“Hüququn aliliyi işləməyəndə problemin həlli mümkün olmur“ Hadisə

“Hüququn aliliyi işləməyəndə problemin həlli mümkün olmur“

"Ümumiyyətlə, Suriyada, İraqda, Yəməndə baş verən münaqişələrin bir çox səbəbləri var. Ən əsas səbəb isə bəzi qüvvələrin bu bölgəyə nəzarəti əldə etmək iddiasıdır. Münaqişələrdə bilavasitə iştirak edən qüvvələr də məsələnin maraqlı tərəfinin təsmilçiləridir". Bunu millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi də Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir: "Amma hesab edirəm ki, ölkəmiz bu bölgələrlə müqayisə edilə bilməz. Azərbaycanın problemi bilavasitə keçmiş imperiyanın öz nəzarəti əlində saxlamasından ibarətdir. Qarabağ münaqişəsi kimi Ukraynada, Gürcüstanda, Moldovada oxşar problemlər mövcuddur. Hər bir ölkənin ərazisinin təqribən 20 faizi işğal altındadır".
A.Mollazadə əlavə edib ki, Suriyada, İraqda, Yəməndə baş verən münaqişələri həll etmək üçün hüququn aliliyinə əsaslanan qərarlar qəbul olunmalıdır: "Lakin görürsünüz ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun illərdir ki, müzakirə mövzusu deyil. Hüququn aliliyi işləməyəndə problemin həlli mümkün olmur".