İsrail səfiri şimal bölgələrimizdə səfərdə olub Hadisə

İsrail səfiri şimal bölgələrimizdə səfərdə olub

İsrailin Azərbaycandakı səfiri Dan Stav və səfirin müavini Avital Rosenberq Azərbaycanın şimal bölgələrinə üç günlük səfərlərini başa vurublar.
Səfirlikdən verilən xəbərə görə, səfərin ilk günü nümayəndə heyəti Qusar rayonuna gedərək rayon İH başçısı Şair Alxasovla görüşüblər. Tərəflər arasında rayondakı sosial-iqtisadi vəziyyət ətrafında müzakirə aparılıb. Sonra qonaqlar Qusar rayonunda yerləşən Regional Logistik Mərkəzlə tanış olublar.
Səfərin ikinci günündə isə diplomatlar Quba rayon İH başçısı Ziyəddin Əliyevlə görüşüblər. Onlar Quba Soyqırımı Memorial kompleksini ziyarət edərək faciə qurbanlarının xatirəsini yad ediblər. Səfir və nümayəndə heyəti dağ yəhudiləri icmasının üzvləri ilə də görüş keçirərək hazırda muzey kimi istifadə edilən keçmiş sinaqoqla da tanış olublar.
Səfərin sonuncu günündə isə səfir və müavini Xaçmaza gedərək icra başçısı Şəmsəddin Xanbabayevlə görüşüblər. Onlar rayonda yerləşən xalça toxuculuğu və konserv zavodunda olublar, sonra Yalama beynəlxalq nəqliyyat dəhlizinə də yollanıblar.