Fransalı alim Cəlilabadda tapılmış qədim at qalıqlarını tədqiq edəcək Hadisə

Fransalı alim Cəlilabadda tapılmış qədim at qalıqlarını tədqiq edəcək

Parisdəki (Fransa) Milli Təbiət Tarixi Muzeyinin (Muséum national d`Histoire naturelle) əməkdaşı, dosent, doktor Remi Berthon Azərbaycan ərazisində neolit dövrünə aid abidələrdən tapılmış yabanı və əhliləşmiş heyvan qalıqlarının ən son texnologiyalar üzrə müxtəlif yönlü analizlərini aparmaq üçün Bakıda elmi ezamiyyətdədir. R.Berthon tədqiqatları ilə əlaqədar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi fondunda saxlanılan paleozooloji nümunələr ilə tanış olub. Xüsusilə mərhum arxeoloq Fərman Mahmudovun XX əsrin 80-ci illərində e.ə. V minilliyin sonuna aid son neolit Əliköməktəpə (Cəlilabad rayonu Üçtəpə kəndi) abidəsində aşkar etdiyi qədim at qalıqları fransalı alimin əsas tədqiqat obyektidir. R.Berthon tədqiqat layihəsi çərçivəsində bu əhəmiyyətli tapıntının müvafiq mikro-fraqmentlərinin Fransanın ən müasir texnologiyalar ilə təchiz edilmiş elmi laboratoriyalarında hərtərəfli analiz araşdırmalarını təşkil edəcək.
Hazırda apardığı araşdırmalarda fransalı alimə, Cəlilabad rayonundakı Əliköməktəpə və Polutəpə son neolit abidələrində tədqiqat aparan arxeoloji ekspedisiyanın rəhbəri, Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tufan Axundov müvafiq dəstək göstərməkdədir. Aparılan ilkin tədqiqatlarda, həmçinin Parisdəki Milli Təbiət Tarixi Muzeyində elmi təcrübə keçmiş, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, paleozoologiya üzrə ixtisaslaşan arxeoloq Svetlana Ağasoylu da iştirak edir. Qeyd edək ki, doktor R.Berthon uzun müddət Türkiyədə və Naxçıvan Muxtar Respublikasında neolit, xalkolit və ilk tunc dövrü abidələrindəki arxeoloji ekspedisiyalarda paleozooloji araşdırmalar aparıb.