Qarabağ icmasının yeni sədri kimdir? Hadisə

Qarabağ icmasının yeni sədri kimdir?

Xəbər verdiyimiz kimi, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin II qurultayı keçirilib.
Qurultayda birliyin 23 nəfərdən ibarət yeni İdarə Heyəti təsdiqlənib. Qurultayın qərarına əsasən, indiyədək birliyin sədri vəzifəsini icra edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun əvəzinə Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri seçilib.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının yeni sədri Tural Gəncəliyev kimdir?
Tural Babaşah oğlu Gəncəliyev, 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illərini Şuşanın ən qədim və məhşur məhəllələrindən biri sayılan "Çölqala Məhəlləsi"ndə yerləşən Xan qızı Xurşudbanu Natəvan, Azərbaycanın dahi bəstəkarı Uzeyir Hacıbəyov və tanınmış muğam ustası Xan Şuşinskinin ev muzeyləri ilə qonşuluqda keçirib. Bu isə onun sonradan musiqi təhsili almağına həvəs yaradıb. Daha sonra Şuşa şəhəri Vaqif Cəfərov küçəsi 28 ünvanında yaşayıb.
Şuşa şəhər 4 saylı orta məktəbdə ibtidai təhsil alıb. 1987-ci ildə Şuşa şəhəri Niyazi adına musiqi məktəbində tar sinfinə daxil olub. Eyni zamanda, atası Gəncəliyev Babaşah Şuşaşəhər Uşaq Şahmat məktəbinin direktoru işlədiyi müddətində şahmat dərsləri sinfinə gedərək, şahmat təlimi alıb. Dağlıq Qarabağda keçirilən musiqi müsabiqələri və şahmat yarışlarında uşaq vaxtlarından iştirak edib.
Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən Bakı şəhərinə köçmüş və məcburi köçkün olaraq orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib. 1995-ci ildə Bakıda musiqi məktəbləri arasında keçirilmiş Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş musiqi müsabiqəsinin qalibi olub. Eyni zamanda Dövlət Filarmoniyası və Rəşid Behbudov adına mahnı teatrında musiqi proqramları ilə çıxış edib.
2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib. 5 avqust 2004-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin referenti vəzifəsinə, 2006-cı ilin 16 yanvar tarixində həmin idarənin attaşesi, 2008-ci ilin 1 may tarixində üçüncü katibi vəzifəsinə təyin edilib.
2008-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinə ezam edilib. Səfirlikdə uzunmüddətli ezamiyyət müddəti bitdikdən sonra, 25 yanvar 2013-cü il tarixində Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin Şimali və Mərkəzi Amerika şöbəsinə təyin edilib. 8 aprel 2014-cü il tarixində birinci katib vəzifəsini alıb. 2014-cü ilin 1 oktyabr tarixindən etibarən Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinə birinci katib vəzifəsinə təyin edilib. 2017-ci ilin 16 noyabr tarixində ATƏT-in İnsan ölçüsü çərçivəsində "İnsan hüquqları və məcburi köçkünlər haqqında" Vyana şəhərində keçirilən konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təmsilçisi qismində çıxış etmək üçün Avstriyaya ezam edilib.
2018-ci ilin 1 oktyabr tarixindən etibarən Çexiyada uzunmüddətli ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə geri çağırılıb. Xarici İşlər Nazirliyində işlədiyi müddət ərzində bir sıra diplomatik kurslar və seminarlarda iştirak etmək məqsədilə xarici ölkələrə ezam edilib. (Almaniya, Bolqarıstan, Misir və s.). İngilis, fransız və rus dillərini bilir. Ailəlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının 20 dekabr tarixində keçirilmiş qurultayının qərarı ilə icmanın yeni sədri seçilib. Tural Gəncəliyev ictimai əsaslarla fəaliyyət göstərərək icmanın fəaliyyətinə öz töhfəsini verəcəkdir.