İlahiyyat İnstitutu Ankara Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb Hadisə

İlahiyyat İnstitutu Ankara Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) nümayəndə heyəti Türkiyənin ali təhsil müəssisələri ilə görüşlər keçirmək, təcrübə mübadiləsi aparmaq, bu ölkənin ali təhsil müəssisələrinin tətbiq etdiyi müasir təhsil metodlarını öyrənmək məqsədilə Türkiyəyə işgüzar səfərini davam etdirir. İnstitutdan verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin Ankara şəhərində Ankara Universiteti, Türkiyə Diyanət Vəqfi, Türkiyə Diyanət İşləri Başqanlığı və Təhsil Nazirliyində bir sıra görüşlər keçirilib. Görüşlərdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Nümayəndə heyəti Ankara Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Türkiyə universitetləri arasında bağlanan müqavilələrə əsasən, tərəflər arasında elm, təhsil və digər sahələri əhatə edəcək qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq və mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, elmi-tədqiqat proqramlarının, layihələrin birgə təşkili, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub. Səfər çərçivəsində Aİİ-nin rektoru Ceyhun Məmmədov Türkiyənin Diyanət Televiziyasına müsahibə verib.
Qeyd edək ki, Aİİ öz fəaliyyətində beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verir. Səfərin məqsədi ali təhsilin müasir tələblər səviyyəsinə qaldırılması üçün dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin təcrübəsindən yararlanmaq, universitetlərarası əlaqələrin genişləndirilməsidir.