“Prezident İlham Əliyev türk dövlətlərinin və xalqlarının daha sıx inteqrasiyasında maraqlıdır” Siyasət

“Prezident İlham Əliyev türk dövlətlərinin və  xalqlarının daha sıx inteqrasiyasında maraqlıdır”

“Prezident İlham Əliyevin bütün çıxışları bir yol xəritəsi xarakteri daşıyır. Həqiqətən də çox önəmli və cəmiyyəti maraqlandıran məsələlərə yetərincə lakonik şəkildə aydınlıq gətirir, istiqamət verir və dövlətimizin, millətimizin bütünlükdə Türk dünyasının nələr edə biləcəyinin işartılarını göstərmiş olur. Türk Dövlətləri Təşkilatı təhlükəsizlik qurumlarının təmsilçiləri ilə görüş bu baxımdan istisna deyil, əlbəttə, orada da bu cür fikirlər səsləndirildi. Biz bir daha əmin olduq ki, Prezident İlham Əliyev türk dövlətlərinin və türk xalqlarının daha sıx inteqrasiyasında maraqlıdır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

A.Həsrət vurğulayıb ki, Prezident İlham Əliyev bu prosesin daha sürətlə aparılması, türk xalqlarının bir-birilə iç-içə olması üçün əlindən gələni edir: “Özəlliklə də milli mənəvi dəyərlərimiz, gənclər və ayrı-ayrı kateqoriyalardan olan insanlar arasında münasibətlərin intensivləşməsi, gediş-gəliş, normal münasibətlər sisteminin daha üst səviyyəyə daşınması baxımından Prezident İlham Əliyev istiqamətlər göstərmiş oldu. Əlbəttə ki, onun xüsusi olaraq “Türk cümhuriyyətləri bizim vətənimizdir” söyləməsi ayrıca qeyd edilməlidir. Prezident İlham Əliyevin ideoloji olaraq Türk dünyasının hər tərəfini özünün və özü ilə bərabər azərbaycanlıların vətəni sayması ayrıca müzakirə mövzusudur. Yəni Prezident Əliyev üçün təkcə başçılıq etdiyi Azərbaycan Respublikası deyil, dünyada mövcud olan müstəqil türk dövlətləri bununla bərabər bütövlükdə türk torpaqları vətən anlamı daşıyır. Düşünürəm ki, bizim gənclərimiz, yetişən nəsil özəlliklə bunun üzərində diqqətlə irəliləməlidir”.

Röya İsrafilova