
Ermənistanda hakimiyyət uğrunda mübarizə fonunda Rusiya ilə bağlı yeni iddialar gündəmə gəlib. “Respublika” partiyasının sədri Aram Sərkisyan Moskvanın Nikol Paşinyan hökumətinə qarşı yeni ssenari hazırladığını və bu planın çərçivəsində sosial-iqtisadi amillərdən istifadə edilə biləcəyini iddia edib.
Sərkisyanın sözlərinə görə, Rusiyanın payız ayları üçün düşündüyü hakimiyyət dəyişikliyi planı nəticə verməyib və indi yaz aylarına hesablanan “Miqrant” adlı yeni əməliyyat gündəmdədir.
Erməni siyasətçinin iddiasına əsasən, bu ssenaridə qaz amilindən və Rusiyada işləyən ermənilərdən istifadə edilməsi nəzərdə tutulur. O hesab edir ki, Moskvada Rusiyaya əmək miqrasiyasının məhdudlaşdırılması vasitəsilə Ermənistanda sosial narazılığın artırılmasına çalışa bilərlər. Sərkisyan bununla yanaşı, Rusiyanın Ermənistan baş naziri postu üçün Samvel Karapetyandan fərqli başqa namizəd müəyyənləşdirdiyini də bildirib. Onun sözlərinə görə, Karapetyanın baş nazir olmaq perspektivi yoxdur.
Bu iddialar fonunda diqqət çəkən əsas məqam Moskvanın Ermənistanın daxili siyasi proseslərinə təsir imkanları ilə bağlı müzakirələrin yenidən aktuallaşmasıdır. Lakin Sərkisyanın səsləndirdiyi “Miqrant” planı və Rusiyanın yeni baş nazir namizədi ilə bağlı məlumatlar hazırda onun siyasi iddialarıdır və Rusiya tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Belə olan halda Moskvanın Ermənistan siyasətində hansı ssenarini nəzərdən keçirdiyi və Samvel Karapetyanın ətrafında gedən müzakirələrin arxasında başqa bir namizədin olub-olmadığı sualları gündəmə gəlir.
“Miqrant” planı ilə bağlı iddialar Ermənistan-Rusiya münasibətlərində yeni gərginlik dalğasına səbəb ola bilərmi?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı təxminlərini Musavat.com-la bölüşdü:
"Rusiyanın Ermənistana təsir etmək imkanı çox genişdir. Əlbəttə, Rusiyanın Nikol Paşinyan hökumətinə təzyiq siyasəti var və bunu məqsədli şəkildə həyata keçirir. Ermənistanın bütün enerji, neft, qaz və infrastrukturunu dəmir yoluna qədər uzun illərdir ki, Rusiya həyata keçirir. Biz tez-tez Rusiyanın yüksək vəzifəli şəxslərinin Ermənistana təhdid bəyanatlarının verdiyini görürük. Kreml bu yolla başa salmaq istəyir ki, siz Rusiyadan çox asılısınız. İndi də Moskva “miqrant” siyasəti ilə həm Ermənistana, həm də digər ölkələrə təzyiq etmək istəyir. Bildiyim qədəri ilə, Rusiyada yüz minlərlə erməni miqrant yaşayır, fəaliyyət göstərir, öz ailələrinə hər ay qazandığı vəsaitlərdən göndərir. Təsəvvür edin ki, şimal qonşumuz bu gün yüz minlərlə erməni miqrantlarını Ermənistana göndərsə, Ermənistanın sosial-iqtisadi vəziyyəti necə olar? Təbii ki, Ermənistanda sosial narazılıq artar, hətta sosial partlayışlara qədər gedib çıxa bilər. Bu da Paşinyan hökumətinə sərf etmir. Paşinyan da bütün bunları çox yaxşı bilir. İndiki vəziyyətdə baş nazirin Rusiyanın kəskin şəkildə maraqlarından kənar addımlar atacağını düşünmürəm. Onu da unutmayaq ki, bəzən Rusiyanın Ermənistana qarşı kəskin bəyanatları Paşinyanın xeyrinə işləyir".