Eldar Mahmudov və Mövlan Şıxəliyev məhkəməyə verilib Hadisə

Eldar Mahmudov və Mövlan Şıxəliyev məhkəməyə verilib

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış Mövlan Şıxəliyev məhkəməyə verilib.
"MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev hər iki şəxs barəsində məhkəməyə müraciət edib.
O, Eldar Mahmudova qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. Mətləb Mustafayev iddia ərizəsində sabiq nazirin sifarişi ilə şərlənərək həbs edilməsini göstərib və ondan 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir.
Bu iddia ərizəsi baxılması üçün hakim Sərdar Mehrəliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası isə aprelin 24-nə təyin edilib.
Mətləb Mustafayev Mövlan Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərisəzində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirir. Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini istəyir.
Bu iddia ərizəsinin hazırlıq iclasına mayın 1-də hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılacaq.
Bundan başqa, Mətləb Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. O, buna səbəb isə həm Eldar Mahmudov, həm də Mətləb Şıxəliyevin dövlət orqanlarında rəhbər şəxs olmaları kimi qeyd edib.
Xatırladaq ki, Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Mətləb Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.
Bundan sonra Bakı Apellyasiya Məhkəməsi Mətləb Mustafayevin işinə yenidən baxaraq, onun barəsində bəraət hökmü çıxarıb.
Qeyd edək ki, Mətləb Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
Mətləb Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib.