoloq Şakir Ağayev bildirib ki, ABŞ-də Rusiya və Ukrayna müharibəsinin həlli istiqamətində keçirilən görüşləri sülh prosesində irəliyə doğru müsbət addım kimi qiymətləndirmək olar: “Lakin iki gün davam edəcək danışıqlarda yekun razılaşmanın əldə olunacağını gözləmək real deyil. Görüşün əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq tərəflər real məsələlər ətrafında müzakirələr aparır, həm Rusiyanın, həm də Ukraynanın mövqelərinin nəzərə alınması istiqamətində cəhdlər göstərilir.ABŞ dövlət katibi Marko Rubio da Rusiyanın maraqları nəzərə alınmadan sülh müqaviləsinin əldə edilməsinin mümkün olmadığını vurğulayıb. 2021-ci ilin dekabrında Rusiyanın Avropada yeni təhlükəsizlik arxitekturası ilə bağlı hazırladığı konsepsiyanı ABŞ və Avropa İttifaqına təqdim etməsi, lakin həmin təkliflərin qəbul edilməməsi indiki müzakirələr baxımından əhəmiyyətlidir. İndi artıq ABŞ tərəfi məsələyə belə yanaşır ki, regionun, Avropanın və bütövlükdə dünyanın təhlükəsizliyi baxımından Rusiyanın fikirləri mütləq nəzərə alınmalıdır. Bu, irəliyə doğru bir addımdır. Müəyyən mənada Rusiyanın yeni təhlükəsizlik konsepsiyasından irəli gələn tələblərin də müzakirəyə çıxarılması deməkdir”.
Politoloqun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin əsas tələblərindən biri ölkəsinin NATO-nun 5-ci maddəsinə bərabər təhlükəsizlik zəmanəti əldə etməsidir. Görüşlərdə NATO, Fransa, Almaniya və Böyük Britaniyanın təhlükəsizlik məsələləri üzrə nümayəndələrinin iştirak etməsi də müzakirələrin daha geniş tərkibdə aparıldığını göstərir.
Ş.Ağayev Rusiyanın Donbasla bağlı mövqeyindən geri çəkilmədiyini də diqqətə çatdırıb. O bildirib ki, Moskva Ukrayna qoşunlarının Donbasın nəzarətində qalan təxminən 10-11 faiz ərazisindən iki-üç ay ərzində çıxarılmasını istəyir.
Politoloq hesab edir ki, Avropanın təhlükəsizliyinin Rusiyanın maraqları nəzərə alınmadan təmin edilməsinin mümkün olmadığı fikrinin müzakirə edilməsi tərəflər arasında ortaq mövqeyin formalaşması üçün müəyyən imkanlar yaradır.
“Bu məsələlərin artıq real danışıqlar masasına çıxarılması müsbət irəliləyişdir. Amma bu, o demək deyil ki, bu gün və ya sabah hər hansı müqavilə imzalanacaq. Bu, uzunmüddətli prosesdir. Tərəflər müəyyən məsələlər üzrə razılığa gələ bilsələr, bu, təbii ki, sülhə aparan yolun başlanğıcı ola bilər”, - deyə politoloq əlavə edib.
Günel Elxan