Komitə torpaqlardan istifadə ilə bağlı Avropa təcrübəsindən yararlanır Hadisə

Komitə torpaqlardan istifadə ilə bağlı Avropa təcrübəsindən yararlanır

Əmlak Məsələləri Dövlət Komitəsində Avropa İttifaqının ekspertləri Benedetto Francesco Ballatore və Milen Kyuchukovun iştirakı ilə tədbir keçirilib. Tədbir Avropa İttifaqının Ekspert Missiyasının TAIEX proqramı çərçivəsində baş tutub. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən açıqlama verilib. Tədbirin məqsədi kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə ilə bağlı Avropa təcrübəsindən yararlanmaq, qarşılıqlı əməkdaşlıq, birgə təcrübə mübadiləsinin aparılması, əhəmiyyətli layihələrin həyata keçirilməsidir. Həmçinin tətbiq edilən mexanizmlər, müasir dövrün tələblərinə uyğun istifadə olunan yeniliklər barədə məlumat vermək, mövzu ətrafında müzakirələr aparmaq tədbirin əsas vəzifələrindən olub.
Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq reydləri və monitorinqləri aparılır. Bu nəzarət tədbirlərinin əsas vəzifəsi torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadə, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsinin bərpasıdır. Eyni zamanda, hektarlarla torpaq sahələrinin mülkiyyətçilər tərəfindən istifadəsiz saxlanması, hüquqi sənəddə göstərilən torpaq ölçüsündən artıq torpaqların özbaşına zəbti hallarına qarşı tədbirlərin görülməsidir. Qeyd olunub ki, aparılan monitorinq və reydlər nəticəsində torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, kateqoriyasının özbaşına dəyişdirilməsi faktları üzə çıxarılır. Məlum olur ki, bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə götürülüb, lakin istifadə edilmir və boş saxlanılır. Bu isə kənd təsərrüfatına yararlı torpaq sahəsinin məhsuldarlığını aşağı salır. Həyata keçirilən monitorinqlər də məhz uzun müddət iqtisadi dövriyyədən kənarda qalmış torpaqların yenidən istifadəyə cəlb edilməsinə yönəlib.
Komitə kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün müxtəlif ölkələrin təcrübəsindən istifadə edir. Bu sahədə nəzarət tədbirləri beynəlxalq prinsiplərə uyğun olaraq effektiv aparılır. Həyata keçiriləcək qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması kənd təsərrüfatı təyinatlı torpaqların daha səmərəli istifadə edilməsinə imkan verəcək, nəzarət tədbirləri daha da təkmilləşdiriləcək.
Tədbirin əhəmiyyətinə toxunan avropalı ekspertlər isə bildiriblər ki, qarşılıqlı əməkdaşlıq torpaq fondunda istifadəsiz saxlanılan kənd təsərrüfatı təyinatlı ərazilərin həcminin azalmasına, nəzarət tədbirlərinin daha intensiv metodlarla, avtomatlaşdırılmış mexanizmlərlə aparılmasına imkan verəcək. Kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaqla yanaşı, onların özəlləşdirilməsi, konsolidasiyası, texnogen çirklənmədən sonra korlanmış torpaqların yenidən bərpası kimi aktual məsələlər ətrafında müzakirələr aparılıb, təqdimatlar olub. Bu sahədə tədbirlərin təşkilinin gələcəkdə də davam etdiriləcəyi vurğulanıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar avropalı ekspertlər tərəfindən cavablandırılıb.