“Azərbaycanda dini durum sabitdir“ Hadisə

“Azərbaycanda dini durum sabitdir“

"Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur, eyni zamanda ictimai-siyasi asayişin daha mükəmməl təminatı üçün olduqca mühümdür".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini ekstremizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Sədr müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada ictimai-siyasi, o cümlədən dini durum sabitdir: "Dövlətin din sahəsindəki başlıca vəzifəsi dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, eləcə də vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasıdır".
Səyavuş Heydərov qeyd edib ki, zərərli dini ideologiyaların təsirinə məruz qalan şəxslərin ətrafında müvafiq tədbirlər həyata keçirilməklə onların reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına diqqətin artırılması vacib məsələdir.
Ölkəyə idxal olunan dini ədəbiyyatlardan da bəhs edən sədr müavininin sözlərinə görə, Dövlət Komitəsində müxtəlif dini məzmunlu ədəbiyyata baxılaraq dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalına razılıq verilməyib.
O həmçinin dini radikalizm və dini ekstremizmlə mübarizədə hər kəsin ayıq-sayıq olmasının vacibliyini diqqətə çatdırıb.