“Ortaq Türk Tarixi“nin tədrisi Hadisə

“Ortaq Türk Tarixi“nin tədrisi

Təhsil Nazirliyi bu məsələlərə aydınlıq gətirib

Təhsil Nazirliyi orta məktəblərdə "Ortaq Türk Tarixi" fənninin tədrisi ilə bağlı məsələlərə aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər cəlb etməklə "Ortaq Türk Tarixi (XV əsrə qədər olan dövr)" adlı vəsait artıq hazırdır. Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə həmin vəsaitin ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər.
Fənnin bütün dövlət ümumtəhsil müəssisələrində 8-ci sinifdə fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər. Lakin bunun üçün qeyd edildiyi kimi həmin vəsaitin məzmunu əvvəlcə TDƏŞ tərəfindən təsdiqlənməlidir.
Nazirlikdən əlavə edilib ki, vəsaitin məzmunu təsdiqlənəcəyi təqdirdə dövlət ümumtəhsil müəssisələrində təhsil alan bütün şagirdlər digər dərsliklərlə olduğu kimi bu dərsliklə də dövlət hesabına təmin olunacaqlar.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Keşikbayev bu ildən etibarən Azərbaycan, Türkiyə və Qazaxıstanın orta məktəblərində "Ortaq Türk Tarixi" fənninin seçmə dərs kimi tədris ediləcəyini açıqlamışdı.