Bakıda daha bir beynəlxalq konfrans keçiriləcək Hadisə

Bakıda daha bir beynəlxalq konfrans keçiriləcək

Avtomatik Nəzarət üzrə Ümumdünya Təşkilatının - IFAC-in (IFAC – International Federation of Automatic Control) beynəlxalq konfransı Bakıda keçiriləcək. Konfransın təşkilat komitəsindən verilən məlumata görə, 13-15 sentyabr tarixlərində baş tutacaq tədbir Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18-ci IFAC beynəlxalq konfransı - TECIS (Technology, Culture and International Stability – Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik) adlanır.
Konfransda 37 ölkədən elm adamları ilə yanaşı IFAC-in prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgöwer də iştirak edəcək. Konfrans Bakı şəhərində Boulevard Hotel Bakuda baş tutacaq. Azərbaycan hökumətinin nümayəndələrinin salamlama nitqləri 13 sentyabr saat 10:00 - 11:00 arası nəzərdə tutulur.
Qeyd edək ki, IFAC 12 sentyabr 1957-ci il tarixində Parisdə təsis edilib. 1978-ci ildən təşkilatın qərargahı fəaliyyətini Avstriya hökumətinin dəvəti və dəstəyilə bu ölkənin Laksenburg şəhərində davam etdirir. 49 ölkədən avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatları özündə birləşdirən IFAC il ərzində onlarla beynəlxalq tədbirlər təşkil edir. IFAC təşkilatı hal hazırda Robotikanın əsasınını təşkil edən avtomatlaşdırma və nəzarət mexanizmləri üzrə ən nüfuzlu təşkilat hesab olunur. IFAC-in strukturundakı ilk komitələrindən biri olan TECIS texniki komitəsi 1983-cü ildən fəaliyyətdədir. Həmin ildən etibarən dünyanın bir çox ölkələrində 17 beynəlxalq konfrans kecirmiş komitə Bakıdakı tədbirində eyni zamanda 35 illik yubileyini qeyd etməyə hazırlaşır.