Silahlı Qüvvələrin əməliyyat-taktiki təlimi davam edir Hadisə

Silahlı Qüvvələrin əməliyyat-taktiki təlimi davam edir

Silahlı Qüvvələr və başqa silahlı birləşmələrlə birgə əməliyyat-taktiki təlimin iyunun 26-dan etibarən başlamış fəal fazası çərçivəsində əməliyyatın birinci günü silahlı təcavüzün dəf edilməsi və əks-hücum üzrə təlim sualları tam işlənib, qarşıya qoyulan təlim-döyüş tapşırıqları uğurla yerinə yetirilib.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, iyunun 27-də əməliyyatın növbəti mərhələsində təcavüzkar ölkənin tam məğlubiyyətə uğradılması, onun birləşmə və hissələrinin darmadağın edilməsinin başa çatdırılması məqsədilə əks-hücum əməliyyatının inkişaf etdirilməsi üzrə təlim sualları işlənib.
Bu mərhələdə Silahlı Qüvvələrin təlimlərə cəlb edilən birləşmə və hissələri qoşunların qruplaşmasını həyata keçirir, geri çəkilən düşmən qüvvələrini təqib edərək ona maksimal itki verdirir.
Əməliyyat ehtiyatları avtomobil və dəmir yolu ilə ölkənin dərinliyindən əməliyyat bölgəsinə daşınır. Ehtiyatların döyüş fəaliyyətlərinə qısa zamanda hazırlanmasını təmin etmək məqsədilə təlim mərkəzlərində tezləşdirilmiş proqram üzrə döyüş hazırlığı tədbirləri keçirilir.