Biz niyə kitab oxumuruq? Hadisə

Biz niyə kitab oxumuruq?

Bir qrup insanlar - "Mənə oxumaq lazım deyil, hər şeyi bilirəm"- düşüncəsi ilə yaşayırlar.

Respublika ərazisində ən az fəaliyyət göstərən kitab mağazalarıdır və bu gün ölkə insanı ən az kitaba ehtiyac hiss edir. Bir qədər öncə insanları ucuz kitabla təmin edən metrodakı köşklər yığışandan sonra bu sahədə xüsusi tənəzzül yaşanmaqdadır. Dini doğulandan qəbrə qədər oxumağı əmr edən ölkədə insanlar kitab oxumağa meyilli deyil. Maraqlıdır niyə?
Psixoloqlar bildirir ki, kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona tez-tez kitab oxumalıdırlar. Britaniyalı mütəxəssislər hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir: "Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitablar alın, çünki o, məhz belə kitabları sevir".
Psixoloq Narınc Rüstəmova deyir ki, qızlar 11 yaşda, oğlanlar 12-13 yaşlarında daha çox informasiya almaq ehtiyacı hiss edirlər. Buna görə də onların kitaba, internetə marağı daha çox olur. Psixoloq hesab edir ki, ölkəmizdə kitab oxuyanların sayının az olmasının əsas səbəbi əhali arasında televizor aludəçiliyinin geniş yayılmasıdır: "İnsanlar televizora rahat informasiya almaq vasitəsi kimi baxırlar. Bir çox insanlar, əsasən də yaşlı nəsil günün xeyli hissəsini seriallara baxaraq keçirir. Ortayaşlı və orta yaşdan yuxarı insanların az kitab oxumasının digər səbəbi ailə qayğıları, səbirsizlikdir. Bir qrup insanlar isə "mənə oxumaq lazım deyil, hər şeyi bilirəm" düşüncəsi ilə yaşayırlar. Gənclər isə daha aktiv həyata meyl göstərirlər.
Ekspert bu sahədə təbliğata ehtiyac olduğunu vurğulayır: "Valideynlər kitabı evdə təbliğ etməli, imkan varsa, kitabxana qurmalı, övladları ilə birgə kitab oxumalıdırlar. Cəmiyyətdə isə kitabla əlaqədar tədbirlər, treninqlər, bayramlar keçirilməli, bukletlər paylanmalıdır. Bukletlərdə hər kitab haqqında qısa məlumatlar yazılmalıdır. Beləliklə, zaman keçdikcə, insanların kitaba marağı artacaq, kitabı həyatlarının bir parçasına çevirəcəklər".
Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə daha az televizor seyr edib, daha çox kitab oxuyurlar. Almaniyalı professor Fişer: "İnsan düşündükcə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehni məşğələ etmək lazımdır. İllərlə işləməyən beyinin nə hala düşdüyünü özünüz təsəvvür edin".
Bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə hər 7 nəfərə 1 kitab düşür. Azərbaycanda isə bu göstərici minimum səviyyədədir.
Mütəxəssislər hesab edirlər ki, kitab oxumaq vərdişi insanlarda körpəlikdən formalaşdırılmalıdır. Çünki kitab - uşağın zehni, hissi, sosial və dil baxımından inkişafında önəmli bir xəbərdarlıq və tədris vasitəsidir. Türk alimlərin araşdırmalarına görə, kitablar uşağın inkişafında önəmli yer tuturlar. Belə ki, erkən yaşlardan kitaba maraq oyatmaq uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, uşağı yavaş-yavaş həyatın gerçəkliklərinə hazırlamaqda köməkçi olur, söz ehtiyatını artırdığı üçün uşağın duyğu və düşüncələrini ifadə etməsinə imkan yaradır, dinləmək qabiliyyətini formalaşdırır və uşaqda mütaliə sevgisini yaradır.
Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova mətbuata verdiyi açıqlamasında uşaq ədəbiyyatı nəşrinin ölkədə ən ağrılı problemlərdən olduğunu bildirir: "Uşaq ədəbiyyatı və uşaq mütaliəsi bizim ən ağrılı-acılı yerlərimizdən biridir. Alimlərin qənaətinə görə, əgər uşaq 9 yaşına qədər mütaliə vərdişinə yiyələnməyibsə, o uşaq gələcəkdə heç vaxt mütaliə etmir. Bu səbəbdən iki yaşından, hətta bir yaşından uşağı mütaliəyə öyrətmək lazımdır. Kağız kitabları təbii ki, 1 yaşında uşağa vermək olmaz. Amma yumşaq kitablar, parçadan, plastmasdan olan kitablar var ki, onlar müxtəlif səslər çıxarır, səhifələrində müxtəlif şəkillər olur. Artıq kitab o yaşdan uşağın canına, qanına, qəlbinə işləyir. Uşaq böyüdükcə, təbii ki, kitablar da böyüyür. Bundan sonra isə kitab oxumaq onun həyat normasına çevrilir". Lətifə xanım bildirir ki, uşaqlar üçün elektron kitablar son dərəcə az buraxılır və uşaq ədəbiyyatı yox dərəcəsindədir. Bu problemin qarşısını almaq üçün yeni uşaq kitabları nəşr edilməlidir.
Yazıçılar Birliyindən Qəşəm Nəcəfzadə bildirir ki, hazırda uşaq ədəbiyyatında kəskin problemlər yaşanır. Kitablar mətbəələrin hesabına çıxdığı üçün yük onların üzərində qalır və uşaq kitabı çap etməyə vəsait çatışmır: "Ölkədə uşaq ədəbiyyatında problemlər çoxdur. Əsas problemlər isə yaradıcılıq, çap, poliqrafiya və kitabların ünvanlara çatdırılması problemidir. Sovet dönəmində kitablar hökumət hesabına çıxırdı. O dövrdə mətbəələrə yüksək qonorar verilirdi, kitablar da ünvanlarına lazımi səviyyədə çatdırılırdı. O səbəbdən kitaba maraq istənilən səviyyədə idi. O dövrdə uşaq jurnallarının tirajı 200-300 mini keçirdi. Sovet dövləti dağıldıqdan sonra bu yük mətbəənin üzərində qaldı. Mətbəələrdə isə vəsait çatışmadığında ölkədə uşaq ədəbiyyatı yox səviyyəsinə qədər endi".
Qəşəm Nəcəfzadənin sözlərinə görə, ölkədə çap edilən uşaq jurnallarından da uşaqlar istifadə edə bilmirlər: "Bu gün çap olunan jurnallar da orta məktəblərə yol tapa bilmir. Xüsusilə Azərbaycanın ucqar rayonlarında uşaqlar demək olar ki, kitabın, jurnalın nə olduğunu bilmirlər. Çünki Təhsil Nazirliyi imkan vermir ki, uşaq kitabları, uşaq jurnalları məktəblərə satılsın. Bu səbəbdən bu gün uşaqlar kitab oxumur. Artıq uşaq dünyası elə bir istiqamətdədir ki, uşaqlar uşaq kimi yox, sanki böyümüş formadadırlar. Mən istəyərdim ki, uşaq nağılları disklərə köçürülsün, səhnələşdirilsin, orta məktəblərə verilsin ki, uşaqlar bunlardan rahat istifadə edə bilsin. Kitabların elektronlaşdırılması ona görə lazımdır ki, bu gün uşaqlar kitabdan çox kompüterdən istifadə edirlər. Buna görə də biz də uşağa kitabı sevdirmək üçün onların ən çox istifadə etdikləri üsullarla işləməliyik".
Qərb ölkələrində uşaq kiçik yaşlarından xüsusi üsulla kitaba alışdırılır. Onlar üçün buraxılan əslində kitab deyil, kitab halında buraxılan bir məhsuldur. Burada şəkillər oyun formasında yerləşdirilir. Daha sonra yaş artdıqca müəyyən mətnlər də yerləşdirilir və mətnlərin səhifələrdəki sayı artır, şəkillərin sayı isə azalır. Uşaqlar üçün nəşr olunan kitablarda poliqrafiyanın rolu böyükdür. Mütəxəssislər bildirir ki, belə kitabları nəşr etməzdən öncə uşaq psixologiyasını öyrənmək vacibdir. Sözsüz ki, uşaqlar üçün kitablar rəngarəng olmalıdır. Çünki uşaqların özünün də genetik xüsusiyyətləri bunu tələb edir və hər bir uşaq kitab bazarında özünə uyğun kitab tapmalıdır. Daimi oxucular bildirir ki, hazırda kitab qiymətləri baha olduğundan əsasən xarici saytlardan kitab sifarişləri verirlər. Belə saytlardan həm dərslik, həm də bədii ədəbiyyat almaq olar. Bir az gec gəlsə də yerli qiymətlərdən ikiqat ucuz olur.
"Qanun" nəşriyyatının baş direktoru Şahbaz Xuduoğlu bildirir ki, Azərbaycanda kitab üzərində əlavə dəyər vergisi var: "Bəlkə vergi götürülsə bir az ucuz olar. Qiyməti yüksək edən obyektiv səbəblərdir. Kitab hazırlanmasında lazım olan iynə belə xaricdən gəlirsə, hansı ucuz qiymətdən danışmaq olar? Bundan başqa Azərbaycanda kitabların tirajı aşağıdır. Maksimum 1000 ədəddir. Bütün bunlar qiymətə təsir edir.
Ancaq əvvəlki illərə nisbətən son 5 ildə bir az artım var. Bu inqilabi artım deyil ki, nəticədən razı qalaq. Bu gün oxuculuq səviyyəsi kifayət qədər yüksək deyil. Belə bir məsəl var: "Duanı nə məqsədlə edirsən et, xeyirli olsun", bu gün insanlar istər nümayiş üçün, istərsə də başqa bir məqsəd üçün kitab oxuyurlarsa, bu yaxşı göstəricidir. Nəticədə, kitab oxunmuş olur. Hərə özünü bir cür göstərir. Kimi cibgirliklə, kimi korrupsiyaya bulaşmaqla, kimi də kitab oxumaqla. Kimsə özünü göstərmək üçün kitab oxuyursa, burda pis bir şey yoxdur. Qoy özlərini elə göstərsinlər. Nəticədə, kitab oxuyanların sayı artacaq".
Şahbaz Xuduoğlu bu gün daha çox kitaba maraq göstərənlərin gənclər olduğunu bildirir. Gənclərin içində daha çox kitab oxuyanlar isə qızlardır: "Yaşlılardan daha çox gənclər kitab oxuyur. Kitaba həqiqətən sevgiləri var. Gənclər arasında ən çox maraqla oxunan romanlardır. Biz də bu istiqamətdə kitablar nəşr edirik. Oxucunun azlığından şikayətlənməklə yanaşı, həm də kitabların azlığını da nəzərə almaq lazımdır. Oxucular yeni kitablar istəyir. Təkrar-təkrar eyni kitabları nəşr etmək olmaz. Mətbuat hər gün yeni məlumat verdiyi kimi kitablar da yenilənməlidi ki, oxucuları cəlb etsin. Hər dəfə kitabçıya müraciət etdikdə yeniliklərlə qarşılaşmalıdı insanlar. Yeni kitab, yeni mövzu görməlidirlər ki, öz zövqlərini təzələyə bilsinlər".
Azərbaycanda dünya ədəbiyyatına maraq xüsusilə yüksəkdir: "Öz ədəbiyyatımıza olan maraq dünya ədəbiyyatına olan marağın sıfırda biri qədərdir. Yüz kitab dünya ədəbiyyatından satılırsa, 1 kitab öz ədəbiyyatımızdan satılır. Bizim kitab bazarında Azərbaycan kitabları çatışmır. İstər uşaq kitabları olsun, istər nağıllar, istər kiçik həcmli hekayələr olsun, istərsə də böyüklər üçün romanlar... Azərbaycan yazıçılarının kitabları çatışmır bizim kitab bazarında. Onlar hədsiz azdır və çap olunmalıdır".
Aparılan araşdırmalara görə, kitab oxuyanların göstəricisi Gürcüstanda 47, Ermənistanda 39, Azərbaycanda 11 faizdir. Birləşmiş Millətlər Təşkilatının Elm və Mədəniyyət qurumu olan UNECKO, dünya üzrə kitab oxuma vərdişlərinin olduğu ölkələrin siyahısını hazırlayıb. Siyahıda Türkiyə, Malaziya və Ermənistan 86-cı yerdədir. Türkiyə kitabxanalarında 13, Bolqarıstanda 46, Rusiyada 739, Almaniyada isə 104 milyon kitab var. Yaponiyada əhalinin 14, Amerikada 12, İngiltərə və Fransada 21, Türkiyədə isə 0,001 faizi kitab oxuyur. Bundan başqa, bir ildə Amerikada 72, Almaniyada 65, Brazilyada 13, Türkiyədə isə 6 min kitab nəşr olunur. Dərsliklər bu rəqəmlərə daxil deyil.

Ülviyyə Tahirqızı