“Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəedilməz dərəcədə zəifdir” Hadisə

“Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəedilməz dərəcədə zəifdir”

Elşən Manafov: "Bu ölkə regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb"

Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev ömnəmli mesajlar verdi. Dövlət başçısı bildirdi ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır: "Son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılıb. Bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib istifadəyə verilib. Bütün köçkün ailələri normal şəraitlə təmin olunacaqlar. Hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır - tezliklə öz doğma torpağına qayıtsın. İşğal altında olan bütün torpaqlar azad ediləndən sonra orada şəhərlər, kəndlər yenidən qurulacaq...". Dövlət başçısı əlavə edib ki, Ermənistanın işğalçılıq siyasəti onları ağır vəziyyətdə qoyub: "Ermənistanda iqtisadi vəziyyət çox ağırdır. Ermənistanda baş vermiş hadisələrin əsas səbəbi səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır. Ancaq Azərbaycan ilə münasibətləri normallaşdırandan, torpaqlarımızın azad edilməsindən sonra Ermənistanda iqtisadi inkişaf ola bilər. 2016-cı ilin aprelində Azərbaycan ordusun qazandığı hərbi qələbələr Ermənistanın kriminal rejiminin çökməsində xüsusi rol oynamışdır. Ümid edirik ki, 2019-cu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla bərpası bizim suveren hüququmuzdur...".
Politoloq Elşən Manafov deyib ki, cənab prezident həqiqətləri dilə gətirib: "Onun da dediyi kimi, 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun işğalçı üzərindəki qələbəsi Ermənistandakı kriminal rejimin çökməsində xüsusi rol oynayıb". Politoloq qeyd edib ki, Azərbaycan ordusunun aprel döyüşlərindəki qələbələri, erməni xalqının Ermənistan hakimiyyətinə və bu ölkənin təhlükəsizliyinə cavabdeh olan orduya inamının əhəmiyyətli dərəcədə sarsılmasına səbəb oldu: "Çünki təbliğat yolu ilə erməni ordusunun hədsiz dərəcədə güclü olması ilə bağlı "mif" yaradılmışdı. Aprel döyüşləri qısa zaman ərzində bu "mifi" dağıtdı. Erməni ordusu ilə bağlı Ermənistanın siyasi çevrələrinin və telekanallarının apardığı təbliğat sabun köpüyü kimi partladı. Digər yandan, Ermənistandakı hərbi-siyasi, iqtisadi böhranı şərtləndirən amillərdən biri də Azərbaycanın işğal siyasətinə görə, bu ölkəyə tətbiq etdiyi blokadadır. Ərazilərinin bir hissəsini işğal etdiyinə görə, Azərbaycan Ermənistanı məngənədə sıxmağa məcbur oldu. Buna adekvat olaraq, eyni addımı qardaş Türkiyə də atdı. Bu amillər Ermənistanda total iqtisadi böhranlara və xalqın sosial rifahının əhəmiyyətli səviyyədə aşağı düşməsinə gətirib çıxardı.
Erməni xalqının maddi durumunun pisləşməsi, ölkədəki işsizlər ordusunun sıralarının genişlənməsi, sosial münasibətlərdəki gərginlik, Ermənistan hakimiyyətinin korrupsiyaya məruz qalması, erməni ordusunun məğlubiyyətləri erməni cəmiyyətinin Serj Sərkisyan rejiminə olan inamını daha da sarsıtdı. Yeni qüvvələr də keçmiş Sərkisyan rejiminin xalq üçün yaratdığı bu problemlərdən məharətlə istifadə etdi".
Elşən Manafov vurğulayıb ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəedilməz dərəcədə zəifdir: "Cənab Prezidentin də qeyd etdiyi kimi, Ermənistandakı kriminal rejimin çökməsində Azərbaycanın uğurlu diplomatiyasının, Azərbaycan ordusunun hərbi qələbələri və işğalçılıq siyasətinə görə bu ölkəyə tətbiq edilən blokada və digər amillərin rolu oldu. Azərbaycan dövlətinin iradəsi sayəsində, Ermənistan regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb. Bir tərəfdən də, Azərbaycan ordusunun işğalçı qüvvələr üzərindəki qələbələri də göstərdi ki, zaman Azərbaycanın xeyrinə işləyəcək. Bir faktoru da, nəzərdən qaçırmamaq lazımdır ki, Azərbaycanın hərbi büdcəsi, Ermənistanın dövlət büdcəsindən çoxdur. Ermənistan uzun zaman bu müqavimətə dirənə bilməyəcək".
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, nə qədər güclü olsaq, o qədər sözümüz keçəcək: "Güclü ölkənin güclü iqtisadiyyatı, güclü ordusu olur. Bu baxımdan, cənab Prezidentin çıxışını diqqətlə izlədim. Çıxışı zamanı onun səsləndirdiyi fikirlərin hamısı əsaslandırılıb. Düşünürəm ki, qarşıya qoyulan hədəflərə demək olar, çatılıb. Son məqsəd də bəllidir, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır". O,əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyi barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: "Demək olar ki, bütün beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Hesab edirəm ki, Azərbaycanın bu haqq işinə bütün dövlətlər tərəfindən dəstək verilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan dövləti çox düzgün xarici siyasət yürüdür. Bu baxımdan, bütün sahələrdə olduğu kimi, Azərbaycan prezidentinin uğurlu xarici siyasəti də göz önündədir. Cənab Prezidentin də vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır və bunun əksi müzakirə predmeti ola bilməz. Azərbaycan prezidenti öz çıxışında Azərbaycan ictimaiyyətinin, xalqının ərazi bütövlüyümüzlə bağlı fikirlərini qətiyyətlə ifadə etdi. Buna görə də Azərbaycanın bütün istiqamətlərdə güclü olmasına yönəlmiş düşünülmüş və uğurlu siyasəti var".
Vüqar Rəhimzadənin sözlərinə görə, güclü Azərbaycan fonunda Ermənistan iqtisadiyyatı günü-gündən tənəzzül edir: "Vəziyyəti hər keçən gün daha da pisləşən işğalçı Ermənistan güclü Azərbaycanın qarşısında duruş gətirə bilməz. Ağırlaşan vəziyyətə etiraz olaraq, ermənilərin öz ölkələrini tərk etməsi haqda demək olar ki, hər gün yeni faktlar üzə çıxır. Hər il minlərlə insan Ermənistanı tərk edir. Bu, işğalçının ən acınacaqlı vəziyyətdə olduğunun göstəricisidir. Azərbaycan isə bölgədə həyata keçirdiyi beynəlxalq iqtisadi və enerji layihələri, öz potensialı hesabına gücünə güc qatır".
Deputat Bəxtiyar Əliyev deyib ki, Azərbaycanda məcburi köçkünlər daim cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olub. O bildirib ki, növbəti dəfə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni il ərəfəsində, dövlət başçısının doğum günündə məcburi köçkünlərlə görüşdü: "İlham Əliyev doğum gününü məcburi köçkünlərlə bir yerdə keçirdi və göstərdi ki, bu xoş günündə də məcburi köçkünlərlə bir yerdədir, onların problemlərinin həllinə diqqətlə yanaşır".
B.Əliyev vurğulayıb ki, ən müasir tələblərə cavab verən evlər tikilir və məcburi köçkünlərə verilir: "Bu, Prezident İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısının nəticəsidir. Mən ötən gün məcburi köçkün olan seçicilərimi qəbul etdim və qəbula gələn məcburi köçkünlər də cənab Prezidentin onlara göstərdiyi qayğıdan çox razı qaldıqlarını və hər an dövlət başçısının siyasətini dəstəklədiklərini və Prezident ətrafında sıx birləşdiklərini bildirdilər".
Millət vəkili qeyd edib ki, eyni zamanda dövlət başçısı məcburi köçkünlərlə görüşündə bunların müvəqqəti olduğunu, tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyini, əmin yerlərdə daha gözəl şəhərlər, kəndlər salınacağını və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarlını vurğuladı: "Cənab Prezidentin bu nikbin və əsaslı çıxışı onun daxili və xarici siyasətinə söykənir. Azərbaycan bütün sahələrdə çox böyük uğurlar qazanıb və 2018-ci il işğal edilmiş torpaqların azad edilməsi iştiqamətində çox böyük irəliləyiş kimi qeyd oluna bilər".
B.Əliyev onu da əlavə edib ki, dövlət başçısı tək məcburi köçkünlərin deyil, əhalinin aztəminatlı təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün kifayət qədər böyük işlər görüb və bu gün inkişaf etmiş, iqtisadiyyatı möhkəmlənmiş Azərbaycan dövləti bu potensiala malikdir: "Bütün bunlar isə cənab Prezidentin böyük zəhmətinin və həyata keçirdiyi islahatların nəticəsidir".

Əli