Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub Hadisə

Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub

Dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısına Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində istifadəyə verilən və tikintisi aparılan müasir məhkəmə bina və kompleksləri barədə məlumat verib.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.
Son illərdə ölkəmizdə 16 yeni müasir məhkəmə binası tikilib, beşinin inşası isə davam etdirilir. İndiyədək Prezident İlham Əliyev paytaxtın Sabunçu, Yasamal, Nərimanov, habelə Şəki, Oğuz rayon məhkəmələri binalarının açılışında iştirak edib, İmişli rayon məhkəməsində yaradılan şəraitlə tanış olub.
Dövlət büdcəsinin vəsaiti hesabına tikilən Binəqədi Rayon Məhkəməsinin yeni binasının inşası da müasir standartlara uyğun və yüksək keyfiyyətlə aparılıb. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait var. Binəqədi Rayon Məhkəməsi təxminən 265 minə yaxın əhaliyə xidmət edir. Burada 80 nəfərdən çox, o cümlədən 19 hakim, 60 nəfər məhkəmə aparatı işçisi çalışacaq. Binada ümumilikdə 12 məhkəmə iclas zalı fəaliyyət göstərir. Azərbaycan Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamının icrası çərçivəsində burada "elektron məhkəmə" və "elektron icra" informasiya sistemlərinin tətbiq olunması üçün bütün zəruri infrastruktur yaradılıb və bina müasir İKT avadanlığı ilə təchiz olunub. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən, audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb. Təqsirləndirilən şəxslər zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqda saxlanılır. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğular var.
Ədliyyə və məhkəmə sahəsində tətbiq olunan innovasiyalarla tanış olan Prezident İlham Əliyevə notariat hərəkətlərinin rəsmiləşdirilməsində tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi barədə məlumat verildi. Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş və Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində qüvvəyə minən "Notariat haqqında" Qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaratdığı qeyd olundu.
Sonra səyyar notariat çantası, elektron ədliyyə köşkü və mobil notariat qovluğu nümayiş etdirilib.
Son illərdə Azərbaycanda məhkəmə sistemində tətbiq edilən yeniliklər beynəlxalq aləmdə təqdir olunur. Bununla əlaqədar ötən il Azərbaycan Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq görülüb. Bu il isə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti vəzifəsinə seçkilər keçirilib. Seçkilər quruma üzv 47 dövlətin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılıb və Avropa Şurası tarixində ilk dəfə olaraq bu vəzifəyə Azərbaycan təmsilçisi seçilib.
Qurumun yeni rəhbəri, hakim Ramin Qurbanov Prezident İlham Əliyev ilə görüşüb.
Qeyd edək ki, Avropa Şurasında belə yüksək vəzifəyə seçkilərdə nailiyyətin əldə edilməsində dövlət başçısının uğurlu xarici siyasəti və ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları əhəmiyyətli rol oynayıb.