“Bu il rekord sayda abituriyent tələbə adını qazanıb” Hadisə

“Bu il rekord sayda abituriyent tələbə adını qazanıb”

Ceyhun Bayramov: "Peşə təhsili sahəsi üzrə 33 yeni ixtisas yaradılıb"
Yeni tədris ilinə sürətlə hazırlıqlar gedir. Hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. Bunu təhsil naziri Ceyhun Bayramov deyib. Nazir deyib ki, 165 minə yaxın şagird ilk dəfə məktəbə qədəm qoyacaq: "Həm onları, həm də onların valideynlərini təbrik edirəm. Bu il rekord sayda, təxminən 41 min insan tələbə adını qazanıb. Bu ötən illərlə müqayisədə ən yüksək göstəricidir".
C.Bayramov deyib ki, Heydər Əliyev Fondu və başqa bir sıra qurumların dəstəyi ilə bu il 76 təhsil müəssisəsinin əsaslı təmiri yaxud yenidən qurulması işləri planlaşdırılıb: "Bundan əlavə, 137 modul tipli məktəbin də quraşdırılması nəzərdə tutulub. Onların da böyük əksəriyyətində işlər yeni tədris ili başlanana qədər tamamlanacaq. Bu il üçün ümumilikdə 332 adda 7 mln.a yaxın tədris vəsaiti çap olunub və bütün məktəblərə paylanılıb".
Əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir. Ceyhun Bayramovun sözlərinə görə, bu il ölkədəki bütün "Asan xidmət" mərkəzləri vasitəsilə peşə təhsili müəssisələrinə sənəd qəbulu həyata keçirilib. Sənəd qəbulunun hazırda da davam etdiyini deyən nazir indiyədək 15 mindən çox gəncin sənəd verdiyini xatırladıb.
C.Bayramov qeyd edib ki, hazırda Azərbaycan və Koreya hökumətlərinin birgə kredit layihəsi çərçivəsində ölkəmizdə Sənaye və İnnovasiyalar üzrə Peşə Tədris Mərkəzinin bazasında yeni, 8 istiqaməti əhatə edən, dünya səviyyəli, müasir peşə tədris mərkəzinin yaradılması üçün işlər aparılır: "Bu ilin yanvar ayında təməlqoyma mərasimi olub. 2019-cu ilin yay aylarında layihəyə start verilməsi gözlənilir".