Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır Hadisə

Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Sentyabrın 14-də Azərbaycan prezidenti İlham ƏliyevYaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb.
Manabu Hori Bakıda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Regionun lider dövləti olan Azərbaycanın dünyada yaxşı nüfuz qazandığını deyən Manabu Hori Yaponiyanın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Qonaq son vaxtlar ölkələrimiz arasında faydalı qarşılıqlı səfərlərin həyata keçirildiyini və həmin səfərlər zamanı müxtəlif sahələrdə sərmayə qoyuluşu ilə bağlı səmərəli danışıqların aparıldığını deyib. O, münasibətlərimizin daha sürətli inkişafı məqsədilə Yaponiyanın da Azərbaycan ilə viza rejimini sadələşdirməyi planlaşdırdığını qeyd edib.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdıran prezident İlham Əliyev Yaponiyanın bu mərasimdə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edib. Dövlət başçısı Yaponiyanın hər zaman Azərbaycandakı layihələrə maliyyə dəstəyi göstərdiyini vurğulayıb. Enerji sektorunda da ölkələrimizin uğurla əməkdaşlıq etdiklərini bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Yaponiya şirkətləri uzun illərdir, Azərbaycanda neft-qaz yataqlarının işlənilməsində fəal iştirak edir və ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Dövlət başçısı qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, enerji sahəsi ilə yanaşı, sənaye, azad ticarət zonasında əməkdaşlıq, əczaçılıq, kənd təsərrüfatı, o cümlədən çayçılıq və neft-kimya sahələrində qarşılıqlı sərmayələrin qoyulmasının əhəmiyyətindən danışıb.